Narahatlıq var: Hansı binalardan mənzil almaq təhlükəlidir?

Narahatlıq var: Hansı binalardan mənzil almaq təhlükəlidir?
21:22 7 Noyabr 2016
153 Ölkə
Ölkə mətbuatı
A- A+

Son zamanlar müxtəlif tikinti şirkətləri xüsusən Bakıda və Abşeron rayonunda vətəndaşlara uzun müddətə, aşağı illik effektiv faizlə və ucuz qiymətə manatla daxili ipoteka kreditləri ilə mənzillər təklif edir. Bəziləri ödəmələri birbaşa, bəziləri isə bank vasitəsilə qəbul edir. Amma bununla belə vətəndaşların xeyli hissəsində sonda fırıldaqçılıq, dələduzluqla üz-üzə qala biləcəyi və mənzillərlə yanaşı, ödədikləri vəsaitlərin də əldən gedəcəyi ilə bağlı qorxu var. Bu qorxu xüsusən əvvəlcədən krediti ödənilərək satın alınan, lakin hələ hazır olmayan mənzillər, binalar üçün daha çoxdur.

Bununla bağlı Milli.Az-ın suallarını cavablandıran daşınmaz əmlak bazarı üzrə ekspert, iqtisadçı Rəşad Əliyev deyib ki, son zamanlar tikinti sektorunun inkişaf etdiyi təəssüratının yaranması aldadıcı olmamalıdır. Ona görə də müəyyən risklər var:

"Ümumiyyətlə, dünyanın istənilən ölkəsində həm iqtisadiyyatda, həm də daşınmaz əmlak bazarında böhran olan vaxt ən birinci zərbə tikinti sektoruna dəyir. Əgər biz Azərbaycan iqtisadiyyatına diqqət etsək, sanki ən çox inkişaf edən elə tikinti sektorudur. Amma bu mənzil tikintisi sahəsinin arxasında real inkişaf görünmür. Bununla yanaşı, görürük ki, tikinti şirkətləri geninə-boluna reklamlar verirlər. Böhrandan qabaq belə bir fikir var idi ki, tikinti sektoru zəifləyəcək, hətta çökəcək, amma bu baş vermədi. Çünki yaşayış mənzillərini tikən şirkətlər yeni satış üsulları seçdilər. Şirkətlər 5-10 illiyə, bəziləri isə bankları cəlb etməklə mənzilləri daha uzun müddətə kreditlə satmağa başladılar. Təbii ki, bu təqdirəlayiq addım idi. Yəni bu yolla şirkətlər böhrandan çıxış yolu tapmış oldular.

Amma hazırda istifadə olunan bu satış sxemləri çox risklidir. Burada həm alıcılıar, həm də şirkətlər üçün təhlükə var. Çünki tikinti şirkəti bilmir ki, cəmi 1 ildən sonra vəziyyət necə olacaq. Çünki müqavilə manatla bağlanır. Əgər şirkətin yığacağı vəsait ona tikintini davam etdirməyə imkan verməyəcəksə, o zaman alıcı ilə satıcı arasında problemlər yaşanmağa başlayacaq.
Bankın rolu isə odur ki, o, tikinti şirkətinin risklərini öz üzərinə götürür. Lakin bank bu risklərin sadəcə bir hissəsini üzərinə götürmüş olur, yəni yalnız satılmış mənzilin pulunu ödəyir. Amma gərək yerdə qalan mənzillər də satılsın ki, binanın tikintisi davam etsin. Bu üçbucaqda tikinti şirkətinin riskləri bankın hesabına azalsa da, şirkətin riskləri nisbətən və vətəndaşın isə tam olaraq qalır. Yəni bina tam tikilməyə, vətəndaş isə mənzilinə sahib olmaya bilər.
Lakin hazırda bazarda fəaliyyət göstərən şirkətlərin əksəriyyətini dələduz və fırıldıqçı adlandırmaq olmaz. Əgər ortalıqda bankın iştirakı varsa, sözsüz ki, orada əməliyyatlarda şəffaflıq da olacaq. Banklar isə xüsusən son zamanlar risklərin idarə edilməsinə ciddi diqqət yetirir".

Bəs kreditlə mənzil almaq istəyən şəxs sonda çətin vəziyyətə düşməmək üçün ilk növbədə nələrə diqqət yetirməlidir? Ekspert bu suala belə cavab verib: "Hələ tikilməmiş binadan ev alan və aybaay kredit ödəyən vətəndaş ilk növbədə tikinti şirkətinin nüfuzuna diqqət yetirməlidir. Yəni vətəndaş həmin şirkət haqqında məlumat toplamalı, onun əvvəllər harada və necə binalar tikdiyini və satdığını araşdırmalıdır. İkincisi, hansı şirkət ki kredit əməliyyatlarını bank vasitəsilə aparır, bu müsbət haldır. Üçüncüsü isə, tikintisinə başlanılmayan, bünövrəsi atılmayan binadan mənzil almaq ümumiyyətlə tövsiyə olunmur. Vətəndaşın mənzil aldığı binanın nə qədər çox mərtəbəsi tikilibsə, orada risk bir o qədər az olur. Çünki əgər binanın yarıdan çoxu tikilibsə, məntiqlə fikirləşmək olar ki, onun tikilib başa çatması şansı çoxdur. Yox, əgər bina hələ "kotlovandadır"sa, yəni yalnız quyusu qazılıbsa, burada risk faizi yüksəkdir.

Bununla belə, bəzi şirkətlər bir binanı digər binanın pulu ilə tikdiyindən, yəni yeni binanın sifarişinin pulu ilə köhnə binanı tikib təhvil verdiyindən, bəzən yeni binaların tikintisində problemlərlə üzləşməli olurlar. Faktiki belə hadisələr çox olub. Yəni "Əlinin papağını Vəlinin başına" prinsipi ilə hərəkət ediblər, axırda da papaq əllərində qalıblar. Ona görə də vətəndaşlar maksimum diqqətli olmalıdırlar".

İlkin İzzət
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/487209.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR