Türkiyəli diş həkimi Fatih Gülər son günlər implantın xərçəng və sümük əriməsinə səbəb olduğu iddiası ilə bağlı fikrini bildirib. Həkim belə bir iddianın gerçək olmadığını, implantın xərçəng, eləcə də sümük əriməsi yaratmadığını deyib.
İmplant müalicəsinin uzun illərdir istifadə edildiyini deyən həkim "saxta implant" olmadığını, implantların titandan hazırlandığını əlavə edib.
Publika.az lent.az-a istinadən F. Gülərin titan implantların insan sağlamlığına ziyanları barədə fikirlərini təqdim edir.
Həkim titanla bağlı hər hansı xərçəng hadisəsinə rast
gəlmədiyini açıqlayıb: "Titan yalnız implantda deyil, ortopediya
sahəsində də tez-tez istifadə olunan bir metaldır. Bu maddəni
"toxuma dostu" adlandırmaq olar. Həkimlər yalnız idxal icazəsi olan
məhsullar istifadə edir. Klinikalar, diş kabinetləri və ağız diş
sağlamlığı mərkəzlərinə müvafiq orqanlar tərəfindən mütəmadi
nəzarət edilir. Diş əməliyyatları edilərkən protokollar tərtib
olunur, istifadə edilən materiallar nəzərdən keçirilir. Bu baxımdan
implant etdirəcək xəstələrin narahat olmasına səbəb yoxdur".
Mütəxəssis metal implant qoyulduqdan sonra xərçəng olmaqdan qorxan
insanlara sadəcə olaraq qeyri-peşəkar stomatoloqlardan uzaq durmağı
məsləhət görür: "Sümük problemi olan bir xəstənin təbii dişində
meydana gələn problem implant nəticəsində də ola bilər. Ona görə də
implantın sümük əriməsinə səbəb olması ifadəsi doğru deyil. Elmi
əsaslara söykənmədən "implant xərçəng yaradır" iddiası ilə çıxış
etmək düzgün deyil".