Putin Trampı seçim qarşısında qoyacaq

Putin Trampı seçim qarşısında qoyacaq
10:42 10 Noyabr 2016
125 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiya prezidenti Vladimir Putin Amerika Birləşmiş Ştatlarının yeni seçilmiş prezidenti Donald Trampı andiçmə mərasimidən sonra Moskvaya səfərə dəvət edəcək və bununla onu dilemma qarşısında qoyacaq.

Milli.Az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, necə ki, Barak Obama Amerika prezidenti seçiləndə ona böyük ümidlər və gözləntilər var idi, indi də Donald Trampdan istəklər var: "Putin Trampı təbrik edərək deyib ki, münasibətlərin əvvəlki axarına qaytarılacağına ümid edir, Türkiyənin baş naziri Binəli Yıldırım isə deyib ki, "Güləni verin və münasibətlərdə yeni səhifə aşaq", Misirin hakimiyyəti sevinir ki, Trampı birinci onlar təbrik ediblər və s. Görək Tramp dövlət katibi vəzifəsinə kimi təyin edəcək? Çünki özü təhlükəsizlik və xarici siyasət məsələlərində təcrübəli olmadığına görə ona beyni yaxşı işləyən və dost qazanmağı bacaran dövlət katibi lazımdır".

Ekspertin fikrincə, başqa bir sual yenə aktuallığını qoruyur: "Tramp Putinlə vəd etdiyi kimi dostlaşa biləcəkmi? Mən şübhə etmirəm ki, Putin andiçmə mərasimindən sonra Ağ Evin yeni sahibini Moskvaya səfərə dəvət edəcək. Putin bununla Trampı dilemma qarşısında qoyacaq: "Demirdin ki, mənimlə dost olmaq istəyirsən, gəl Moskvada dərdləşək". Trampın Moskvaya səfərə razılaşması Krımın işğalının unudulması və beləcə Ukraynaya verilən dəstəyin azaldılması kimi başa düşüləcək, səfərdən imtina isə Ağ Evin yeni sahibinin vədinə xilaf çıxması anlamına gələcək".

E.Şahinoğlu qeyd edib ki, Trampın Ukraynanı arxa plana atıb Moskva ilə dostlaşmaq istəyi Avropa İttifaqının bir çox ölkəsinin də işinə yarayır: "Onlar da Krıma və Ukraynaya görə Rusiya ilə əbədi düşmən qalmaq istəmir, sanksiyaların ortadan qaldırılmasını istəyirlər. Məsələn, İtaliya, Yunanıstan və Macarıstan kimi ölkələrin adlarını çəkmək mümkündür. Elə Avropa İttifaqının əsas dövlətlərindən birinin - Fransanın da siyasi palitrası Rusiya ilə dostluq əlaqələrini bərpa etmək istədiklərini göstərir. Prezidentliyə əsas namizədlərdən biri Nikola Sarkozi də Krımın işğalını unutmağa hazırdır.

Beləliklə, Ukrayna üçün ağır günlər başlayır. Tramp iş adamı kimi havaya pul sovuranlardan deyil. Ona görə də çətin ki, Kiyev Amerikadan böyük miqdarda kredit ala bilsin. Hələ, üstəlik, Tramp Putinlə də dostlaşsa, Kiyev üçün Donbass probelmini həll etmək də çətin olacaq".

İlkin İzzət
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/488020.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR