Yeni prezident Amerikanın siyasətində nəyi dəyişə biləcək?

Yeni prezident Amerikanın siyasətində nəyi dəyişə biləcək?
11:47 9 Noyabr 2016
148 Ölkə
Ölkə mətbuatı
A- A+

Amerikada kimin prezident seçiləcəyindən asılı olmayaraq dünyada və bizim regionda gedən proseslərə baxışda ciddi dəyişiklik baş verməyəcək.

Bunu Milli.Az-a açıqlamasında təhlükəsizlik və regional geosiyasət məsələləri üzrə ekspert, "Trend" İnformasiya Agentliyinin baş direktorunun müavini Arzu Nağıyev deyib.

Ekspertin fikrincə, seçkiqabağı kampaniya dövründə nə Donald Tramp, nə də Hillari Klinton ortaya yeni bir platforma qoya biliblər: "Düşünürəm ki, həm Donald Tramp, həm də Hillari Klinton öz seçki öncəsi debatlarında, çıxışlarında elə bir yeni məsələ ortaya qoya bilmədilər, onların sözlərində hər hansı ciddi yeniliyin şahidi olmadıq. Hər ikisi eyni məsələləri təkrarlayırdılar, hər ikisinin də əsas vurduğu nöqtə iqtisadiyyat, ölkəyə təhdid, terrorizmlə mübarizə oldu. Onlar bundan o yana hər hansı problemi qabarda bilmədilər. Ən maraqlısı isə odur ki, onların hər ikisinin bu problemlərin həlli üçün konkret resepti də yoxdur. Hər ikisi öz partiyası üçün daha yaxşı nümayiş etdirdilər. Əsas məsələlər iqtisadiyyatda yeni iş yerlərinin yaradılması, təhlükəsizlikdə isə terrorizmlə bağlıdır. Amma onların hər ikisi bu məsələlərdə eyni nöqtədən danışırlar, amma ortaya konkret mexanizm qoyan yoxdur".

A.Nağıyev hesab edir ki, istər Tramp, istərsə də Klinton seçki kampaniyası dövründə dediyi sözlərin hamısını gerçəkləşdirə bilməyəcəklər: "Ümumiyyətlə, Suriya, Türkiyə, Yaxın Şərq mövzusu hər ikisinin çıxışında eyni dərəcədə yer tutub. Suriya mövzusu ABŞ-dakı prezident seçkilərinin ən əhəmiyyətli məsələlərindən biri idi. Tramp iddialar irəli sürürdü ki, bu regionda baş verən proseslərin həmmüəllifi məhz Hillari Klinton olub və Klinton qalib gəlsə, bu proseslər davam edəcək. Klinton isə bildirirdi ki, Tramp prezident olsa, ölkəyə təhdidlər artacaq, Amerika Rusiya ilə yaxınlaşacaq. Ümumi, daha geniş baxsaq isə demək olar ki, Tramp və ya Klinton prezident seçilsələr belə, Amerikanı məhz onlar idarə etməyəcəklər. Onlar daxili və xarici siyasətdə müəyyən təsir gücünə malik ola bilərlər, amma ABŞ elə bir dövlətdir ki, o, öz siyasətini konstitusiyası əsasında qurur. Yəni ola bilər ki, namizədlər seçkiqabağı müəyyən manevrlər etsinlər, lakin prezident olduqdan sonra vədlərinin hamısını yerinə yetirə bilməyəcəklər".

Ona görə də Amerikanın bizim regionla bağlı siyasətində də ciddi dönüşün olacağı gözlənilmir: "Regiona gəlincə, fikrimcə, Türkiyə ilə Rusiya arasında yaşanan təyyarə böhranından sonra Əhməd Davudoğlunun sakitcə öz postunu tərk etməsində Klinton amili rol oynamışdı. Klintonun məhz Davudoğlunu dəstəkləməsi, AKP ilə müəyyən problemlərin olması, tez-tez peşmərgənin və digər kürd qruplarının silahlandırılması, FETÖ məsələsi və s. məsələləri müəyyən qədər Klintonun ayağına yazmaq olar. Düşünülürdü ki, əgər Klinton prezident seçilsə, bunun Türkiyəyə və bu fonda Azərbaycana da ciddi təsiri ola bilər. Eyni zamanda H.Klintonun seçki kampaniyası dövründə FETÖ məsələsinin qabardılması, İŞİD-in məhz ABŞ tərəfindən yaradılmasının işıqlandırılması fonunda Amerika xalqı düşünürdü ki, D.Tramp onlar üçün yeni istiqamət müəyyənləşdirə, daxili siyasətdə fərqli addımlar ata bilər. Amma ümumən düşünürəm ki, kimin prezident seçilməsindən asılı olmayaraq, regional problemlərə baxışda ciddi dəyişiklik olmayacaq. Müəyyən təsir gözləniləndir, amma köklü dəyişikliklərin olacağı inandırıcı deyil".

İlkin İzzət

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/487757.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR