Dadın badına gedənlər

Dadın badına gedənlər
19:44 4 Noyabr 2016
66 Digər
Ölkə mətbuatı
A- A+

Bu ilin 9 ayında 523 qida zəhərlənməsi hadisəsi baş verib, 770 nəfər qidadan zəhərlənib. Hesabat dövründə 30-dan yuxarı botulizm hadisəsi qeydə alınıb və 39 nəfər zəhərlənib. Botulizm nəticəsində bir nəfər dünyasını dəyişib.

 

Bu fikirləri APA TV-nin “Sosium” proqramının qonağı, “Sosium” proqramının qonağı, Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev deyib. Onun sözlərinə görə, qidadan zəhərlənmə özünü iki formada özünü büruzə verir: “Bunlar qida toksiki infeksiyaları və qida intoksiyasiyaları. Yəni, qidadan kimyəvi yolla zəhərlənmə baş verə bilər. Belə ki, qidanın tərkibində kimyəvi birləşmələr olduğu halda qidadan zəhərlənmə baş verə bilər. Göbələk zəhərlənmələri isə istisna təşkil edir. Çünki, göbələyin bəziləri zəhərli olur. Səhvən zəhərli göbələklər yığılır və bu qidadan istifadə etdikdə zəhərlənmə baş verir”.

 

Şöbə müdiri vurğulayıb ki, qida zəhərlənmələri əsasən ərzaq məhsullarının gigiyenik qaydalara uyğun saxlanılmaması və tərkibinə mikrob daxil olması nəticəsində baş verir. O əlavə edib ki, köhnə qidalardan istifadə, meyvə-tərəvəzlərin yaxşı təmizlənməməsi də zəhərlənməyə şərait yaradır. İ.Abdullayevin sözlərinə görə, bakterioloji çirklənmələr nəticəsində qidadan zəhərlənmə hallarının sayı daha çoxdur: “Bunlar toksiki infeksiya və intoksikasiya kimi özünü göstərir. Toksiki infeksiya dedikdə, adi qidalar, məişətdə gündəlik istifadə etdiyimiz qidalar, yəni ət, süd, balıq məhsullarından zəhərlənmə başa düşülür. Bu məhsulların tərkibində olan mikroorqanizmlər qida vasitəsi ilə orqanizmə daxil olur. Səhiyyə orqanları tərəfindən mikroorqanizmlərin insan həyatı üçün təhlükə törətməyən miqdarı müəyyən olunub. Yəni, hər bir qidada mikrob müəyyən olunmuş miqdardan artıq olmamalıdır. Qidada müəyyən olunmuş miqdardan artıq mikroorqanizmlərin olması orqanizm üçün təhlükələrə gətirib çıxarır. Amma bu miqdardan dəfələrlə çox olarsa, onda zəhərlənməyə gətirib çıxarır. Məsələn, ətdən hazırlanmış yemək düzgün saxlanılmalıdır. Əgər yemək termiki emaldan çıxıbsa, bu termiki vəziyyətdə, yəni 65 dərəcənin üstündə saxlanılmalı və masaya bu halda verilməlidir. Və yaxud soyuq qəlyanaltıdırsa, bu məhsullar 5-6 dərəcənin altında olmalıdır. Yəni, 0 dərəcə ilə 5 dərəcə arasında olmalıdır. Bu, nə üçün olmalıdır? Ona görə ki, bu temperaturlarda mikroblar hərəkət edə bilmir. Çünki, aşağı temperaturda çox zaman mikroblar fəaliyyətini dayandırmış olur, yuxarı temperaturda isə məhv olur. Qidaları bu temperaturlarda saxlamaq lazımdır. Amma saxlamanın müddəti ilə temperatur rejimi arasında da bir asılılıq var. Biz tez xarab olunan məhsullar sırasına daxil olan ət, süd kimi məhsulları 5 dərəcə temperaturda 2-3 gün saxlamaq olar. Biz bunu 1 həftə 10 gün saxlasaq, orda yenə də mikroblar əmələ gələcək. Bu zaman az olan mikroblar aşağı templə artacaq ki, insanın həyatına təhlükə yaranmış olacaq. Temperatur yüksək olanda və rütubət çox olan vaxtda, xüsusilə yay aylarında mikroblar sürətlə artır. Bu halda qidalardan zəhərlənmə halları artır”.

 

İ. Abdullayev qeyd edib ki, intoksikasiya halında qidadakı mikroorqanizmlərin öz toksinlərini qidaya buraxdığından mikrob olmasa belə zəhərlənmə baş verir: “Bura botulizm çöpləri və stafilokoklar daxildir”.

 

Şöbə müdiri botulizm hadisəsinin hermetik qablarda konservləşdirilmiş məhsulların istifadəsi zamanı baş verdiyini vurğulayıb: “Bu mikroblar ilk andan, bankanın ağzı bağlanandan kimi fəaliyyətə başlayır və öz toksinlərini qidaya ötürür. Bu toksinlər qidanın görünüşünü, iy, qoxu və dadını dəyişmir. Ona görə də qidadan zəhərlənmə baş verir. 65 dərəcədə qızdırıldıqda toksinlər parçalanır və təhlükəsiz hala gəlir. Amma turşu qızdırılmır, hər kəs turşunu sərin halda qəbul etmək istəyir. Qidadan istifadə miqdarı da önəmlidir. Az miqdarda çirklənmiş qidadan nə qədər çox yesək, orqanizm qida ilə bərabər zəhərli maddə qəbul edir.  Və yaxud daha çox çirklənən qidadan az miqdarda qəbul edilsə belə zəhərlənmə baş verir ”.

 

Ev şəraitində konservləşdirilən məhsullardan istifadə edən insanları daha diqqətli olmağa çağıran İ. Abdullayev bildirib ki, belə məhsullar çox təhlükəli və ölümlə nəticələnmə riski yüksək olan hallara gətirib çıxarır. Onun sözlərinə görə, zəhərlənmə hadisələri daha çox ev şəraitində qeyri-düzgün texnologiya ilə konservləşdirilən məhsulların - turşuların qəbulu nəticəsində baş verir: “Turşulardan zəhərlənmələrin baş verməməsi üçün həmin məhsullar konservləşdirilərkən çox diqqətlə, təmiz yuyulmalıdır. Bəziləri evdə turşu qoyarkən məhsulları bir ləyənə tökür və yaxalayırlar. Ev şəraitində çoxları tutmanı necə hazırlamağı, nəyi necə etməyi bilmirlər. Elə bilirlər ki, tutma bağlamaq çox asandır. Əslində tutma hazırlayarkən diqqət edilməli çox məqam var. Tərəvəz də, tutmanın bağlanacağı qab da təmiz su ilə yaxşı-yaxşı yuyulmalıdır. Qabda torpaq qırıntıları, toz hissəcikləri qalmamalıdır. Bankaya tərəvəzlə birgə daxil olan istənilən element sonradan reaksiyaya girərək toksik maddəyə çevrilir. Konservləşdirmə zamanı bankanın və tərəvəzin təmiz yuyulmadığında botulizm mikrobu inkişaf edir və qidalanma zamanı zəhərlənmə gedir. Ancaq məhsulu yaxalamaqla kifayətlənmək çox təhlükəlidir. Çünki məhsul yaxalandıqda zərərli mikroorqanizmlər məhsulun sağlam hissələrinə də yayıla bilər. Ona görə də konservləşdirilən məhsul mütləq təmiz yuyulmalı, sonra isə uzun müddət su şırnağı altında saxlanılmalıdır”.

 

İstehsalat şəraitində hazırlanmış məhsulları almağı tövsiyə edən İmran Abdullayev bildirib ki, belə məhsullar evdən fərqli qaydada - xüsusi aqreqatlarda yuyulur və uzun müddət yüksəktəzyiqli suyun altında qarışdırılır: “Konservləşdiriləcək məhsullar təmiz yuyulduğundan sənaye üsulu ilə hazırlanan turşulardan zəhərlənmə halları qeydə alınmır”.

 

Ekspertin sözlərinə görə, adi insanlar tutmanın zəhərlənməyə səbəb olub-olmayacağını ayırd edə bilərlər: “Bunun üçün öncə turşu qoyulan qabın qapağına fikir vermək lazımdır. Əgər qapaq şişibsə, həmin qabdakı turşunu qəti surətdə yemək olmaz. Turşunun suyundan onun zəhərlənmə verə biləcəyini aydınlaşdırmaq mümkündür. Əgər pomidor, yaxud başqa bir tərəvəzin turşusunun suyu bulanıqdırsa və ağ çöküntü verirsə, demək zəhərlənmə verəcək”. 

 

İ.Abdullayev qeyd edib ki, hər bir istehlakçı  konservləşdirilmiş məhsul alarkən məhsulun istehsal və son istifadə tarixlərinə diqqət yetirməli, bankaların təmiz olmasına, qapağında şişmə, taralarında əzilmə və ya çökmənin olmadığına, bankaların çat və köpüksüz olmasına diqqət etməlidir. Onun sözlərinə görə, qabının metal səthi aşınmış, cızılmış konserv məhsulları qətiyyən istifadə edilməməlidir.

 

Qeyd edək ki, qidadan zəhərlənmələr bir neçə saat sonra başlayıb, 10 günədək davam edə bilir. İshal, ürəkbulanması, qusma, sancılar, qızdırma zəhərlənmənin əsas əlamətləridir. Şöbə müdiri bildirib ki, zəhərlənmiş şəxsi mütləq həkimə çatdırmaq lazımdır. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258597

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR