O dönüş kimə var, kimə yox

O dönüş kimə var, kimə yox
19:17 6 Noyabr 2016
101 Ölkə
Ölkə mətbuatı
A- A+

Hər il payız gəlib yağışlar başlayanda canıma üşütmə düşür. Darıxıram, canım sıxılır, hərdən gecələri qalxıb pəncərənin qarşısında oturur, qaranlığa yağan yağışın səsinə qulaq asıram. Gözlərim bir şey görməsə də o anlarda xəyalım çox-çox uzaqlarda, Rusiyanın, Amerikanın o üzündə qalmış, hər qarışını yaddaşımdan çıxarıb bircə-bircə gəzib dolaşdığım kəndimizdə olur. İndi oralara da yağış yağır. Quruyanı çoxdan quruyub, qırılanı çoxdan qırılıb, ayaqda qalan ağaclar yayın susuzluğundan qurtarıb bu yağışı təkcə köklərindən deyil, gövdəsindən, yarpaqlarından içirlər. Kəndimizin "Saz" qəbiristanlığına gedən yol indi palçıq olar. Əslində bu iyirmi üç ildə heç yol da qalmaz, amma mən o yolu gözüyumulu taparam.
Yenə payızdır, yenə yağışlar yağır, yenə kövrəlmişəm, bir hüzn buldu sarıb dörd bir yanımı.
***
Milli.Az yeniavaz.az-a istinadən bildirir ki, yazın əvvəlindən itirməyə başladıq, payızda da ölkəmizin bir tərəfi düşmən əlinə keçmişdi. Heç unuda bilmirəm o günləri. Başımıza nə gəldisə dağınıqlıq, bir araya gələ bilməməyimizdən gəldi. Əslində tarixin bütün mərhələlərində eyni aqibəti yaşamış, eyni məğlubiyyətlə yıxılmışıq.
***
Dünən saytlarda bir xəbər vardı, yazırdılar ki, işğal olunmuş rayonun deputatı yadetmə mərasiminə qatılmayıb. Sonra da nə yemisən, turşulu, o ki var çəkmişdilər həmin deputata. Doğrusu, mən o deputatı yaxşı tanımasam da, jurnalistin o qədər amansızlığını normal qarşılaya bilmədim. Boynuma alım ki, son illərdə mən də itirdiyim rayonun, kəndin xatirəsini anmaq üçün keçirilən bütün tədbirlərə qatıla bilmirəm. Bilmirəm yaşımla bağlıdır, ya illərin verdiyi yorğunluğun nəticəsidir ki, mən öz ağrılarımı bir tərəfə çəkilib öz içimdə ağlamaq, öz içimdə üyütmək istəyirəm. "Dərdi paylaşdıqca azalır, sevinci paylaşdıqca çoxalır" deyiblər. Nə bilim, mən də beləyəm...
***
Hərdən mənə elə gəlir ki, o yadetmə mərasimlərini də az qala hesabat iclasına çevirirlər. Al sənə, özü oğrunun, yaltağın, yalançının biridir, qaçqının-köçkünün çörək puluna göz dikir, utanmadan, qızarmadan çıxıb ordan camaata "vətən, millət" dərsi keçir. Adamın üzündə az da olsa həya yaxşı şeydir. Sonra da deyirlər ki, filankəs tədbirə qatılmadı...
***
O rayonlardan sovrulub Bakının küçələrinə töküldüyümüz ilk illərdə hər il dünənki günü məlum yerdə toplaşır, dərdləşir, olan-qalandan danışırdıq, amma illər keçdikcə Sabirin o məşhur sözünü özümə şamil eləməyə başladım: "Ağladıqca kişi qeyrətsiz olur". Özümdən utanmağa başladım, istədiyim nədir yəni, yasamı gəlmişəm, görüşəmi? Dərdin var, get bir yerdə otur çək də. Mən duyğuların, ağrıların kollektiv yaşanmasına inanmıram. Dərdi olan dərdin çəkər, biz dərdimizlə şəkil çəkdiririk.
***
Üzə deyilməsə də, arxada çox deyilib: "Torpaqlarını verib, gəlib Bakıda adam olublar". Yanımda başqası haqqında söylənsə də, o sözü tamamilə öz üstümə götürmüşəm, özümə aid eləmişəm. Nə fərqi var axı, o, ya mən? Ağrı çəkənin, dərd götürənindir. Doğrudur, nə köçkün statusum var, nə də hər hansı imtiyazım, amma doğulduğun torpağa, oynadığın həyət-bacaya, atanın məzarına gedə bilmirsənsə, kim olursan-ol... Hələ bir neçə il öncə bir yazıda yazmışdım ki, "mənliyi olan və o torpaqlardan məhrum qalmış hər bir kişi dibçəyə əkilmiş çinar fidanı kimidir. Mən çinar fidanıyam, dibçəyə əkilmişəm, elə bilirəm ki, bu ötən illərdə bir arpa boyu qədər uzanmamışam, yarpaq açmamışam, böyüməmişəm. Yaşlanmamışam, əskimişəm, köhnəlmişəm; qocalmamışam, nimdaş olmuşam"... Mənim üçün dərd mahnı kimi oxunmur, dua kimi pıçıldanır, gözdən süzülən bir damla yaş kimi səssizcə süzülür ürəyinin üstünə.
***
8 saatlıq qatar yolu idi, gecə minib, sübh tezdən düşürdük. Stansiya da düz kəndin ortasında, özü də qatar elə vaxt çatırdı ki, qoyun-quzunu, inəkləri örüşə yola salır, adamlar yeni günə göz açıb iş-güclərinin dalınca yollanırdılar. Biletimi də hamişə arxa vaqonlara alırdım ki, evimizə daha da yaxın olsun. Təsəvvür edirsinizmi, qatardan düşüb evimizəcən cəmi iki yüz metr gedirdim.
***
Hərdən üzümü ovcuma alıb bir tərəfdə büzüşür, o kənd-kəsəyə qayıdıram. Kimlər gözümün qabağına gəlir, İlahi! Qarış-quruş Bəhrəm, Privet Mustafa, dəllək Qüdülüş... Ölənlər, ölməyənlər bir-bir gözlərim önündən keçir. Nə qədər səmimi, nə qədər təbii adamlar idilər.
Bakıda yeddi il tələbə oldum, Bakıda yeddi dəfə baş qırxdırmadım. Uşaqlar zarafatla deyirdilər ki, milyoner başını 3 manata qırxdırır. Əli 13 manata. Yalan da demirdilər, 6 manat o başa, 6 manat bu başa, bir manat da Qüdülüşə. Yastı-yastı, şirin-şirin danışmağı vardı Qüdülüşün, kəndin ağsaqqallarının siyahısını tutmuşdu, bu gün kimin üzü, başı qırxılmalıdır. İndi deyirlər, Zabrat tərəfdə haradasa bir budkası var. O kənd dəlləyi Qüdülüş indi Bakı dəlləyi olub. Sağlığınıza daha mənim də başımda Qüdülüşlük bir şey qalmayıb.
***
İllər ötür, o qanlı-qadalı günlər, üzünün qanı torpağa yapışmış o qəhrəman oğullar aybaay, günbəgün bizdən uzaqlaşır. Ad çəkməyə qorxuram, qorxuram ki, birisini unudub qəlbini qırım. O qədər fədakar, ürəkli oğullar idilər ki! Allah hamısına rəhmət eləsin!
***
Mənim üçün hər ağrıdan yazı çıxmır, bəzi mövzuları yazırsan, bəzi mövzuları ağlayırsan. Mən Cəbrayıl mövzusunu, itirdiyim o yurd-yuva, Mərcanlı dərdini hər dəfə ağlayıb içimə yazmışam. İndi aradan iyirmi üç il ötür və mən də ora qayıdıb-qayıtmayacağım haqda əndişəyə düşmüşəm. Bilmirəm, bir daha o yerlərə dönmək mənə nəsib olacaq, ya yox. Amma bildiyim bir şey var ki, başımıza gələn bu hadisələr bizim üçün çox ciddi bir imtahandır.
***
Allah-Təala Qurani-Kərimdə buyurur ki, əgər bir toplum öz niyyətini, istiqamətini düzəltməzsə, yəni haqqa doğru yönəlməzsə, Allah-Təala o toplumun səmtini xeyirə çevirməz. "Cihad" dediyin "cəhd"lə eyni kökdəndir, yaxşı yönəlmək, xeyiri tutmaq üçün çalışmaq anlamındadır.
Şəhidlik ölümün zirvəsidir. Allah-Təala bu üzüqara quluna da həqiqi şəhidlik nəsib eləsin. Amma şəhid ola bilmək üçün öncə cihad ruhu, şəhidlik anlayışı lazımdır. Ölüm gerçəyi hər birimizlə üz-üzə, göz-gözədir, zamanı yetdimi, bir andaca ley kimi qapıb aparacaq. Amma bu ölüm məsələsi kiminə ayrılıqdırsa, kiminə də təsəllidir.
***
Bu mənzərəni göz önünə gətirə bilirsinizmi?:
Bir qoca uşağa baxıb düşünür: "Eh, hələ bunun qarşısında nə qədər çətin yollar var, bu dünyanın nə qədər dərdini-sərini çəkəcək, bizim yaşımıza yetişəcəkmi görəsən? Dirigözlü gor evinə gedə biləcəkmi?" Sonra da qəlbində dua edir: "Allah köməyin olsun, balaca. Biz heç, biz artıq ömür deyilən bu yükü birtəhər soyub quyruğuna gətirdik, sən gör nələr çəkirsən".
Uşaq da qocaya baxıb təxminən belə düşünür: "Yazıq qoca gözləri görmür, qulaqları eşitmir, bu gün-sabahlıqdır. Bu işıqlı dünyadan köçüb qaranlıq bir qəbirə girəcək".
***
Mən indi özümü təxminən o qocanın yerində görürəm. Bu söhbəti də ona görə danışdım ki, həqiqətə hər kəs durduğu yerdən baxır və gördüyündən də qənaət çıxarır. Üç il, beş il deyil, o yurddan qopduğumuz iyirmi üç ili də ötdü. O bayatıda deyildiyi kimi,
Bir gününə dözməzdik,
Olduq illər ayrısı.
***
Yerliçilik, o zonadan, o rayondan, bu kənddən, filan məhlədən... Mənim üçün o qədər bəsit və iyrənc söhbətlərdir ki, bu barədə heç danışmaq istəmirəm. Amma etiraf edim ki, Cəbrayılın hansısa kəndindən bir adama rast gələndə saxlayıb 3-5 dəqiqə danışdırmaq, hal-əhval tutmaq istəyirəm. İstəyirəm ki, o kənd adlarını, o yoxuşları, o adamların danışığındakı mənə doğma olan o ləhcəni yaddaşımda, ruhumda yeniləyim, möhkəmləndirim. Kompyuter termini ilə desək, özümü yüngülcə "reestart" eləyim. Yəni bu mənada hər cəbrayıllı mənim üçün bir ovuc yovşan qoxulu torpaq kimidir.
Bəlkə də dostların gözü axtardı, "Əli bu il gəlmədi" dedilər. Nə deyirlər, desinlər, elə bilirəm ki, duyğularımı, ağrılarımı başa düşəcəklər...
Yuxarıda demişdim axı, mən bir çinar fidanıyam, dibçəyə əkilmişəm.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/486287.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR