"Savaş olacaq: sonra söyləməyin ki, demədi..."

"Savaş olacaq: sonra söyləməyin ki, demədi..."
09:12 8 Noyabr 2016
3468 Ölkə
Ölkə mətbuatı
A- A+

"Dağlıq Qarabağ problemini Azərbaycan hər an hərbi yolla həll etməyə hazırdır və hakimiyyətimiz sonra deməsin ki, "savaşa hazır deyildik".

Ermənistanın tanınmış politoloqlarından biri Stepan Qriqoryanın fikrincə, rəsmi İrəvan Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların bərpasına hazır deyil. Onun fikrincə, Pakistanın Azərbaycana təqribən 500 milyon dollarlıq silah və hərbi texnika satmağa hazırlaşması da ermənilərin mövqelərini zəiflədir.

"Azərbaycanla Pakistan arasında əməkdaşlıqla bağlı heç bir məhdudiyyət yoxdur. Pakistan NATO-nun, Avropa Şurasının, Avropa İttifaqının üzvü deyil. Pakistan o ölkədir ki, həmişə aşkar şəkildə Azərbaycanı dəstəkləyib, Dağlıq Qarabağ münaqişəsi məsələsində birmənalı olaraq Bakının tərəfini tutub. Mən biləni, Ermənistanın Pakistanla heç bir diplomatik münasibətləri də yoxdur. Bu baxımdan Qarabağ məsələsində Azərbaycanın tərəfini tutan, Azərbaycana silah satan Pakistan bizə düşmən ölkədir", - S.Qriqoryan 1in.am-ın suallarını cavablayarkən söyləyib.

Onun sözlərinə görə, aprelin əvvəlindəki "dördgünlük müharibə"dən sonrakı dövrdə Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zonasında, cəbhə xətti boyunca mövqelərini daha da möhkəmlətməklə yanaşı, təmas xəttindəki qoşunlarını istənilən an hücuma keçməyə hazır vəziyyətə gətirib.

Bunu söyləyən S.Qriqoryan Ermənistanın müdafiə və hərbi potensialının acınacaqlı durumda olduğunu, ölkə rəhbərliyinin yanlış siyasət yürütdüyünü, prezident Serj Sarkisyanın mövcud reallıqları tam anlamadığını vurğulayıb.

"Ermənistan rəhbərliyi əsla dəyişməyib və deyəsən, "dördgünlük müharibə"nin nəticələri də Sarkisyan iqtidarına dərs olmayıb. Azərbaycan ordusunu möhkəmləndirir, ən müasir silahlar və hərbi texnika alır, hətta ballistik raketlərin istehsalına hazırlaşır - Ermənistan isə sanki yuxudadır. Çağırışlar, təhdidlər çoxdur, real cavablar yoxdur. Halbuki Azərbaycanın Dağlıq Qarabağla bağlı istənilən addımına, istənilən bəyanatına dərhal cavab verilməlidir.

Bizdə heç nə dəyişməyib. Serj Sarkisyanın hakimiyyəti prosesləri izləyir, proseslərin arxasınca gedir, yalnız vəziyyət çox ağırlaşanda "ayılır" və nə isə cavab tapmağa çalışır", - S.Qriqoryan bildirib.

"Dördgünlük müharibə"dən sonra Ermənistan rəhbərliyinin müəyyən addımlar atdığını, məsələn, "İsgəndər" raket kompleksləri aldığını xatırladan S.Qriqoryan bütün bunların yetərsiz olduğunu sayır.

"Doğrudur, "dördgünlük müharibə"dəki faktiki məğlubiyyətdən sonra Dağlıq Qarabağdakı mövqeləri möhkəmləndirdik, Rusiyadan yeni silahlar, hərbi texnika aldıq. Lakin bütün bunlar azdır, yetərli deyil. Azərbaycan istənilən an hərbi əməliyyatlara başlamağa hazırdır. Bakının mövqelərində heç nə dəyişməyib və dəyişən deyil. Əgər Serj Sarkisyan düşünürsə ki, Azərbaycan Dağlıq Qarabağdan keçəcək, yanılır. Bunu bir daha deyirəm və hakimiyyətimizə xatırladıram. Sonra söyləməsinlər ki, "Azərbaycanın müharibəyə başlayacağını gözləmirdik", - S.Qriqoryan vurğulayıb.

S.Qriqoryan daha sonra Rusiyanın "Qazprom" şirkətinin Ermənistandakı törəmə şirkəti olan "Qazprom Armeniya"nın ölkə daxilində təbii qaz tariflərini aşağıı salmasını populist, demaqogik addım adlandırıb.

Onun qənaətinə görə, "Qazprom"un rəhbəri A.Millerin İrəvana səfəri və prezident Serj Sarkisyanla görüşməsi sırf siyasi motivli məsələ olaraq iqtisadiyyatdan uzaqdı.

Ermənistanın Qazproma 270 milyon dollara yaxın borcu var və bu qədər borcun olduğu halda ölkənin qazpaylama şəbəkəsinə tam nəzarət edən "Qazprom Armeniya"nın tarifləri aşağı salmaq qərarının heç bir məntiqi əsası ola bilməz.

"Bu qərar seçkilər ərəfəsində Serj Sarkisyanın hakimiyyətinə dəstək məqsədi daşıyır və heç şübhə etmirəm ki, "Qazprom" bunu təmənnasız etməyib. Rusiya belə "ucuzlaşma"nın müqabilində mütləq Serj Sarkisyandan yeni "güzəşt", preferensiya qoparıb. Həmin güzəşt isə Ermənistanın onsuz da yalnız kağız üzərində qalmış suverenliyi və müstəqilliyi hesabına olunduğundan bu barədə hələlik heç bir açıqlama verilmir. O açıqlama səslənəndə isə əmin olun ki, heyrətlənəcəyik, Sarkisyanın iqtidarda qalması üçün daha nələrə əl atacağını düşünəcəyik", - S.Qriqoryan söyləyib.

Orxan Hun
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/487284.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR