"Mənim nə haqqım var ki, sarğını ondan alım?" - Elxan Abdullayev

"Mənim nə haqqım var ki, sarğını ondan alım?" -  Elxan Abdullayev
19:37 5 Noyabr 2016
81 İdman
Ölkə mətbuatı
A- A+

“Oyun çox gərgin keçdi. Komandamın çıxışından razı qaldım. Bu gün bizə 3 xal hava-su kimi lazım idi”. Fanat.Az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Elxan Abdullayev deyib.

 

Ölkə çempionatının XI turu çərçivəsində “İnter”i qəbul edən “Neftçi” 2:1 hesablı qələbə qazanıb. Matçdan sonra keçirilən mətbuat konfransında Abdullayev bunları deyib: “Uşaqları təbrik edirəm. Bu gün yerli oyunçulara üstünlük vermişdik. Onlar da özlərini doğrultdular”.

 

- Komandaya yeni gətiriləcək futbolçuların siyahısında Adrian Pit də varmı? Onu bu gün tribunada gördük...

- Xeyr, Pit bizim maraq dairəmizdə deyil.

 

- Bu oyuna 4 müdafiəçi ilə çıxdınız. Belə demək olar ki, “İnter”in hücum xəttini zəif sayırsız?

- Mən 4-1-4-1 taktiki sxemdə başladıq. Amma bir dayaq yarımmüdafiəçisi ilə oynamaq çətindi. “Qarabağ”a qarşı bu cür oynaya bilməzdik. “İnter” də güclü rəqibdi. Bütün taktiki sxemləri nəzərdən keçiririk.

 

- “Neftçi” azarkeşləri Rəhman Hacıyev və Araz Abdullayevə qarşı təzyiq göstərirdilər, Mahir Şükürova isə dəstək olurdular. Kapitan sarğısını Mahirə verməyi düşünmürsüz?

- Mən komandaya gələndə kapitan Araz idi. Onu komanda seçib. Mənim nə haqqım var ki, sarğını ondan alım? Kapitan odusa, deməli, komanda ona inanır.

 

- Elşən Abdullayev zədəsini nə vaxt sağaldıb, sıraya dönəcək?

- Almaniyada əməliyyat keçirmişdi, burda bərpa olunurdu. Bir ara komanda ilə məşqə başlamışdı, amma ağrı hiss etdiyindən, sıraya dönə bilmədi. Nə vaxt qayıdacağı dəqiq bilinmir. Yəqin ki, Elşəni qışa kimi görməyəcəyik.

 

- “Neftçi”nin özünə gəldiyini demək olarmı?

- İnam gəlib. Bu, futbolda çox önəmlidi. Biz düz istiqamət seçmişik, necə olacağını isə heç kim əvvəldən deyə bilməz.

 

- Bu yaxınlarda komandadan bir neçə legioner əvəzedici heyətə göndərildi. Məhz bundan sonra “Neftçi” qalib gəldi. Bu qərarı daha əvvəl qəbul etmədiyiniz üçün peşman deyilsiz ki?

- Mən onlara şans verməsəydim, özümü qınayardım. Obyektiv olmaq lazımdı. Mən komandaya təzə gəlmişəm. Legioneri ilk gündən əvəzedici heyətə göndərmək düz çıxmazdı. “Neftçi”də elə futbolçu yoxdu ki, ona şans verməyim. (apasport.az)




Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotmnim-n-haqqm-var-ki-sarn-ondan-almquot-t53937.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR