Professor: "Əgər ötən əsrin 70-80-ci illərində Heydər Əliyevin gördüyü işlər olmasaydı..."

Professor: "Əgər ötən əsrin 70-80-ci illərində Heydər Əliyevin gördüyü işlər olmasaydı..."
12:32 7 Noyabr 2016
90 Ölkə
Ölkə mətbuatı
A- A+

Əgər ötən əsrin 70-80-ci illərində ümummilli lider Heydər Əliyevin əzmkarlığı və qətiyyəti ilə xalqın sosial-iqtisadi, mədəni yüksəlişi üçün həyata keçirilən tədbirlər, milli şüurun oyanışı istiqamətində görülən işlər olmasaydı, bu gün Azərbaycanın müstəqil xəttə malik ölkə kimi mövcudluğu şübhə altında qalacaqdı.

Milli.Az bildirir ki, bunu Trend-ə Bakı Dövlət Universitetinin "Qafqaz xalqları tarixi" kafedrasının müdiri, tarix elmləri doktoru, professor, YAP Siyasi Şurasının üzvü İradə Hüseynova deyib.

İ.Hüseynova bildirib ki, müstəqillik hər bir xalqın milli ideya səviyyəsinə yüksəlmiş müqəddəs və ali istəyi tarixən ona bəşəri miqyasda özünüifadə imkanı yaradıb: "Milli potensialını davamlı tərəqqi naminə realizə edərək özünütəsdiqə can atan millətlər qərinələr boyu milli istiqlala, azadlığa qovuşmaq üçün ağır sınaqlardan, çətinliklərdən çıxmış, bu şərəfli yolda sərt maneələrə sinə gəliblər. Antropoloji baxımdan dünyanın qədim xalqlarından olan azərbaycanlılarda da milli dövlətçilik şüurunun formalaşması və möhkəmlənməsi prosesi minilliklərlə davam etmiş, müəyyən yad təsirlərə, deformasiyalara məruz qalmışdır".

İ.Hüseynova vurğulayıb ki, ən müxtəlif dövrlərdə Cavanşir, Atabəy Eldəgiz, Qazan xan, I Şah İbrahim, Şah İsmayıl Xətai, Fətəli xan kimi böyük sərkərdələr Azərbaycan torpaqlarını vahid dövlət bayrağı altında birləşdirmək, milli dövlət qurmaq niyyətində olsalar da, taleyin sərt sınaqları, zərbələri ilə üzləşmiş, obyektiv səbəblərdən qarşıya qoyduqları müqəddəs mərama nail olmamışlar: "Yalnız ötən əsrin əvvəllərində çar Rusiyasında cərəyan edən ictimai-siyasi proseslər, imperiya daxilində bir araya gətirilmiş xalqların azadlıq uğrunda mübarizəsi Azərbaycana öz istiqlaliyyətini elan etmək imkanı yaratmışdır. 98 il əvvəl - 1918-ci il mayın 28-də müsəlman Şərqində müstəqilliyini ilk bəyan edən Azərbaycan xalqı tarixən can atdığı ali ideyanı praktik surətdə gerçəkləşdirməyə nail olmuşdur. Lakin müəyyən obyektiv və subyektiv səbəblərdən Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay mövcud olub, milli istiqlalımız kənar müdaxilə nəticəsində itirilib. Beləliklə, xalqın müstəqillik arzusu imperiya buxovları altında yenidən nisgilə çevrilib, onun milli ruhlu ziyalıları, böyük mütəfəkkirləri, zəka sahibləri sərt repressiyalara məruz qalıblar. Yalnız ötən əsrin 70-80-ci illərində - ulu öndər Heydər Əliyevin respublikaya birinci rəhbərliyi dövründə ümummilli ideyanın gerçəkləşdirilməsi - Azərbaycanın gələcəkdə dövlət müstəqilliyinə qovuşması istiqamətində mühüm işlər görülüb. Sovet dövründə milli idealların həyata keçirilməsi üçün olduqca məhdud bir şəraitdə Azərbaycanın dahi rəhbəri respublikanın sosial-iqtisadi həyatının canlandırılması, elmin, təhsilin, ana dilinin, ədəbiyyatın, incəsənətin hərtərəfli inkişafı, milli hərbi kadrların yetişdirilməsi, Azərbaycanın beynəlxalq miqyasda tanıdılması kimi əhəmiyyətli tədbirlər görüb".

İ.Hüseynova bildirib ki, 1991-ci ilin 18 oktyabrında dövlət müstəqilliyini bərpa edən Azərbaycanın 1993-cü ilin iyununadək üzləşdiyi böyük sarsıntı və fəlakətlər bu qənaətin doğruluğunu bir daha təsdiqləyir:

"Dövlət müstəqilliyini əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq, gələcək nəsillərə ötürmək və inkişaf etdirmək ondan da çətin və müşkül məsələdir. 1993-cü ilin iyun ayında Azərbaycan öz tarixinin qanlı burulğanı içərisində çabalayırdı, ölkədə siyasi və iqtisadi böhran yaranmışdı, xalq olum və ya ölüm dilemması qarşısında idi. Azərbaycanı bir dövlət kimi Qafqazın siyasi xəritəsindən silib götürmək planları gerçəkləşmək üzrə idi. Belə bir çətin şəraitdə Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə qayıdışı respublikada cərəyan edən bütün təhlükəli proseslərin qarşısını aldı. Azərbaycan dövlətçiliyi xilas olundu. Xalqımızın böyük oğlu Heydər Əliyevin tariximiz qarşısında ən böyük xidməti ondan ibarətdir ki, o, Azərbaycan dövlətçiliyini qoruyub saxladı. Dövlətçiliyimizin qorunub saxlanılması, müstəqilliyimizin, suverenliyimizin, azadlığımızın qorunub saxlanılması deməkdir. Bismarkın məşhur bir ifadəsi var: "Şəxsiyyəti olmayan xalqın azadlıq uğrunda mübarizəsi ağlasığılmazdır". Heydər Əliyev fenomeni şəxsiyyətin, qüdrətin, müdrikliyin, iradənin sintezidir. Onun gücünü belə bir cəhət çox aydın göstərir ki, müasir Azərbaycanda cərəyan edən proseslər həmin proseslərin meydana gətirdiyi bütün siyasətçiləri öz təsiri altına aldığı halda, Heydər Əliyev əksinə, hadisələrə öz iradəsini diktə etmək qüdrətinə malik olan lider kimi özünü təsdiqlədi".

İ.Hüseynova vurğulayıb ki, o vaxtdan etibarən ölkədə əzmlə qövlət quruculuğu istiqamətində qətiyyətli addımlar atıldı, ictimai-siyasi sabitlik şəraitində həyat fəaliyyətinin müxtəlif sahələrində pozitiv dəyişikliklər baş verdi, mütərəqqi islahatlar həyata keçirildi, demokratik prinsiplər bərqərar olundu, bir sıra beynəlxalq standartlara cavab verən demokratik qanunlar qəbul edildi:

"İnsan hüquqlarının və azadlıqlarının qorunması və müdafiəsi sahəsində tarixi qərarlar verildi. Şərq aləmində ilk dəfə olaraq ölüm hökmünün ləğv edilməsi, ölkənin siyasi, sosial, iqtisadi və mədəni həyatında qadınların rolunun artırılmasına dair bir sıra vacib tədbirlərin həyata keçirilməsi, təhsil sahələrində aparılan islahatlar, özəlləşdirmə, aqrar islahatlar göstərirdi ki, Azərbaycan demokratik dövlət quruculuğu yolunda əhəmiyyətli uğurlar əldə edib və Azərbaycanda müasir demokratik cəmiyyət formalaşıb. Həmin siyasi kurs Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir və Azərbaycan dövlətçiliyinin daha da möhkəmlənməsi yolunda geniş miqyaslı tədbirlər həyata keçirilir. Bu siyasət aparılan geniş miqyaslı islahatların daha da dərinləşməsinə, iqtisadiyyatın diversifikasiyasına, qeyri-neft sektorunun inkişafına, intelektual potensialının gücləndirilməsinə, vətəndaşların rifah halının yüksəldilməsinə yönəldilib. Mürəkkəb geosiyasi şəraitdə balanslaşdırılmış xarici siyasət, beynəlxalq əhəmiyyətli layihələrin həyata keçirilməsi nəticəsində Azərbaycan Qafqaz regionunda aparıcı dövlət, dünya ölkələri sırasında isə etibarlı, nüfuzlu tərəfdaş kimi özünü təsdiq edib və sivil, demokratik, müstəqil, dünyavi dövlət kimi bərqərar edib".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/487028.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR