“Qarabağ” üçün 9 variant: Çexiyadan 1/16 finala?

“Qarabağ” üçün 9 variant: Çexiyadan 1/16 finala?
19:42 4 Noyabr 2016
148 İdman
Ölkə mətbuatı
A- A+

Avropa Liqasının qrup mərhələsinin IV turu "Qəbələ"nin turnirdəki taleyinə aydınlıq gətiribsə, növbəti oyun günü "Qarabağ" üçün həlledici ola bilər.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, növbəti mərhələ şansını itirən Roman Qriqorçukun yetirmələrindən fərqli, Ağdam təmsilçisi 1/16 finala vəsiqəni təmin etməyə yaxındı.

Belə durum IV turun PAOK-la səfər matçından sonra yaranıb. 1:0 hesablı qələbədən sonra xal hesabını 7-yə çatdırıb, 2-ci pillədə möhkəmlənən Qurban Qurbanovun yetirmələri qrupdan çıxan ilk Azərbaycan klubu adına vaxtından əvvəl yiyələnə bilər.
 
"Qarabağ" V turda Çexiyanın "Slovan" klubunun qonağı olacaq. Noyabrın 24-də Liberetsdə keçiriləcək matçla paralel "Fiorentina" İtaliyada Yunanıstan PAOK-unu qəbul edəcək. Bu qarşılaşmaların nəticələrinin son turu formallığa çevirməsi mümkündü. "Fiorentina" və "Qarabağ"ın ilk iki yeri təmin etməsi onların PAOK və "Slovan" üçün əlçatmaz olacağı halda gerçəkləşəcək.
 
Noyabrın 24-də keçiriləcək turda J qrupu üçün 9 nəticə variantı mümkündü. Bunların "Qarabağ"a necə təsir edəcəyini nəzərdən keçirək.
 
Ağdam təmsilçisi Liberetsdə "Slovan"a qalib gəlsə, digər matçdakı hər üç variantda 1/16 finala yüksələcək. Çexiyadan növbəti mərhələyə aparan yol son turun "Fiorentina" ilə matçını təmsilçimiz üçün formallığa çevirəcək.
 
Çünki bu qələbə "Qarabağ"ı PAOK və "Slovan" üçün əlçatmaz edəcək. Düzdü, Yunanıstan klubu xal hesabında ağdamlılara çata bilər. Lakin şəxsi oyunlardakı üstünlük komandamızı 1/16 finala daşıyacaq.
 
"Qarabağ"ın səfərdəki heç-heçə ilə də ilkə imza atması mümkündü. Ağdamlılar Liberetsdə bərabərliyə imza atsa, PAOK-un İtaliyada xal itirməsi sayəsində mərhələ adlayacaq.
 
Əyalət klubunun heç-heçəsi ilə müşayiət olunan digər matçın üç nəticəsindən ikisi - meydan sahiblərinin 3 və ya 1 xal qazanması çempionumuzun lehinədi. Yalnız PAOK-un Florensiyadakı qələbəsi "Qarabağ"ın Çexiyadakı 1 xalı 1/16 fiinala vəsiqə kimi bayram etməsinə əngəl olacaq.
 
Bu variantda, həmçinin təmsilçimizin "Slovan"a uduzacağı halda, paralel matçdakı hər üç nəticədə son tur həlledici xarakter daşıyacaq. Bir sözlə, 9 mümkün variantdan 5-də "Qarabağ" vaxtından əvvəl avrokubokların 2017-ci ilə aid hissəsində çıxış edəcək, 4-də isə dekabrın 8-dəki son turu gözləməlidi.
 
Həmin 4 variantda son matçda nəyə ümid etməli olduğumuza da göz gəzdirək.
 
"Qarabağ" heç-heçə etsə, İtaliyada PAOK qalib gəlsə, son tur öncəsi florensiyalılar 10, ağdamlılar 8, salonikilər 7 xala malik olacaq. Bu halda, Qurbanovun yetirmələri "Fiorentina" ilə ev oyununda qalib gəlməlidi ki, Yunanıstandakı matçdan asılı vəziyyətə düşməsin. Bu, iki il əvvəl digər İtaliya klubu "İnter"lə Bakıdakı matç öncəsi durumu xatırladır. Onda meydana qələbə üçün çıxıb, bunu bacarmayaraq, "Dnepr"lə "Sent-Etyen"in matçındakı nəticəyə görə mübarizəni dayandırdığı durumu xatırladır.
 
Ağdamlılar Liberetsdə uduzsa, "Fiorentina" PAOK-a qalib gəlsə, son turda təmsilçimizi 1 xal da qane edir. Çünki 7 xala malik komandamız hərəyə 4 xalı olan PAOK-la "Slovan" üçün əlçatmaz olacaq. Hətta həmin matçda salonikililərin qələbəsi son tur yenilgisini də qənaətbəxş edəcək.
 
"Qarabağ" Çexiyadan xalsız dönsə, "Fiorentina" PAOK-la heç-heçə etsə, son tur öncəsi italiyalıların 11, Ağdam klubunu 7, Saloniki təmsilçisinin 5, liberetslilərin 2 xalı olacaq. Onda çempionumuza son turda 1 xal da kifayətdi ki, digər matçdan asılı vəziyyətə düşməsin. Bu 1 xal qazanılmasa, PAOK-un evdə qalib gəlməməsini arzulamaq qalacaq.
 
Qurbanovun yetirmələri səfərdə uduzsa, PAOK isə İtaliyadan zəfərlə dönsə, "Fiorentina" 10, "Qarabağ"la Yunanıstan klubu 7, "Slovan" 4 xalla son tura çıxacaq. Belə  vəziyyətdə digər oyundan asılı olmamaq üçün ağdamlılar qalib gəlməlidi. Əks halda isə Salonikidəki qarşılaşmadan xəbər gözləyəcək.
 
Qeyd edək ki, 4 turdan sonra "Fiorentina" 10, "Qarabağ" 7, PAOK 4, "Slovan" 1 xala malikdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/486262.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR