Toplumun islahatı fərdin islahından keçir

Toplumun islahatı fərdin islahından keçir
19:22 5 Noyabr 2016
81 Ölkə
Ölkə mətbuatı
A- A+

Bismilləhir-Rahmənir-Rahim!

Əməl və hərəkət baxımından insanın yönəldicisi, onun hərəkətlərinin istiqamətini və necəliyini müəyyənləşdirən amil - onun dünyagörüşüdür. Və yanlış dünyagörüşü insanın əxlaqında, əməlində müvafiq iz buraxır, hətta bunların mahiyyətini müəyyən edir

İnsan digərlərinə zülm etmək kimi bir zəlillikdən öz ruhiyyəsini qoruya bilsə, ruhi-mənəvi dəyişikliklərə təkan vermiş olar ki, nəticəsi mütləq xeyir aqibətlə sonuclanar. Və bu, bir fərd olaraq, onun islaholunmuş duruma yetişməsinə gətirdiyi kimi, eləcə də, bütövlükdə toplumun islahına səbəb olar.

Bütün zamanlarda insanı ən çox düşündürən "nə etməli?", "necə etməli?", "vücudi baxımdan uduzmamaq üçün nə etmək lazımdır?" kimi suallar olmuşdur. Düşünən insan anlayır ki, əbədi yolun yolçusudur və bu yola müəyyən azuqə ilə çıxmaq lazımdır. Uca Allaha dua edirik ki, bizləri bu yola əliboş çıxmayanlardan qərar versin!

Ey insan, özünün təbibi ol!

İmam Cəfər Sadiqdən (ə) aşağıdakı mövzuda hədis nəql edirlər: "Həqiqətən, səni özünün həkimi, təbibi qərar vermişlər. Sənin ağrını sənin üçün bəyan etmişlər, sağlamlığın əlamətlərini sənə tanıtdırmışlar. Və dərmanına yönəldib, bələdçilik etmişlər. Nəticədə düşün, gör ki, öz durumunun islahına necə qalxırsan".

Mübarək dinimiz insanı düşündürən sualların cavabında bildirir ki, daxili islahat aparmaq üçün, əbədi həyata azuqə toplamaq üçün insan ilk növbədə özünə diqqət yetirməlidir. Zira, insanı onun özündən çox kiminsə tanıması müşkül məsələdir. Deməli, insan özünü araşdırmalı, özü barədə məlumat toplamalı, yeri gələndə, məlumatı təsnifləndirməli, təhlil etməli və nəticədə islahatla bağlı qərarlaşmalıdır. Əlbəttə, kənardan kimsə insana müəyyən qiymətli məsləhətlər verə bilər, amma bu məsləhətlər səlis məlumata əsaslanmalıdır və məlumatın da mənbəyi həmin insanın özüdür. İnsan əslində öz vəziyyətinin həkimidir.

"Ağrını bəyan etmişlər" müddəasına gəldikdə, burada söhbət insanın daxili mərəzlərinin təbiətindən gedir. Dinimiz bildirir ki, insanın daxili xəstəliklərinin mənbəyi onun yanlış və səhv dünyagörüşündən irəli gəlir. Yəni, insanın mənəvi xəstəliklərinin bünövrəsində onun batil dünyagörüşü durur. Çünki, əməl və hərəkət baxımından insanın yönəldicisi, onun hərəkətlərinin istiqamətini və necəliyini müəyyənləşdirən amil - onun dünyagörüşüdür. Və yanlış dünyagörüşü insanın əxlaqında, əməlində müvafiq iz buraxır, hətta bunların mahiyyətini müəyyən edir.

Hədisdə göstərilən "sağlamlığın əlamətlərini sənə tanıtdırmışlar" ifadəsi isə insanın gözəl əxlaqi xüsusiyyətə malik olmasına işarədir. İnsanın imana gəlməsi, yüksək əxlaq, mənəviyyat nümayiş etdirməsi - onun sağlam daxili duruma malik olmasının əlamətləridir. Yəni, əgər insan bilmək istəyirsə daxili durumu sağlamdır, ya yox - əməllərinə diqqət yetirməlidir. Əgər insanın durumu ixlaslı, insanlara münasibəti xeyirxah, mehriban, səmimidirsə, daxili mərəzləri onu keyfiyyətsiz əməllərə sövq etmirsə - bu, daxili salamatlığa dəlalət edən amildir.

"Dərmanına yönəltmişlər" məsələsi isə insanın daxili xəstəliklərdən qurtulması üçün yardımçı olan vasitələri bəyan edir. Buraya tövbə, istiğfar, Allahdan səmimi qəlblə bağışlanmaq diləmək, yalnız Allaha tapınmaq, Məsumlara (ə) təvəssül etmək kimi mübarək vasitələr aiddir. İnsanın Allah dərgahında bağışlanma diləməsi və təqvaya riayət etməsi - müalicəsinin əsasıdır.

Hədisin sonunda göstərilən "nəticədə düşün, gör ki, necə öz durumunun islahına qalxırsan" ifadəsi tövsiyələri bir növ yekunlaşdırır. Ey insan! Özünün təbibi, islahedicisisən, günah əməllər sənin xəstə olmağını təzahür edir, xəstəliyin səbəbi olaraq yanlış dünyagörüşü sənə göstərilib, sağlam olmağın nişanələri yüksək keyfiyyət, mənəvi dəyərlər və bu dəyrlərin daşıyıcısı - Həzrət Peyğəmbər (s) və Əhli-Beyti (ə) sənə nümunə olaraq göstərilib, imanın yolu - tövbə, istiğfar, bəndəçilik kimi dərmanlar sənə təqdim edilib, indi düşün, bax gör islahın üçün nə etməlisən və necə etməlisən - artıq sənin üçün aydınlıq və müəyyənlik var. Bəs gecikmə, yubanma, özünü müalicə et!

İnsanlara zülm etmədən yaşamaq

İnsanların haqlarına riayət etməklə bağlı dinimizin çox ciddi tələbləri var. İmam Muhəmməd Baqir (ə) atası İmam Zeynəlabidindən (ə) nəql edir ki, Allahın Elçisi (s) Həzrət Əliyə (ə) xitabən bildirib: "Ya Əli! Ən üstün cihad budur ki, insan bir kəsə zülm etmək niyyəti olmayan bir halda sübh edə".

Öncə nəql etdiyimiz mətləblər insanın islah olunmasına aid idi. Burada islahın gerçək təzahürləri bəyan edilir: insan bir kəsə zülm etmək niyyəti güdməsin, qəlbində kiminsə haqqını basmaq məqsədi daşımasın. Mahiyyət etibarilə söhbət ondan gedir ki, insan bütün çalarlarda, bütün müstəvilərdə xeyir mənbəyi olsun. Buradan aydınlıq hasil olur ki, insan istər fərd olaraq, istər ailədə, istər ictimai həyatında zülm etməməyi niyyət etsə, bu, onun durumunun salamatlığına bilavasitə dəlalət edər.

Əziz dinimiz bizə nə öyrədir? İnsanlara zülm etmək sıradan bir əməl deyil. Zülm etməyin mənbəyində deformasiyaya uğramış dünyagörüşü durur, Allah Təaladan çəkinməmək, Onun bəndələrini incitmək zəlaləti durur! Demək insan bu zəlillikdən öz ruhiyyəsini qoruya bilsə, insanlara zülm etmək halətindən qəlbini təmizləyə bilsə - böyük vücudi nailiyyətlər əldə edər, ən azı, ruhi-mənəvi dəyişikliklərə təkan vermiş olar ki, nəticəsi mütləq xeyir aqibətlə sonuclanar.

Məsələyə bir qədər kompleks yanaşdıqda, hədisdə göstərilən məqamların böyük əhəmiyyət kəsb etməyinin fərqinə vararıq. Belə ki, əgər hər bir şəxs digər insanlara zülm etməmək qərarında olsa, bu, bir fərd olaraq, onun islaholunmuş duruma yetişməsinə gətirər, eləcə də, bütövlükdə toplumun islahına səbəb olar. Bir toplumu təsəvvür edək ki, burada fərdlər qarşılıqlı mehribançılıq, bir-birinin haqlarına hörmətlə yanaşma durumundadırlar. Burada münasibətlər necə də harmonik surətdə inkişaf edər və toplum bütövlükdə islahedici, tərbiyəedici missiyanı yerinə yetirən bir müəssisəyə çevrilər!

Öz durumunu daim nəzarətdə saxlamalı

İnsanın öz durumunu nəzarətdə saxlaması, həvayi-nəfsin yönəltdiyi istiqamətlərə getməyə qarşı müqavimət etmək imkanını əldə etməsi dinimiz tərəfindən çox əhəmiyyətli bilinir. İmam Cəfər Sadiqdən (ə) nəql edirlər: "Bir kəs rəğbət durumunda, qorxu durumunda, meyil durumunda, qəzəb və razılıq durumunda öz varlığına, mövcudiyyətinə sahib çıxsa, Allah Təala onun bədənini cəhənnəm atəşinə haram edər".

İnsanın zəlaləti nədən baş verir? O zaman ki, insanın hərəkətləri əqldən deyil, həvayi-nəfsdən mənbələnər - bu insanın zillətə düşməsi labüddür. Mübarək hədisdən görürük ki, insanın ən müxtəlif ruhi vəziyyətləri təsvir edilib və hər bir vəziyyətdə insanın özünə nəzarət etməsinin vacibliyi təsdiqlənir. Müxtəlif vəziyyətlərin insanda müəyyən təsir buraxması təbiidir. Şərt odur ki, insan bunları idarə edə bilsin, qeyri-əqli halətlərin onun əməllərində təzahür tapmasına imkan verməsin.

Mahiyyət etibarilə, insanın özünə nəzarət etməsi nə deməkdir? Hər bir vəziyyətdə nəfsani istəklərin deyil, əqlin dominantı, əqlin üstünlük təşkil etməsi deməkdir. İstər rəğbətli durumda, istər qorxu, istər qəzəb və s. - hər bir durumda əqlin rəhbərliyi ilə hərəkət etməlidir insan. Əqlsə nə deyir? Əql deyir ki, əsas şərt - İlahi rizayətdir, Allahın razılığıdır. İnsan İlahi razılığı düşünsə, diqqət eləyər ki, istənilən vəziyyətdə günah etməsin, nöqsana yol verməsin, heç kəsin haqqını pozmasın - bu halda nicat tapmışlardan olar. Dinimiz bu məqamı o dərəcədə önəmli hesab edir ki, "Allah Təala cəhənnəm oduna bu insanın bədəninə yaxınlaşmağı belə qadağan edər" kimi müjdə verir.

Qəlbini təfəkkür ilə oyat!

Əlbəttə ki, insanın daxili islahatı baxımından, daxili yüksəlişə nail olmaq baxımından Həzrət Əli (ə) ən gözəl nümunə kəsb edir. Böyük İslam Peyğəmbərinin (s) ən mübarək davamçısı olan Həzrət Əli (ə), bütün ömrü ilə ixlaslı bəndəçiliyin ən parlaq təzahürünü nümayiş etdirmişdir. Əmirəlmöminin (ə) bəşəriyyətə etdiyi tövsiyələrdin birində qəlbi yüksəlişin kökünün, mənbəyinin düşüncədə olduğunu bildirir: "Qəlbini təfəkkür ilə oyat".

Dinimiz bəyan edir ki, gerçəkliyi anmağa, qəlbi ayıqlığa insan məhz təfəkkürlə, düşüncə ilə yetişə bilər. Əgər insan düşünsə, öz xəstəliklərini, mərəzlərini anlayar, bu xəstəliklərdən qurtulmaq yollarını müəyyən edər. Düşünməyən insan özünü təhlil etməkdən məhrumdur, öz daxilini təftiş edə bilmir, islah barədə düşünə, qurtuluş yollarını araya bilmir.

İmam Cəfər Sadiqdən (ə) bu mövzuda nəql edilən hədisdə bildirilir: "Təfəkkür və düşünmək insanı yaxşılıqlara doğru və onlara əməl etməyə tərəf aparıb çıxarar".

Mübarək hədisdə təfəkkürün nəticəsi iki müstəvidə nəzərdən keçirilir: əvvəla, təfəkkür edən insan əqlin göstərdiyi ünvan ilə hərəkət edər, fəzilətlərin, təqvalı durumun üstünlükləri barədə mülahizələr edər və bu düşüncələr onda yəqinlik həddinə yetişər. Bu keyfiyyətlərin üstünlüyü barədə düşüncələrin nəticəsi olaraq, insan əməllərində təftiş aparar, islahatlar edər və təqva keyfiyyətlərinin əməldə təzahür etməsinə nail olar. Uca Allah cəmi insanları təfəkkür edənlərdən və bu təfəkkürün əməllərində təzahür edənlərdən qərar versin, inşəallah!

Allahı düşünən pislikdən çəkinər

İnsanın islah olunmasına yardım edən ən güclü vasitələrdən biri - Allah Təalanın onun durumu barədə agahlığını unutmamaq, bunu daima xatırlamaqdır. İmam Cəfər Sadiqdən (ə) nəql edilən mübarək hədisdə bildirilir: "Bir kəs bilə ki, Allah Təala onu görür və dediyi şeyləri eşidir, yerinə yetirdiyi yaxşı və pis işləri bilir - bu diqqət, bunun fərqinə varma onu pislikdən çəkindirər. (Belə insan) bir kəs olar ki, Rəbbinin məqamından çəkinər və həvayi-nəfsinə uymaz".

Mübarək hədisdə vurğulanır ki, düşünən insan hər nə etdiyinin, dediyinin Uca Allah tərəfindən bilindiyinin fərqinə varmalıdır və əgər bunu anlasa, mütləq pisliklərdən çəkinər. Yenə də düşünmə ilə islahın bilavasitə əlaqəsinə işarə edilir. Nəticə etibarilə, insan hər nə baş verdiyinin Allah dərgahında məlum olmasını anlayır, bu halət də onu təqvalı duruma gətirib çıxarır. Uca Rəbbindən həya edən bu insan pisliklər, naqisliklər törətməkdən uzaq olar və fəzilətlərə, yüksək əxlaqa meyilli olar.

Mövzunun davamında İmam Cəfər Sadiqin (ə) səhabələrindən birinə etdiyi tövsiyələrə nəzər yetirək: "Sənə bütün işlərində İlahi təqvaya riayət etməyi, günahdan çəkinməyi, ibadətdə və insanlara xidmətdə ciddi-cəhdlə çalışmanı tövsiyə edirəm. Bil, o çalışma ki, orada günahdan çəkinmə yoxdur - faydasızdır".

Mübarək hədisdə kəmiyyətə deyil, keyfiyyətə üstünlük verməyin mühümlüyü vurğulanır - insanın bütün çalışmaları yalnız o zaman müsbət nəticələnə bilər ki, bunların binasında günahdan çəkinmə, İlahi təqvaya riayət etmə vardır.

Həzrət Rəsulullahdan (s) Həzrət Əliyə (ə) xitabən nəql edilən aşağıdakı hədisdə insanı düşündürən "nə etməli?" sualına birbaşa cavablar vardır: "Ya, Əli! 3 şey var ki, Allah Təalanın görüşünə onlara riayət etmiş halda gedən, insanların ən yaxşısıdır: (birincisi) o kəs ki, ona vacib olan əməli Allahın dərgahında təqdim edə - ən üstün bəndədir. (İkincisi) o kəs ki, bütün haramlardan çəkinə - bəndələrin ən təqvalısıdır. (Üçüncüsü) o kəs ki, verilən ruzilərə qənaət edə - bəndələrin ən ehtiyacsızıdır. Ya Əli! 3 şey var ki, hər kəsdə olmaya, əməli tamam deyil - o qüdrət ki, insanı günahlardan çəkindirər, o əxlaq ki, (onun sayəsində) insanlarla ünsiyyət yaradıla bilinsin, bir hövsələ və helm ki, cahilin cəhalətini özünə qaytara bilsin"."

Mübarək hədisdən bəlli olur ki, Allahın vacib buyrduğuna əməl edən, bunlara diqqətlə yanaşan, Allahın haram buyurduğundan çəkinən, Allahın verdiyi ruzini israf etməyən bəndə, eyni zamanda, bu günah etməkdən qorunmaq üçün qüdrət, insanlarla gözəl ünsiyyət qurmaq üçün müvafiq keyfiyyətlər, cahil insanın cəhalətinə səbir edib, onun şərinə uymamaq kimi mühüm cəhətlərin daşıyıcısı - nicat tapmış insandır. Uca Allahdan duamız budur ki, bu keyfiyyətlərə sahib çıxmağı bizlərə və bütün insanlara qismət etsin!

Səfər ayının əlamətdar tarixləri

Yeni başlanan səfər ayı hicri-qəməri (ay) təqvimi ilə ilin ilk ayı olan məhərrəmdən sonra gələn ikinci aydır. Bu ayda çox sayda hadisələr baş vermişdir ki, onların bir neçəsinə işarə edək.

Səfər ayının 1-i: İmam Hüseynin (ə) əhli-beytinin (ə) əsir kimi Şama daxil olması.

Səfər ayının 1-i: Siffeyn döyüşünün başlanması.

Səfər ayının 2-si: Yezid lənətliyin mənfur məclisinin qurulması (haraya ki, İmam Hüseynin (ə) mübarək başını gətirirlər).

Səfər ayının 3-ü: İmam Muhəmməd Baqirin (ə) dünyaya gəldiyi gün.

Səfər ayının 5-i: Həzrət Rüqəyyənin (s.ə) şəhadəti.

Səfər ayının 7-si: İmam Musa Kazımın (ə) mövlud günü.

Səfər ayının 7-si: İmam Həsən Müctəbanın (ə) şəhadət günü.

Səfər ayının 8-i: Peyğəmbərimizin (s) məşhur səhabəsi Salmanın vəfatı.

Səfər ayının 9-u: Əmmar Yasirin Siffeyndə şəhid olması.

Səfər ayının 9-u: Nəhrivanda müharibənin başlanması.

Səfər ayının 14-ü: Əbu Bəkrin oğlu Muhəmmədin Misirdə Əmr As (lən) tərəfindən vəhşicəsinə şəhid edilməsi.

Səfər ayının 17-si: Üveys Qərəninin Siffeyn döyüşündə şəhadəti.

Səfər ayının 20-si: İmam Hüseynin (ə) "Ərbəin" günü.

Səfər ayının 24-ü: Həzrət Rəsullahın (s) xəstəliyinin şiddətlənməsi.

Səfər ayının 25-i: Peyğəmbərin (s) vəsiyyət yazmaq üçün kağız-mürəkkəb istəməsi və bəzi səhabələrin buna etiraz etməsi.

Səfər ayının 26-sı: Peyğəmbərin (s) Üsamənin ordusuna rumlular ilə döyüşə getmək üçün göstəriş verməsi.

Səfər ayının 28-i: Peyğəmbəri-Əkrəmin (s) ürəklər yandıran vəfat günü.

Səfər ayının axırı: İmam Rzanın (ə) şəhadəti.

Allahım, bizləri daxili durumlarını inkişaf etdirənlərdən, yüksək əxlaq və fəzilətlərə malik olanlardan, Həzrət Rəsulullahın (s) və Əhli-Beytin (ə) yolunu davam etdirənlərdən qərar ver!

Allahım, işğal altında olan torpaqların azad olunmasını, xəstələrin şəfa tapmasını, Həzrət Mehdinin (ə.f) tezliklə zühur etməsini nəsib et! Amin!

Hacı İlqar İbrahimoğlu,

ilahiyyatçı-filosof

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/486330.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR