Klassiklərimizi tanıyırıqmı?

Klassiklərimizi tanıyırıqmı?
20:47 6 Noyabr 2016
89 Ölkə
Ölkə mətbuatı
A- A+

Hələ uşaqlıq illərindən bəri həmişə bir şeyi müşahidə eləmişəm ki, biz ya hansısa imtahan üçün oxuyuruq, ya da elə-belə vaxt öldürmək üçün. Ona görə də çox zaman oxuduqlarımızı elə çöldən alıb çöldən də yola salırıq. Bəlkə də bəzi kitabları bizə tələbəlik illərində məcburi oxutduqları üçün bizdə belə vərdiş yaranır. Amma iş orasındadır ki, şərqin tanınmış mütəfəkkirlərini də elə həmin münasibətlə, həmin düşüncə ilə vərəqləyirik. Aşura günü baş yarmaq, zəncir vurmaq çoxumuz üçün adi haldır. Hamımız da özümüzü İmam Hüseyn aşiqi hesab eləyirik. Amma həyatımıza baxanda tamam fərqli mənzərə görürük. Çünki insan sevdiyinə bənzəməyə çalışar, həm də sevmək üçün, bənzəmək üçün gərək sevdiyini də yaxşı tanıyasan. Biz isə ya tanıya bilmirik, sevə bilmirik, ya da bənzəmək istəmirik. İmam Hüseyn aşiqi olan gərək yalan danışmasın, yaltaqlanmasın, haqsızın önünə keçib yolunu kəssin, xeyirxahlıqdan, yaxşılıqdan başqa bir şey düşünməsin, ədaləti bərpa eləmək üçün başından keçə bilsin... Bütün bunları düşünəndə özümdən utanıram. Onu da etiraf edək ki, ümumiyyətlə klassik ədəbiyyatımız bizə doğru-düzgün tədris və təbliğ edilməyib. Sovet təbliğatı aparatından keçirilərək sosialist realizmi yağında qovrulan mütəfəkkirlərimizin döş cibinə partiya bileti olmasa da ən azı komsomol bileti soxublar. Üstəlik də Nizami, Xaqani kimi sənətkarların əsərləri dilimizə çevrilərkən çox ciddi xətalara yol verilib, Füzuli haqqında bu zamana qədər qəbul olunmuş tezislər gerçəyi əks etdirmir. Etiraf edək ki, bu gün ölkəmizdə Nizamini, Füzulini tam demirəm, əslinə yaxın bilənləri barmaqla saymaq olar.
Bir məsələni unuduruq ki, oxumaqda əsas məqsəd mənən zənginləşmək olmalıdır, istər şeir oxuyaq, istər həndəsə. Amma iş orasındadır ki, bəzən nəyi və niyə oxuduğumuzu da bilmirik. Nə isə..
Bir qədər də Mövlana Cəlaləddin Rumidən, yəni Mövlana deyəndə adı ilkin ağla gələn böyük mütəfəkkirdən bəhs etmək istəyirik.
Mövlananın "Məsnəvi"si 700 ildən artıq bir müddət ərzində məktəb və mədrəsələrdə tədris edilib. Dinimizi başa salmaq üçün yeri gəldikcə bu möhtəşəm əsərdəki misallardan, deyimlərdən istifadə edilib. İstər Mövlana, istər Nizami, istər Yunus Əmrə, istər Füzuli, istər Sədi Şirazi, istərsə də burada adını çəkə bilmədiyimiz neçə-neçə mütəfəkkir yazmağa "Bismillah" deyərək başlayıblar. Hamısı da irihəcmli əsərlərini minacatla (Allah-Təalanın (c.c.) tərifi) ilə başlayıb, nətlə (Həzrəti-Muhammədin (s.ə.s.) tərifi) davam edəndən sonra mətləbə keçiblər. Demək olar ki, İslam şərqində əsrlər boyunca bu ənənə pozulmaz qanun kimi mövcud olub.
Mövlana bütün yazdıqlarında insanlara sevgi öyrədib. Onun üçün sevgi bir xanıma ünvanlanmış xoş duyğu deyil, yaradılmışın Yaradana can atmasıdır. Həm də bu sevgi elə duyğulu, elə coşquludur ki, gərək hər şeyini unudub özünü bu selin içinə atasan ki, təşnəsi olduğun sonsuz ümmana qovuşa biləsən. Mövlanaya görə, yaradılanın Yaradana qovuşması üçün öz "mən"ini unutmalı, yaradanın iradəsinə təslim olmalıdır. Həm də hər kəs təslim ola bildiyi nisbətdə azad olur, yüksəlir, Haqqa qovuşur. İnsan gərək şəkər suda əriyən kimi İlahi sevgidə əriyib yox olsun. Hər bir insanla Allah arasında bircə maneə var: mənimlə Allah arasındakı maneə mənəm, səninlə Allah arasındakı maneə sənsən... Mən "mən" dən, sən "sən"dən vaz keçə bilsək, Allaha qovuşa bilərik, üstəlik də biz Allahda qovuşa bilərik. Əgər sən bütün ruhunu, düşüncələrini, qəlbini tərtəmiz boşaldıb nəfsinin istəklərindən təmizləyə bilsən, səhralara yağan yağmur kimi İlahi sevgi bütün ruhunu, könlünü doldurar, doyurar. İnsan nə halda olursa-olsun, gərək Allahdan ümidini kəsməyə, tövbə qalxanını əlindən yerə qoymaya. Gərək unutmaya ki, onun günahları Allah-Təalanın mərhəməti qarşısında yox sayılacaq qədər kiçikdir.
Milli.Az yeniavaz.az-a istinadən bildirir ki, bəli, bura qədər Mövlana dünyagörüşünün konturları ilə bir qədər bəsit, qüsurlu da olsa oxucularımızı tanış etmək istədik. İnsanı xarakterizə edən əsas cəhət onun boy-buxunu, sifətinin cizgiləri deyil, hansı duyğularla yaşaması, hansı məqsəd uğrunda nəfəs tükətməsidir. Yəni söhbət Mövlananı sevməkdən və ona bənzəməkdən gedirsə, gərək hər birimiz onun yaşadığı mənəvi iqlimə daxil olmağa, onun udduğu havanı ciyərlərimizə çəkməyə çalışaq. Bunun üçün çox işlər görülməlidir. Son onilliklərdə ölkəmizdə həm Nizami, həm də Füzuli yubileyləri keçirilib. Amma üzülərək söyləyim ki, bu yubileylərdən hər hansı birində yubilyarın doğru-düzgün, olduğu kimi tanınması üçün mühüm işlər görüldüyünü iddia etmək mümkün deyil. Yəni, çox işlər görülməlidir. Məsələ təkcə klassik əsərləri naqis bir tərcümə ilə çap edib yaymaqla bitmir, ən doğru izahlar, ensiklopedik lüğətlər hazırlanmalıdır. İstər Füzuli, istər Nizami, istərsə də Mövlana əsərlərindəki hər hansı ifadənin, deyimin hansı hədisi-şərifdən və ya ayədən gəldiyini göstərmək və mövzu ətrafında geniş bilgi vermək lazımdır. Bu işdə biliyi, qabiliyyəti çatan hər kəs əlindən gələni ortaya qoymalıdır, yəni hərəmiz bir az da olsa, Mövlana olmalıyıq. Haqqında danışdığımız əsərlər oxuyub faydalanmaq, öyrəndiklərimizi yaşamaq üçün, mənən gözəlləşmək, ucalmaq üçündür. Bu sahədə Mövlananın əsərləri əsrlərin sınağından çıxmış mənbədir. Ona görə də bu böyük mütəfəkkirin ölkəmizdə təbliği üçün əlaqədar təşkilatlar, xüsusilə də akademiyamız mühüm işlər görməlidir.
Əgər Allah-Təalanın İsmi-Əzəmini öyrənmək, bu sirrə vaqif olaraq cəhənnəm əzabından qurtarmaq istəyirsənsə, bu deyilənə yaxşı qulaq as:
Sənin vücudun bir dağdır. O dağı götürüb bir tərəfə atabilsən, həmin sirri orada görəcəksən.
Mərhəmət - ucalıq yoludur
İslamda təlqin edilən anlayışa görə bütün canlılara mərhəmət göstərilməlidir. Hətta Hz. Rəsulullah (s.ə.s.) bir hədisində evində pişiyi ac-susuz saxladığına görə bir qadının cəhənnəmə girdiyini xəbər vermişdi. Başqa bir nümunədə isə susayan bir pişiyə su vermək üçün quyuya enib ayaqqabısında su çıxardığına görə bir qadının cənnətə girdiyi bildirilir. Bu mənada islam alimlərindən Seyid Əhməd Ərrifainin davranışı da ibrətamizdir. Belə deyirlər ki, bir dəfə o, dərsxanəsində oturarkən əzanın oxunduğunu eşitmişdi. Ayağa qalxmaq istədikdə xirqəsinin ətəyində bir pişiyin yatdığını gördü. Heyvanı oyatmaq istəmədi. Bir qayçı gətizdirib xirqəsinin ətəyini kəsdi və namaz qılmaq üçün məscidə getdi.
İndi hər kəs elə düşünməsin ki, insan ətəyində yatmış pişiyi oyatmamaq üçün paltarının ətəyini kəsməlidir. Seyid Ərrafi elə elədi, niyyətinin səmimiliyinə görə də qarşılığını görəcək. Əgər içindən gələn ən səmimi duyğuların təsiri altında, yəni "bu heyvan Allahın məxluqudur, Yaradanın xatirinə onu rahatsız etməyim" düşüncəsi ilə paltarının ətəyini kəsdisə, inşallah mükafatını da alır, yox əgər "belə görsünlər", "belə desinlər" niyyəti ilə davrandısa bu artıq riyakarlıqdır.
Ancaq, təbii ki, hər anlayışın ölçüsü olmalıdır. Yəni heyvan sevgisində də ifrata varmaq yolverilməzdir. Yoxsa bağlarımızda meyvə ağaclarına zərər verən həşəratları öldürə və evlərimizdəki zərərverici böcəkləri məhv edə bilməyəcəyik. Unutmamaq lazımdır ki, insanın mərhəmət duyğusu hədsiz deyil, hədsiz mərhəmət yalnız Allaha (c.c.) məxsusdur. Deməli zərərli heyvanları, həşəratları öldürmək günah deyil, hətta bəzən zərurətdir.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/486293.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR