Nəfsin bütü ilə mübarizə

Nəfsin bütü ilə mübarizə
22:22 6 Noyabr 2016
86 Ölkə
Ölkə mətbuatı
A- A+

Bütpərəst olan başqasının abır-həyasına dəyər vermir. Heç kimin haqqına riayət etmir. Hər şeyi öz haqları hesab edir. Mehriban Allah bütün bəndələrin axirət və dünya xeyrini təmin etmək üçün bizlərdən istəyir ki, havayi-nəfsimizin, yəni mühakimə etmədiyimiz istəklərimizin ardınca getməyək. Baxmayaraq ki, zahirdə bu müxalifətlik onların ziyanına olsa da belə.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Quran buyurur: "Ey o kəslər ki, iman gətirmisiniz! Ədalətə görə qiyam edənlərdən olun, hər bir halda, hər bir işdə, hər bir əsr və zamanda ədalətə görə qiyam edin. Allaha xatir haqq şəhadət verin. Baxmayaraq ki, sizin özünüzün, ata və ananızın və ya yaxınlarınızın ziyanına qurtarsa belə".
Heç bir insan sərvət sahibi olduğuna və ya yoxsul olduğuna görə haqqa şəhadət verməkdən çəkinməməlidir. Allah onların hər ikisini himayə etməyi layiqli hesab edir. Havayi-nəfsinizin ardınca getməyin ki, ədaləti bərqərar edə biləsiniz.
 
Qurani-Məcid nəfsin bütünün ardınca getməyin, zəlalətə və Allah yolundan üz döndərməyə, hesab gününü yaddan çıxartmağa, Qiyamət günü şiddətli əzaba düçar olacağına gətirib çıxaracağını xəbərdarlıq etmişdir. Quran, Haqqın əzəmətindən qorxmağın və nəfsin istəklərinə qarşı mübarizə aparmağın nəticəsinin behişt olduğunu bildirir.
 
Havayi-nəfsinin ardınca gedən insan fasid əxlaqa düçar olar. Etdiyi günahlardan belə agah olmaz, haram yeyib, insanların haqqını tapdalayar. Alimlərlə oturub-durmağa nifrət edər, haqq sözü eşidən zaman ürəyi sıxılar, ancaq nalayiq insanlarla ünsiyyət ona sevinc gətirər.
 
Havayi-nəfsinin qulu olan insan əgər özü üçün dünya və axirət xeyrini arzulayırsa, əgər batinin islah olmasını, əməl və əxlaqının dəyişməsini istəyirsə, nəfsi ilə döyüşə qalxmaqdan başqa çarəsi yoxdur. Ancaq bu döyüşdə qalib gələcəyinə ümid bəsləməlidir. Əgər bu ümid olmasaydı, Peyğəmbərlərin (ə) besəti, İmamların imaməti və Quranın nazil olması əbəs olardı. Bu döyüş və bütümüzə qalib gəlmək hamımız üçün mümkündür. İnsan havayi-nəfsinə giriftar olmamışdan qabaq ehtiyatını saxlamalı, Allaha daima diqqət etməlidir. Bu bütü yaradacaq hər bir günahdan uzaq olmalıdır. Nəfsini onlardan qorumalıdır. Nəfsini bu cür qoruması insan batinində təqva ruhu yaradar.
 
O zaman ki, insan qəflət üzündən nəfsinin bütünə düçar olar, İlahi rəhmət və ya moizə və ya nəsihət eşitdiyinə görə batinindəki bu bütü kəşf edərsə, onunla mübarizə aparmağı ertələməməlidir. Vacib bir əməl kimi onunla mübarizəyə qalxmalıdır. Bu yolda müsəlmanın silahı - günahı tərk etmək, ibadət və duaya üz tutmaq, İlahi Peyğəmbərlərin (ə) nəsihətlərinə qulaq asmaq, alimlərlə oturub-durmaq, malını haramdan təmizləməkdir. Bundan sonra o, döyüşə gedə bilər. Əgər bunlara əməl edərsə, qələbə qazanmağı mütləqdir. Bəli, İslam maarifində bu döyüşə böyük cihad deyirlər.
 
İmam Sadiq (ə) buyurur: "Peyğəmbər (s) bir qrup insanı düşmənlə döyüşə yola salır, İslam ordusu qayıdan zaman isə buyurur: "Əhsən o ümmətə ki, kiçik cihadı arxada qoydu, ancaq böyük cihad öhdələrində qalıbdır". Soruşurlar: "Ya Rəsullah! Böyük cihad nədir?". Buyurur: "Nəfslə edilən cihad".
 
Bu hədisdən görmək olur ki, bu cihad insanın zatı nəfsi ilə deyil, Quranın havayi-nəfs adlandırdığı, nəfsin təhlükəli nasazlığı ilə edlən cihaddır. Nəfsin istəkləri ilə cihad etmək hər bir cihaddan dəyərli, bu cihadın savabı hər bir əməldən böyükdür.
 
Həzrət Əli (ə) bu sahədə ən üstün şəxslərdən sayılırdı və o, buyurmuşdur: "Allah yolunda şəhid olan əsgərin savabı, hər bir günaha gücü çatan, ancaq özünü saxlaya bilən şəxsin savabından çox deyildir. Özünü günahdan saxlayan, mələklərin mələyi olmağa yaxındır".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/486305.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR