Yaponların yeni dəmiryol rekordu: 603 km/saat

Yaponların yeni dəmiryol rekordu: 603 km/saat
22:12 8 Noyabr 2016
74 Dünya
Ölkə mətbuatı
A- A+

Bütün rekordları qıran yüksək sürətli Shinkansen dəmiryol xəttinin açılışı çox əlverişli vaxta - 1964-cü ilə təsadüf etmişdi. Həmin il yay Olimpiya Oyunları da Tokioda keçirilirdi.

2020-ci ildə Yaponiyanın paytaxtı yenidən Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək. Amma ölkə elə indidən yeni bir dəmiryol rekorduna imza atıb.

Maqnitoplan?

Yeni yapon maqlevi (ona maqnitoplan da deyilir) dünyada ən sürətli qatardır. Onun sürəti saatda 603 kilometrdir. Ötən il Fuci dağı yaxınlığında sınaqdan keçirilən qatar özünün bir həftə əvvəlki rekordunu qıra bilib. Əvvəlki rekord saatda 590 kilometr idi.

Milli.Az azadliq.org-a istinadən bildirir ki, sürəti bundan daha az olan maqlev qatarları Çinin Şanxay və Çanqşa, Cənubi Koreyanın İnçeon şəhərlərində var. Belə qatarların həm yerdən havaya qaldırılması (bu, sürtünməni azaldır), həm də irəliyə getməsi üçün maqnit qüvvəsindən istifadə edilir.

Bu, bəlkə də, Yaponiyanın ən cəsarətli dəmiryol ixtirasıdır

Chuo Shinkansen maqlev xətti Tokionu cənubdakı Naqoya şəhəri ilə birləşdirəcək. Səfər cəmi 40 dəqiqə çəkəcək. Hava limanına getməyi, bütün prosedurlardan keçməyə sərf olunan vaxtı nəzərə alsaq, bu, təyyarə ilə getməkdən daha tez başa gəlir. Gələcəkdə xətti Osakaya qədər uzatmaq planları da var.

16 vaqonlu qatar 186 kilometrlik yol boyunca min sərnişin daşıya biləcək.

Maqlev xəttini quraşdıran Yapon Mərkəzi Dəmiryol Şirkətinin meneceri Tomoaki Seki deyir ki, şirkət bu texnologiyanı 1997-ci ildən bəri sınaqdan keçirir.

İstifadəyə veriləcəyi 2027-ci ilədək xətt artıq 30 illik sınaq yaşamış olacaq.

"Biz texnologiyamızı təkmilləşdirir, əməliyyat, təmir və konstruksiya xərclərini azaltmaq yollarını düşünürük", - Seki deyir.

İki "ilk"i nə birləşdirir?

Bəs 2020-ci ilin olimpiadası ərəfəsində baş verən bu yeniliklə 1964-cü ilin Tokio Olimpiadası vaxtı işə salınan sürət qatarını nə birləşdirir?

Onların hər ikisi bəlli anlamda siyasi önəm daşıyır.

Tokio-Osaka xəttində işə salınan ilk sürət qatarı təkcə daxili nəqliyyat sistemini yaxşılaşdırmaq məqsədi güdmür, həm də II Dünya Müharibəsində iqtisadiyyatı darmadağın olmuş Yaponiyanın mühəndislik sahəsində Qərb dövlətlərini geridə qoyduğunu dünyaya göstərirdi.

Bu, dünyanın diqqətindən qaçmadı

Çox keçmədi ki, Yaponiyanın ardınca Fransa da məşhur "Train à Grande Vitesse" - "TGV" sürət qatarlarını istifadəyə verdi (1970). "TGV" də 2007-ci ildə sürət rekordunu qırmışdı. 1985-ci ildə Almaniyanın xəttə buraxdığı "Intercity-Express" sürət qatarları da dünyanın ən sürətli nəqliyyat vasitələrindən idi.

Bu gün Yaponiyadan ötrü öz hər zamankı dəmiryol reputasiyasını yeniləmək çox önəmlidir.

Hələ 2027-ci ildə istifadəyə veriləcək maqlev qatarı artıq Yaponiya mühəndis düşüncəsində yeni çağın başlandığına işarədir.

2020-ci ilin Olimpiya Oyunları bu yeni uğuru dünyaya göstərmək üçün çox gözəl imkandır.

Ancaq Seki deyir ki, bunun iqtisadi uduşları da ola bilər, axı Yaponiya yeni texnologiyanı ABŞ-a satmaq niyyətindədir:

"Yaponiyanın baş naziri Shinzo Abe bu layihənin böyük vurğunudur. O, Vaşinqtondan Nyu Yorka yol təklif edir".

Yaponiya nəqliyyatda güvənlik lideridir

Sürət öz yerində, Yaponiya, şübhəsiz, güvənlik sahəsində də dünya lideridir.

Az qala, 60 il ötüb, amma ölkədəki sürət qatarlarında ciddi xəsarət və ölümlə nəticələnmiş qəza sayı sıfra bərabərdir.

Seki-nin sözlərinə görə, ictimaiyyət nümayəndələrinə maqlevin sınaqlarına qatılmaq imkanı verilib və rəylər müsbət çıxıb. Sərnişinlər səfərin "hamar" olduğunu deyiblər.

İstər maqlev sərnişinləri, istərsə yaxın şəhərlərin sakinləri səsdən narahat olmamalıdırlar.

"Maqlevin ətrafında dairəvi başlıq tikiləcək, bununla da qatarın səsi standartlara uyğun səviyyəyə salınacaq", - Seki deyir.

Mühəndisin sözlərinə görə, proses asan başa gəlməyəcək: "Çox sayda tunel qazmalıyıq".

Yapon qanunvericiliyinə görə, yerin 40 metr dərinliyində ictimai istifadə üçün konstruksiyalar tikən şirkətlər yerin üstündəki ərazini satın almalı deyillər.

Bu isə maqlev yaradıcılarına Tokio və Naqoya kimi şəhər ərazilərinin altından birbaşa yollar çəkməyə imkan verib.

Ancaq bu, həm də o deməkdir ki, sürət qatarı daha Fuci dağının yanından keçməyəcək. Çünki maqlev xəttinin 86 faizi yerin altından keçir.

Seki-nin fikrincə, bu, əldə edilən sürətə görə balaca itkidir:

"Düşünürəm ki, bu maqlev xəttini başa çatdırmaqla hökumət Yaponiyada daha böyük iqtisadi inkişaf gözləyir. Bu, yola xərclənən vaxtı azaldacaq və şəhərlərarası hərəkəti stimullaşdıracaq... Bu, biznes fəaliyyətini və insanların həyat tərzini dəyişəcək".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/487592.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR