Rauf Arifoğlu: "İnternet televiziya yaradılması planı qüvvədədir"

Rauf Arifoğlu: "İnternet televiziya yaradılması planı qüvvədədir"
14:19 10 Noyabr 2016
57 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün “Yeni Müsavat” qəzetinin ilk sayının çap edilməsindən 27 il ötür. Geridə qalan dövr ərzində ölkənin aparıcı ictimai-siyasi qəzetlərindən birinə çevrilməyi bacaran qəzet həm də ən çox satılan çap media nümunələrindəndir. Qəzetin baş redaktoru Rauf Arifoğlu da 27 illik fasiləsiz fəaliyyət dövrünü Azərbaycan mətbuatı üçün böyük uğur sayır: “Qəzetimizin bu qədər fəaliyyət göstərmək imkanının olması da bir bayramdır və çox əlamətdar hadisədir. Hesab edirəm ki, 27 illik fəaliyyət dövrü media tarixi üçün də son dərəcə əhəmiyyətlidir. Çünki “Yeni Müsavat” qəzeti Azərbaycanın müstəqillik mücadiləsində ortaya çıxmış, sovetlər dövründə bir təşkilat kimi yaradılmış, Azərbaycan müstəqillik qazandıqdan sonra isə Azərbaycan dövlətinin rəsmi qeydiyyatından keçmiş və bu zamanadək fəaliyyət göstərməkdə olan bir media quruluşudur. Burdan yüzlərlə mətbuat işçisinin yolu keçib. Ümumiyyətlə “Yeni Müsavat” qəzeti Azərbaycan media sənayesi, media sektoru üçün təkcə tarix deyil, həm də bu gün və gələcəkdir. Həm tarixi, həm də məktəb olması baxımından. Bu münasibətlə mən bizi təbrik edənləri təbrik etmək istəyirəm. Çünki Azərbaycanın yaşı 27 olan belə bir media quruluşu var. Qəzetdə bir gün də belə əmək vermiş insanlar da daxil olmaqla burada acılı-şirinli günlər keçirmiş, taleyinə hopdurmuş dostların hamısına təşəkkür etmək istəyirəm. Allah onları qorusun. Dünyasını dəyişən xeyli əməkdaşlarımız var, Allah onlara da rəhmət eləsin. Xəstəxanada çətin durumda olan keçmiş yeni müsavatçılar var. Allahdan onlara şəfa diləyirik və özümüzün əlimizdən gələn yardımı göstərməyə çalışırıq”.

 

Rauf Arifoğlu bildirib ki, “Yeni Müsavat” Azərbaycan fenomenidir: “Bu qəzet bir Azərbaycan hadisəsidir. Çox xoşbəxtik ki, bu fenomeni gətirib buralara qədər çıxarmışıq, ömrümüzdən ömür kəsib vermişik”.

 

Qəzetin ad günü ilə bağlı tədbirləri əvvəllər 24 dekabrda, yəni 1991-ci ilin bu tarixində rəsmi qeydiyyata alınması günündə qeyd etdiklərini, lakin son illər ilk çap tarixini əsas götürdüklərini əlavə edən baş redaktor gələcək planlarından da danışıb: “Dekabrda qəzetin yaranma tarixini həm də həmin ərəfədə yeni ilin gəlməsina görə, yəni iki əlamətdar günü birləşdirib qeyd edirdik. Lakin təxminən 5-6 il əvvəl qərara gəldik ki, “Yeni Müsavat”ın ad gününü qəzetin ilk sayının çap olunduğu tarixdə qeyd edək. Gələcək planlara gəlincə, internet televiziya yaradılması istiqamətində çalışırıq. Məlum devalvasiyalar, iqtisadi böhran bizə bir qədər mane oldu, manatın kiçilməsi bizim də kiçilməyimizdir həm də. Lakin buna baxmayaraq, internet televiziya yaradılması planı qüvvədədir və bunun gerçəkləşdirilməsinə çalışırıq”. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259081

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR