Amerikanı təkcə prezidentlər idarə etmirlər, amma Tramp "qaranlıq qutu"dur

Amerikanı təkcə prezidentlər idarə etmirlər, amma Tramp "qaranlıq qutu"dur
13:17 9 Noyabr 2016
118 Ölkə
Ölkə mətbuatı
A- A+

Donald Tramp prezident olsa da, seçkiqabağı kampaniya vaxtı verdiyi problematik vədlərin, dediyi sözlərin hamısını yerinə yetirə bilməyəcək. Çünki bu ölkəni təkcə prezident idarə etmir, prezident istədiyini edə bilməz. Onun mövcud siyasi sistemə qarşı getməsi isə ABŞ üçün böyük problemlər yarada bilər.

Bunu ABŞ-ın yeni prezidenti dövründə bu ölkənin siyasətində hansı dəyişikliklərin baş verəcəyi ilə bağlı Milli.Az-a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, qaranlıq qutu olan Trampın verdiyi vədlərinin çoxu populist xarakterli olduğundan onların bəzilərinin icrası çətin olacaq: "Demokratların namizədi Hillari Klinton dövlət katibi olub, xarici siyasətdə müxtəlif addımlar atıb. ABŞ-ın Yaxın Şərq siyasətindəki bəzi müəmmalı addımlar, İŞİD-in meydana gəlməsi, Liviyadakı uğursuzluqlar onun adı ilə bağlanır. Amma Tramp nə konqresmen olub, nə də dövlət vəzifəsi daşıyıb. Ona görə də Tramp bizim üçün qapalı bir qutudur. Tramp o qədər vədlər verib ki, onların yerinə yetirilməsi son dərəcə problematik olacaq. Deyib ki, Amerikaya müsəlmanları buraxmayacaq. Bu irqi ayrı-seçkilikdir. Deyib, Meksika ilə sərhəddə Meksika hökumətinin hesabına divar tikəcəm. Bu da utopiyadır. Yaxud deyib ki, Putinlə dostlaşacam. Bu necə olacaq? Krımın işğalını unudub Ukraynanı arxa plana atacaq?

Əgər Amerikanın siyasi sistemi Krımın işğalına və Suriyada Bəşər Əsəd rejiminə verdiyi dəstəyə görə Rusiyaya qarşı sanksiyaların davamını diqtə edirsə, Tramp bunu gözardı edərək Putinlə asanlıqla dostlaşa bilməyəcək. Və ya Vaşinqton Tehranla nüvə razılaşmasına nail olmaq üçün uzun illərlə danışıqlar aparıb və İranın nüvə silahı əldə etməyəcəyinə dair zəmanət aldıqdan sonra bu ölkə ilə barışıb. Bu barış Amerikanın maraqlarına uyğundur. Ağ evin yeni sahibi bu barışdan imtina edərsə, bu Amerikanın ziyanına olacaq, çünki Tehran müqavilədən çıxmaqla nüvə silahı yaratmaqda sərbəst olacaq.

Yəni bunlar havaya verilmiş vədlərdir. Hətta iqtisadçıların fikrincə, əgər Tramp verdiyi iqtisadi vədləri yerinə yetirsə, 100 trilyonlarla dollar borca düşə bilər. Vədlərdir, verib ki, seçicilərin səsini qazansın. Amma prezident olandan sonra yəqin ki, müşavirləri də ona anladacaqlar ki, belə yox, başqa cür etmək lazımdır".

Mümkündür ki, ola bilər ki, Tramp iş adamı kimi Amerika iqtisadiyyatında, sosial sahədə və bank sektorunda nəsə uğur qazansın, ancaq eyni sözləri təhlükəsizlik və xarici siyasətə şamil etmək çətindir: "Trampın iş adamı olduğu illərdə hətta hansı ölkələrə səfər etdiyi barədə də məlumat yoxdur. Mən heç əmin deyiləm ki, ona hansısa dövlət barədə məlumat verəndə o, xəritədə həmin dövləti göstərə bilər. Amma hər halda prezident olsa, məcbur olacaq ki, bütün bu məsələlərlə maraqlansın və əgər özü zəifdirsə, bu məsələdə güclü müşavirlərə ehtiyacı olacaq.

Bizim bölgəyə gəlincə, Amerikanın Türkiyə və Azərbaycanla tərəfdaşlıq münasibətləri var. Düzdür, son zamanlar Türkiyə ilə münasibətlərdə xeyli soyuqluq yaranıb. Çünki əvvəla, ABŞ Suriyada silahlı kürdlərə dəstək verir, o silahlar PKK-nın əlinə keçir, PKK isə həmin silahlarla Türkiyədə terror aktları törədir. İkincisi, 15 iyul çevrilişinin planlaşdırıcısı Fətullah Güləni Türkiyəyə ekstradisiya etmirlər. İndi demək çətindir ki, Tramp prezident olandan sonra Türkiyənin bu istəklərini yerinə yetirəcək, ya yox. Bu, aylarla vaxt ala bilər. Hillari Klinton seçilsəydi, deyərdim ki, bu vədlər yerinə yetirilməyəcək. Çünki o, Barak Obamanın siyasətinin davamçısı olacaqdı. B.Obama prezident seçiləndə böyük ümidlər var idi ki, strateji tərəfdaşlığın səviyyəsi artacaq. Hətta Obama ilk müsəlman ölkəsi olaraq Türkiyəyə səfər etmişdi. Bu da böyük ümidlər yaratmışdı. Amma sonra gördük ki, Obamanın dövründə Suriyada kürdlərə də dəstək verildi, F.Gülən də ekstradisiya olunmur. Əslində məsələ birbaşa Barak Obamada deyil. Çünki Amerikada oturuşmuş siyasi sistem var. Obama istəməsə belə, bu sistemin əsirinə çevrilə bilərdi. Məsələn, Liviya əməliyyatını götürək. Obama orada əməliyyat keçirmək istəmirdi. Amma Amerika təkcə prezidentdən ibarət deyil, Dövlət Departamenti var, Pentaqon, müşavirlər, beyin mərkəzləri var. Onu məcbur etdilər ki, Liviyaya müdaxilə etsin. Sonda özü də etiraf etdi ki, Liviyaya hərbi müdaxilə yanlış addım idi. Həqiqətən də Müəmmar Qəzzafi nə qədər diktator olsa da, Liviyanın ərazi bütövlyünü təmin etmişdi, iqtisadi və sosial inkişaf var idi, Afrika ölkələri içərisində ən inkişaf etmişi sayılırdı. Amma indi Liviya parçalanıb, dağılıb, terror yuvasına çevrilib".

Ona görə də politoloq hesab edir ki, Tramp da prezident olsa, bu o demək deyil ki, istədiyi qərarları verə bilər: "Amerikanın milli və təhlükəsizlik maraqları nəyi diktə edəcəksə, o istiqamətdə də hərəkət edəcək. Obama prezident seçkilərindən əvvəl söz vermişdi ki, "erməni soyqırımı"nı tanıyacaq. Tanıya bildimi? Bu 8 ildə soyqırım ifadəsini dilinə gətirdimi? Xeyr. Çünki belə bir ifadəni dilinə gətirsə, Türkiyə ilə Amerika arasındakı olan-qalan körpüləri də yandıracaq. Bu isə Amerikanın milli və təhlükəsizlik maraqlarına cavab vermir. Obama deyirdi ki, prezident olan kimi Quantanamo həbsxanasını bağlayacaq. Bu həbsxana hələ də qalır və fəaliyyətdədir. Obama çox istədi ki, Amerikada açıq şəkildə silah satılmasın. Bunun qarşısını ala bildimi? Tramp da prezident olsa, istədiyini edə bilməyəcək və verdiyi vədlərə rəğmən, müəyyən çərçivələri gözləmək məcburiyyətində qalacaq. O çərçivələri isə təkcə prezident müəyyənləşdirmir. Təkrar edirəm, Pentaqon, Dövlət Departamenti, müşavirlər və güclü lobbilər var.

Tramp mövcud sistemə qarşı getsə, konfrontasiya yaratsa, ölkəsi üçün pis edəcək, qarşıdurmanı gücləndirəcək. Tramp bu addımları ilə öz impiçmentini yaxınlaşdıra bilər. Yəni yanlış qərar olarsa, Konqres impiçment məsələsəni qaldıra və prezident səlahiyyətlərinə vaxtından əvvəl xitam verə bilər. Ona görə də Tramp da müəyyən oyun qaydalarını gözləmək məcburiyyətində qalacaq".

İlkin İzzət

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/487795.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR