Azərbaycan qutabından yeyib, Qarabağdan danışdılar - FOTOLAR

Azərbaycan qutabından yeyib, Qarabağdan danışdılar - FOTOLAR
18:48 7 Noyabr 2016
76 Ölkə
Ölkə mətbuatı
A- A+

Niderlandın Zeyland (Zeeland) bölgəsinin Zirikze (Zierikzee) şəhərində Azərbaycanı tanıtmaq məqsədilə tədbir keçrilib.

Publika.az
xəbər verir ki, şəhər kinoteatrında baş tutan təbdbir Niderlandda fəaliyyət göstərən “Connect” təşkilatının təşkilatçılığı ilə keçirilib.

Niderlandda nəşr olunan “Vereldregio” (Wereldregio) qəzetinin baş redaktoru Aad van der Vouden (Aad van der Wouden) tədbiri açıq elan edib.
“Connect” təşkilatının sədri, soydaşımız Vüqar Abbasov çıxışından sonra Sxouven Dəüveland (Schouwen Duiveland) bələdiyyəsinin başçısı Xerard Rabelinkə (Gerard Rabelink) Azərbaycanla bağlı kitab hədiyyə edib.

Bələdiyyə başçısı çıxışında soydaşımız Vüqar Abbasovala tanışlığından və “Connect” təşkilatından danışaraq, bu təşkilatın gələcəkdə bir çox uğurlara imza atacağına inamını dilə gətirib.

Daha sonra “Connect” təşkilatının katibi Vim van Embden (Wim van Embden) Azərbaycanla bağlı görüntülü (powerpoint) təqdimat edib. Tədbir iştirakçıları bu təqdimat sayəsində Azərbaycanın 1918-ci ildən bu günə kimi olan tarixinə qısa nəzər salıblar.

Təqdimat zamanı zala toplaşanlara müstəqilliyimizi əldə edənə kimi Azərbaycanda törədilən 20 Yanvar qırğını, Xocalı faciəsi barədə də məlumat verilib. Vim van Embden özünün Azərbaycana səfərindən də danışaraq qeyd edib ki, təəssüratları olduqca xoşdur. Daha sonra o, Azərbaycanın gözəlliyindən, insanlarının qonaqpərvərliyindən, tolerant ölkə olmasından və.s. söhbət açıb.

Tədbirdə Azərbaycanla bağlı qısa film nümayiş olunub. Film bitdikdən sonra iştirakçılara Azərbaycanla bağlı suallar verilib və cavabı düzgün tapanlara hədiyyə çekləri, Azərbaycana aid kitab təqdim olunub. Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı xüsusi suala düzgün cavab verən şəxsə isə əlavə olaraq film izləmək üçün kinoya bilet hədiyyə edilib.

Bundan sonra isə Niderlandda yaşayan soydaşımız, nəqliyyat və daşımaçılıq üzrə mütəxəssis Nurlan Ağayev təbdir iştirakçılarına Azərbaycan iqtisadiyyatı, sərmayə qoymaq imkanları ilə bağlı görüntülü təqdimat edib. Təqdimat, eyni zamanda, Azərbaycanın turizm imkanlarını əhatə edib.
Nurlan Ağayev öz təqdimatında Azərbaycanın sərmayədarlar üçün maraqlı, cəlbedici ölkə ola biləcəyinə diqqət çəkərək, zalda olan iş adamlarını ölkəmizə sərmayə qoymağa dəvət edib.
N. Ağayev Azərbaycanın turizm imkanları ilə bağlı iştirakçılara məlumat verib və niderlandlıların turizmə olan marağına toxunaraq Azərbaycanda onların istirahəti üçün gözəl imkanlar olduğunu önə çəkib. Təqdimatdan sonra qonaqlar skripkada, milli musiqi alətlərimiz olan tarda, sazda Azərbaycan musiqilərini canlı ifada dinləyiblər. Bundan sonra isə qonaqlar kinotetrın foyesində Azərbaycan şirniyyatı, qutab və Azərbaycan şərablarını dadmağa dəvət olunublar və bununla da tədbir sona çatıb.

Tədbirin əsas iştirakçıları Zeylandın müxtəlif istiqamətindən gələn niderlandlılar olsa da, Sxouven Dəüveland bələdiyyəsində yaşayan bir neçə soydaşımız da tədbirə qatılıblar. Bundan başqa tədbirdə bir neçə yerli mətbuat orqanının nümayəndələri və bir çox iş adamları, eyni zamanda Azərbaycanla biznes əlaqəsi qurmağa maraqlı olan iş adamları, Niderlandın bir çox siyasi partiyalarının yerli nümayəndələri və.s. iştirak ediblər.










Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/175089.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR