Vergilər Nazirliyində qanunsuz sahibkarlığa qarşı mübarizə şöbəsi yaradıldı

Vergilər Nazirliyində qanunsuz sahibkarlığa qarşı mübarizə şöbəsi yaradıldı
10:19 10 Noyabr 2016
63 Digər
Ölkə mətbuatı
A- A+

 

Vergilər Nazirliyində Azərbaycan Respublikasının Prezidentinin “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” 4 avqust 2016-cı il tarixli Sərəncamında verilən tapşırıqların icrası istiqamətində görülən işlərə və qarşıda duran vəzifələrə həsr edilmiş Kollegiya iclası keçirilib.

 

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, vergilər naziri, 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov bildirib ki, Azərbaycanda sahibkarlığın inkişafının dəstəklənməsi, vergi qanunvericiliyinin və vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində son illər ərzində mühüm addımlar atılıb, görülmüş tədbirlər nəticəsində büdcəyə vergi daxilolmaları üzrə müəyyən edilmiş proqnoz tapşırıqlarına artıqlaması ilə əməl olunub.

 

Nazir deyib ki, dünya bazarlarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi nəticəsində ölkədə yaranmış yeni iqtisadi şəraitdə iqtisadiyyatın neft gəlirlərindən asılılığını minimuma endirmək məqsədilə aparılan iqtisadi islahatlar çərçivəsində cari ildə vergi orqanlarının fəaliyyəti təkmilləşdirilib, nazirliyin bütün strukturlarının fəaliyyətinin son nəticəyə - büdcə daxilolmalarının artırılmasına yönəldilməsi üçün bir sıra əhəmiyyətli tədbirlər görülməkdədir.

 

Kollegiya iclasında sərəncamdan irəli gələn məsələlərlə bağlı görüləcək işlər, eləcə də icra intizamına nəzarətin və strukturlararası koordinasiyanın səmərəliyinin artırılması ətrafında geniş müzakirələr aparılıb.

 

İclasda yekun nitqi ilə çıxış edən vergilər naziri Fazil Məmmədov vurğulayıb ki, Nazirlik yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin aidiyyəti strukturları tərəfindən qanunsuz sahibkarlıq və mütəşəkkil qaydada vergidən yayınma halları ilə mübarizə qənaətbəxş səviyyədə deyil, operativ nəzarət strukturları isə bir sıra hallarda kiçik sahibkarlıq subyektləri barəsində aktlar tərtib etməklə işləri bitmiş hesab edirlər. Nazir qanunsuz sahibkarlıq, iri məbləğlərdə vergilərdən yayınma halları ilə mübarizə, işində nöqsanlara yol vermiş vergi xidməti əməkdaşları barəsində vergi orqanlarında xidmətinə xitam verilməsi də daxil olmaqla ciddi cəza tədbirlərinin görülməsi ilə bağlı konkret tapşırıqlar verib. Daxili təhlükəsizlik baş idarəsinə və Nazirliyin Aparatına icra intizamına nəzarətin və strukturlararası koordinasiyanın səmərəliyinin artırılması üçün təcili tədbirlər görülməsi tapşırılıb.

 

Qeyd edək ki, iclasda kollegiyanın qərarı ilə vergi orqanları tərəfindən nəzarət funksiyalarının həyata keçirilməsi mexanizminin müasir tələblərə uyğun olaraq daha da təkmilləşdirilməsi, büdcə gəlirləri üzrə proqnoz tapşırıqlarının tam həcmdə yerinə yetirilməsi məqsədilə Vergilər Nazirliyində bəzi struktur və kadr dəyişiklikləri aparılıb, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində bu məsələlərlə birbaşa məşğul olacaq müvafiq struktur bölmə - İqtisadi sahədə mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsinin tərkibində Qanunsuz sahibkarlıq fəaliyyətinə qarşı mübarizə şöbəsi yaradılıb.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259044

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR