İnsanlığın ölçüsü nədir?

İnsanlığın ölçüsü nədir?
21:17 6 Noyabr 2016
139 Ölkə
Ölkə mətbuatı
A- A+

Ərini adı ilə çağırmağa utanırdı, qayınanası ilə danışanda "sizin oğlunuz", uşaqları ilə danışanda "atanız" deyirdi. Danlayırdılar, bu davranışını geri qalmışlıq, cəhalət adlandırırdılar, amma umurunda deyildi, dəyişmirdi, dəyişmək istəmirdi, çünki belə daharahat idi, daha xoş idi ona. Həm də cahil olmadığını yaxçı bilirdi, xeyri-şəri bir-birindən yaxşı ayırırdı. El-obanın hər işinə qatılırdı, qonşuları onun nə qədər mehriban, xeyirxah insan olduğuna şahid idilər. Yad kişilərlə əl sıxışmır, başını qaldırıb onların üzünə baxmır, zərurət olmadıqca ağzını açıb danışmırdı. Hər kəsdən seçilirdi, səsini yüksəltdiyini eşidən olmamışdı. "Utananın oğlu olmaz" deyirlər. Amma bu utancaq xanım bir-birinin ardınca üç oğul dünyaya gətirmişdi, hamısı da bir-birindən gözəl, həyalı.
Milli.Az yeniavaz.az-a istinadən bildirir ki, bir dəfə məhəllədə gəlinlər yığışıb söhbət edirdilər. Onu da çağırdılar, qayınanasından icazə alıb onlara qatıldı. Danışdırdılar, danışdı, özü də çox şeylər dedi. Qonşular məəttəl qaldılar və bu vaxta qədər onu tanımadıqlarına üzüldülər. Nələr demədi?! - Dedi ki, həya qəlbi pozan günahlara qarşı bir sipərdir, həya imanın gücünü və ədəbin ölçüsünü müəyyən edər. Həya xeyrin dirəyi, qarışdığı hər bir yaxşılığın təməl ünsürüdür. Bəd əməllərə, günahlara göz yuman həya sahibi ola bilməz. Həya sahibi Haqqın sözünü deyər, günahlara göz yummaz, çünki Allahdan utanar, günah işləməz, Allahdan həya edər...
Hər kəs inandı ki, hər kəsdən az danışan bu gəlin əslində hər kəsdən çox bilir. Bəlkədə buqədər çox bildiyi üçün az danışır.
Həya acizlik deyil: "Həya ilə iman bir-birini tamamlayar, biri gedincə o birisi də orada qalmaz" buyurulub. Dünya və axirət səadətinə qovuşmaq istəyən şəxs ədəb və həya sahibi olmalıdır. Ədəbi və həyası olmayan bir kəsdən xeyir gözləmək mümkün deyil. Allah-Təala Qurani-Kərimdə həyanı müsbət bir keyfiyyət kimi mədh etmiş və bu davranış tərzini müsəlmanlar üçün ölçü olaraq buyurmuşdur.
Peyğəmbərimiz Həzrəti Muhamməd (s.ə.s.) belə buyurub: "Ehsan - Allah-Təalanı qarşısında görürmüş kimi Ona itaət, ibadət etməkdir Sən Onu görməsən də Onun hər an səni gördüyünü bilməkdir". Təbii ki, ehsan şüuru çox yüksək bir səviyyədir və imanın gücü ilə o mərhələyə yetişmək mümkündür. Ehsan şüurunu daşıyan insan özünü hər an Allah-Təalanın hüzurunda görür.
Əsl həya - Allahdan həya etməkdir. Adam da var ki, adamlar arasında utanır, xəlvətə düşəndə bildiyini eləyir. Bu, riyakar həyadır, kor həyadır. Allahdan həya edən insan onun Peyğəmbərindən də, mələklərindən də, insanlardan da həya edər.
Peyğəmbərimiz (s.ə.s.) buyurub: "İlk baxış yararına, sonrakı isə zərərinədir". Yəni insan qeyri-iradi olaraq gözünə sataşan haramdan Allahdan utanaraq gözünü çəkirsə, bu, iradi addım qarşılığında mükafatını alacaq. Yox, əgər nəfsinə uyaraq harama baxmaqda davam edərsə, o baxışın əvvəli də zərərinədir, sonrası da. Allah-Təala buyurur ki, harama baxmaq şeytan oxlarına təslim olmaqdır. Əgər bəndəm sırf Məni düşünərək gözünü haramdan çəkərsə, bunun qarşılığında mən onun qəlbinə elə bir nemət qoyaram ki, zövqünü bu dünyada da hiss edər.
Həya - Allah qarşısında qulun təslimiyyətinin təzahürüdür. Peyğəmbərimiz buyurur ki, gerçək həya başının içini belə pis düşüncələrdən, əxlaqa zidd fikirlərdən qorumaqdır.
Şeytanın insana üstün gəlməsi insanın nəfsinə uyaraq harama meyl etməsi ilə mümkün olur.
İnsanda yaradılışdan olan bir həya hissi var ki, ona fitri həya deyilir. El arasında buna arlanmaq da deyirlər. Bir də imandan gələn həya var ki, bu həya İslam dininin önəmli bir dərinliyini təşkil edir.
Allah-Təala gizli və aşkar olan hər şeyi bilir. Bizim hər işimiz Ona əyandır, Ondan gizli heç bir şey yoxdur, hər şey Onun bilgisi daxilindədir.
İnsanın özündən həya etməsi əslində Allahdan həya etməsinin əlamətidir.
Həya - acizlik, məzlumluq deyil, gözəllikdir, səbrdir, qətiyyətdir, iradədir, əzəmətdir; həya yoldur, əbədi səadətə aparan yol.
Gəlin qayınatası ilə danışanda həyat yoldaşının adını çəkmirsə, "sizin oğlunuz" deyirsə, bunu ehtiram, həya kimi qəbul etmək lazımdır, acizlik kimi yox.
Sevən könül dünyadan genişdir
Həzrəti-Musa (əleyhissalam) Allah-Taala (c.c.) ilə söhbət etmək üçün Tur dağına getməyə hazırlaşırdı. Qövmü üna dedi ki, Allah-Taalanı qonaq dəvət eləsin. Həzrəti-Musa qövmünün bu istəyini normal qarşılamadı və belə bir şeyin mümkün olmadığını söylədi. Tur dağında söhbət zamanı Allah-Taala Həzrəti-Musaya buyurur:
- Qövmün səndən bir şey istəmədimi?
Həzrəti-Musa cavab verir:
- İstədi, ey Rəbbim, hər şey sənə əyandır. Dedilər ki, Səni qonaq dəvət edim.
Allah-Taala buyurur:
- Qövminə çatdır ki, filan gün sizin müsafirinizəm.
Həzrəti-Musa qövmünün yanına qayıdır və bu söhbəti onlara çatdırır. Həmən hazırlıqlar başlayır, təmizlik işləri başlayır, qazanlar asılır, süfrələr açılır, deyilən gün gələndə hamı sübh tezdən ən gözəl libasda, hər cür hazırlıqla yollara düzülür. Bu zaman bir qoca Həzrəti-Musaya yaxınlaşır və deyir ki, uzaqdan gəlib, çox yorğundur, ona yemək-içmək versin. Həzrəti-Musa da müsafir gözlədiyini deyir və onu başından eləmək üçün başqalarının üstünə göndərir. Musa və qövmü axşama qədər gözləyirlər, amma gələn olmur. Növbəti dəfə Tur dağında görüş zamanı Musa buyurur:
- Ey Rəbbim, şübhəsiz ki, Sən sözündə doğrusan, vədində yalan olmaz. Amma buyurduğun gün axşama qədər gözlədik, səni görə bilmədik. Bunun hikməti nədir?
Allah-Taala Həzrəti Musaya buyurur:
- Ya Musa! Mən gəlmişdim, amma sən məni doyurmadın.
Musa Peyğəmbər heyrətlə soruşur:
- Bu, necə ola bilər, ey Rəbbim? Sən yeməkdən, içməkdən, hər hansı bir ehtiyac sahibi olmaqdan çox-çox uzaqsan.
Allah-Təala buyurur:
- Ya Musa, xatırlayırsanmı, yanına qoca bir kişi gəlmişdi. Sən onu doyurmuş olsaydın, məni doyurmuş kimi olacaqdın. Çünki mən o qulumun qəlbindəyəm.
Bəzi, əzizlərim, aləmlərə sığmayan Uca Rəbbimiz sevdiyi qulunu qəlbinə sığır. Demək, Allah dostu olan bir insanın qəlbi iki aləmdən daha genişdir.
Oxundu: 27
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/486289.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR