Azərbaycana külli miqdarda psixotrop tərkibli dərman preparatlarını keçirən dəstənin üzvləri saxlanılıb

Azərbaycana külli miqdarda psixotrop tərkibli dərman preparatlarını keçirən dəstənin üzvləri saxlanılıb
13:12 10 Noyabr 2016
132 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 10 noyabr. REPORT.AZ/ İnsan orqanizminə ciddi zərər vuran, satışı müvafiq qanunvericiliyə əsasən qadağan olunmuş psixotrop tərkibli dərman preparatlarının ölkəyə gətirilməsinin, o cümlədən alqı-satqısının qarşısının alınması istiqamətində daxili işlər orqanları tərəfindən növbəti uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirilib.
Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Gürcüstan Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycana psixotrop tərkibli dərman preparatlarını keçirən mütəşəkkil cinayətkar dəstə barədə əməliyyat məlumatı daxil olub.
Baş İdarə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin mütəşəkkil cinayətkar dəstənin üzvləri – Gürcüstan Respublikasının vətəndaşları Heydər Rüstəmov, onun qohumu Arifə Rüstəmova, eləcə də Ağcəbədi rayon sakini Cavidan Hüseynov və Füzuli rayon sakini Şahin Qurbanov saxlanılıb.
İlkin araşdırmalar zamanı məlum olub ki, H.Rüstəmov və A.Rüstəmova psixotrop tərkibli dərman preparatlarını ölkəyə qaçaqmalçılıq yolu ilə gətirərək digər dəstə üzvləri vasitəsilə satışını təşkil ediblər.
Saxlanılan şəxslərin üzərlərindən, həmçinin yaşadıqları evlərdən külli miqdarda güclü psixotrop təsirə malik olan “Rivotril”, “Ksanaks”, “Tramadol”, "Relanium”, “Lyrica” və satışı qadağan olunan digər adlarda dərman preparatları aşkar olunaraq götürülüb.
Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.







Xəbərin orijinal ünvanı: https://report.az/hadise/azerbaycana-kulli-miqdarda-psixotrop-terkibli-derman-preparatlarini-keciren-destenin-uzvleri-saxlani

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR