Quranda gələn ən böyük şəhadət

Quranda gələn ən böyük şəhadət
08:27 5 Noyabr 2016
109 Ölkə
Ölkə mətbuatı
A- A+

"Allah (əzəldən Öz elmi ilə, dünyanı yaratdıqdan sonra Öz yaradılış qüdrəti ilə və daha sonra peyğəmbərlərin, ağılın və səmavi kitabların dili ilə) ədalətə əsaslanaraq (və işlərini ədalət üzərində möhkəmləndirərək) Ondan başqa bir məbudun olmamasına şəhadət verdi. Həmçinin mələklər və elm sahibləri (də şəhadət verdilər). (Bəli) Ondan başqa bir məbud yoxdur. Yenilməz qüdrət və (xilqət və şəriətdə) möhkəm yaradılış sahibidir". ("Ali-İmran" 18).

Bu ayənin nazil olması haqqında nəql edirlər ki, Həzrət Peyğəmbər (s) Mədinəyə gələndən sonra Şamın iki xristian ruhanisi Mədinəyə gəlir. Onlar bir-birinə deyirlər ki, bu şəhər nə qədər axıril-zamanın xəbərini gətirən insanın zühur etdiyi şəhərə bənzəyir. Həzrət Peyğəmbərin (s) yanına gedirlər və soruşurlar: "Sən Muhəmmədsən (s)?". Buyurur: "Bəli". "Ləqəbin Əhməddir (s)?". Buyurur: "Bəli". Deyirlər: "Səndən bir şey soruşacağıq, əgər düzgün cavab versən, səni təsdiq edəcəyik və sənə iman gətirəcəyik".
Həzrət (s) buyurur: "Soruşun". Deyirlər: "Allahın kitabında gələn ən böyük şəhadət hansıdır?". Elə bu zaman yuxarıdakı ayə nazil olur. Bu iki xristian İslam dinini qəbul edib müsəlman olurlar.
Bu ayəyə qısa nəzər salaq. Bu ayədə ən mühüm mövzu Allahın öz təkliyinə şəhadət verməsidir. Bu şəhadətdəki məqsəd əməli bir şəhadətdir, sözlə deyilən deyil. Yəni, Allah varlıq aləmini yaradaraq, əməli şəkildə göstərdi ki, Yaradanla yaranan hər ikisi eyni şeydir. Bütün hər şey bir Mənbədən qaynaqlanır.
Allah bu zaman yeganə zatına şəhadət verir. Ancaq mələklərin və alimlərin şəhadəti daha çox sözlə deyilən şəhadətdir. Onların hər biri öz dilləri ilə bu həqiqəti etiraf edirlər. Əlbəttə, onların şəhadətinin əməli tərəfi də vardır. Çünki onlar ancaq Allaha sitayiş və pərəstiş edirlər və Ondan başqa heç bir Məbudun qarşısında təzim etmirlər.
Hər bir alimin Allahın təkliyinə şəhadət verməsi onu göstərir ki, Allahın tək olmasını dərk edirlər. Bu məsələdə yəqinlikləri vardır və bu mövzu onların hisslərinə və ağıllarına nüfuz etmişdir. Həmçinin "Ondan başqa bir məbudun olmaması" kəlməsi də Allahın təkliyini bir daha vurğulayır.
Beləliklə deyə bilərik ki, Quranda gələn ən böyük şəhadət - Allahın təkliyinə verilən şəhadətdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/486012.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR