İrəvandan Trampa "ERMƏNİ MƏKTUBU" yolladılar

İrəvandan Trampa "ERMƏNİ MƏKTUBU" yolladılar
10:17 10 Noyabr 2016
401 Ölkə
Ölkə mətbuatı
A- A+

Ermənistan prezidenti Serj Sarkisyan Amerika Birləşmiş Ştatlarının yeni seçilmiş prezidenti Donald Trampa ünvanladığı məktubda hiyləgər cümlələr işlədib.

Milli.Az xəbər verir ki, bunu Azərbaycan və Ermənistan prezidentlərinin Donald Trampa göndərdikləri təbrik mətnlərində oxşar və fərqli məqamlara diqqət çəkən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib.

Politoloqun sözlərinə görə, hər iki prezident məktublarında Amerikanın həmsədrliyinə və münaqişənin həllində oynadığı rola diqqəti çəkiblər. Ancaq bu məktublardakı yeganə oxşarlıqdır:

"İlham Əliyev məktubunda Azərbaycan torpaqlarının Ermənistanın işğal altında qalmasından və bir milyon qaçqının varlığından söz açarkən, Serj Sarkisyan münaqişənin detallarının üzərindən sükutla keçib. İlham Əliyev ABŞ-ın Minsk Qrupunun həmsədri kimi Trampın rəhbərliyi altında Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həllinə öz töhfəsini verəcəyinə ümid etdiyini deyərkən, Serj Sarkisyan yenə "müdrikcəsinə" susub. Görünür, Sarkisyan Trampdan mədət umduğunu gizlətməklə Rusiyanın qınağına tuş gəlmək istəməyib. Əks halda Rusiya Sarkisyandan soruşa bilərdi ki, sən kimsən ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Amerikadan yardım istəyirsən?"

Buna baxmayaraq, ekspertin fikrincə, Serj Sarkisyan Trampa təbrik məktubunda iki hiyləgər cümlə işlədib: "Birinci cümləsində deyib: "ABŞ 25 ildir Ermənistan demokratiyasının və iqtisadiyyatının formalaşmasında mühüm rol oynayır". Yəni Sarkisyan bununla demək istəyib ki, bundan sonra köməyinizi kasıb Ermənistandan əsirgəməyin. İkinci cümləsində isə vurğulayıb ki, "iki dövlət arasındakı əməkdaşlıqda Amerikada yaşayan ermənilərin həmişəki töfhəsi nəzərə alınacaq". Bu, Trampa incə mesajdır ki, bəs Amerikada böyük gücə sahib olan erməni lobbisinin maraqları nəzərə alınmalı və erməni lobbisinin iki əsas düşməni - Türkiyə və Azərbaycanla münasibətlərdə diqqətli olmalısınız".

Lakin E.Şahionğlu hesab edir ki, Tramp erməni lobbisinin maraqlarını nəzərə alacaq birisinə bənzəmir: "Onun seçkiqabağı kampaniyasında erməni lobbisinin təmsilçiləri ilə sıx əlaqələrinə dair informasiya da yoxdur, tam əksinə, Hillari Klinton Nyu-York konqresmeni kimi ermənilərə bir sıra vədlər vermişdi...".

İlkin İzzət
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/488011.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR