Tramp Azərbaycanla əməkdaşlığa üstünlük verməlidir

Tramp Azərbaycanla əməkdaşlığa üstünlük verməlidir
13:27 9 Noyabr 2016
214 Ölkə
Ölkə mətbuatı
A- A+

Amerikanın yeni seçilmiş prezidenti Donald Tramp Cənubi Qafqazda Azərbaycanla əməkdaşlığa üstünlük verməlidir.

Milli.Az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib.

ABŞ-la Azərbaycan arasında mövcud münasibətlərin vəziyyətinə toxunan ekspert qeyd edib ki, onlar heç də arzulanan səviyyədə deyil: "Barak Obamanın prezidentliyi və Hillari Klintonun dövlət katibliyi dövründə ABŞ-Azərbaycan münasibətlərində irəliləyiş qeydə alınmadı. Tam əksinə, bu dövrdə Bakıda Amerikanın müxtəlif fondları qapandı, xarici qrantlara qadağa qoyuldu. Böyük ehtimalla Donald Tramp prezident seçildikdən sonra Bakıda inşası çoxdan tamamlanan "Trump Tower" binasının açılışı olacaq.

Digər tərəfdən, Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini sürətləndirməyə marağı yoxdur. Bu münaqişə Vaşinqton üçün son sıralarda yer alıb".

E.Şahinoğlu hesab edir ki, Vaşinqton-Bakı münasibətləri yeganə olaraq enerji əməkdaşlığında müsbət tendensiyaya malikdir, sıx dialoq mövcuddur: "Vaşinqton Azərbaycan qazının Avropa bazarına çatdırılması üçün Bakıya hər cür dəstək verir, hətta bu məqsədlə Avropa İttifaqı dövlətlərində Azərbaycanın xeyrinə lobbiçilik fəaliyyəti aparır. Tramp administrasiyası bu dəstəyi davam etdirəcək. Adətən respublikaçı prezidentlər geosiyasi amillərə önəm verirlər. Demək, Tramp da bir respublikaçı kimi bu amildən çıxış edərək Cənubi Qafqazda Azərbaycanla əməkdaşlığa üstünlük verməlidir.

Unutmayaq ki, Amerikanın siyasi sistemi Azərbaycanın ayaqları üstündə möhkəm dayanmasında, dünyəvi müsəlman ölkəsi kimi inkişafında, o cümlədən dövlətlərin mümkün təsirlərindən qorunmasında maraqlıdır. Bu Azərbaycanın da maraqlarına uyğundur. Ona görə də rəsmi Bakı Vaşinqtonun regional siyasətindən nə qədər narazı olsa da, balanslaşdırılmış xarici siyasət çərçivəsində Amerikanın yeni administrasiyası ilə əməkdaşlığın yollarını axtarmalıdır".

İlkin İzzət

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/487800.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR