Böyük ANA, ölümsüz dünyan mübarək olsun

Böyük ANA, ölümsüz dünyan mübarək olsun
16:17 10 Noyabr 2016
74 Ölkə
Ölkə mətbuatı
A- A+

2013-cü ilin yanvar ayının 19-u Kiyevdən qayıdan günün səhəri dəyərli dostum Şəmil Sadiq mənə zəng edərək bildirdi ki, böyük türk oğlu İsa MUĞANNANI ziyarətə gedirəm, gəl sən də. Səfər yorğunluğunu da unudub, sevinə-sevinə bu təklifi qəbul edib Şamil qağam, mən və bir də istedadlı gənc yazar Fərid bəy "Hədəf"in mərkəzi ofisində görüşüb yol aldıq böyük ədibin evinə.

"Hədəf" nəşrlər evi İsa Muğannanın növbəti əsəri "Məşhər"i təkrar çapdan çıxarmışdı. Şəmil müəllimin dediyinə görə bunun üçün də İsa müəllimlə 10-15 dəqiqəlik görüşüb qayıtmalı idik. Ay qayıtdıq ha...

Böyük İsa Muğannanın söhbətlərindən doymadan onu dinlədik, çoxlu suallar verdik, soy-kökümüzdən danışdı... Baxdıq ki, bir saatdan çoxdur KİŞİnin başını qatmışıq. Getmək istəyəndə İsa Muğannanın ömür-gün yoldaşı, həyatda acılı-şirinli günləri onunla bir keçən Firuzə xanım "Yaxşıyın görək, hara gedirsiz? Mənim dəmlədiyim plovdan dadmamış buraxmaram" deyə zarafatyana bizi məzəmmətlədi. Bir-birimizin üzünə baxıb oturmağa qərar verdik.

İsa müəllimin Ağ saf elmi təliminin sehrinə düşdük yenə də. Odərlərlə bağlı haralara gedib çıxmadıq ki...

Və... süfrə üzərinə dünyanın dadlı nemətləri gəlirdi. Düzünü deyim ki, üçümüz də ac idik. Mən daha çox. Yeməyin ətri bihuş etmişdi bizi. Firuzə xanımın süfrəyə gətirdiyi hər bir yemək öz əlindən keçmişdi. Özü bişirdiyi şirniyyatdan gətirdi, çay içdik. İndi də özü hazırladığı kompotu gətirdi, sonra da xüsusi texnologiya ilə hazırladığı plov gəldi. Qazmağı da yanında. Arxası ilə də yağ-soğan içində "kənd cücəsi" süfrəyə gəldi. İsa Muğanna sakitcə üzünü Firuzə xanıma tutub dilləndi: "Ay Firuzə, qonaqlara o amanatdan da ver". Biz İsa müəllimin nəyə işarə etdiyini biləndə, israrla bu təklifə etiraz etdi. Əlimizi uzadıb yeməkdən çəkmək istəyəndə: "Dayanın, özüm çəkəcəm. Siz bilməzsiz nə qədər çəkməyi", - deyə Firuzə xanım dilləndi. Üçümüzə də təpələmə aş qoyub, üzərinə də qara tikəli aşqaranı doldurdu.

Ürəyimizdə "doğrudan da, kişinin arvadı kişi çörəyi yeyib da" deyib naz-nemətdən doyunca yedik...

Həmin gün səhərdən axşam saat 7-yə kimi İsa Muğannanın ocağında olduq.

İsa müəllimin qızı Sevinc xanım və sevimli nəvəsi də gəldilər.

İsa müəllimin şirin söhbətlərindən, baməzə zarafatlarından doymadan ya gülürdük, ya diqqətlə qulaq asıb beynimizə yazırdıq.

Firuzə xanım evlərində vaxtilə qonaq olan, yeyib-içən poeziya nəhənglərindən də maraqlı xatirələr danışırdı. Rəhmətlik Süleyman Rüstəmin dəfələrlə gecə saat neçə olduğunu bilmədən gəlib İsa müəllimlə səhərə kimi söhbət etdiyindən danışdı...

Firuzə xanım İsa müəllimə irad tutdu ki, "ay İsa, bə həncəri dərmanını içməmisən". İsa müəllim Firuzə xanımın bu narazılığına təbəssümlə cavab verdi: "Ay sağ olmuş, mən dərmannan yaşayan insanammı? Onsuz da, mən ölümsüzlüyə kimi yaşayacağam. Qorxma, sən də mənimlə bərabər yaşayacaqsan"...

Bəlkə də bu təbəssümlü, zarafatyana deyimin içində bir böyük həqiqət yükü də vardı.

Hansı həqiqət?

İsa Muğannanın dediyi ölümsüzlük həqiqəti.

Bəli, bu həqiqət bu dünyada yaşayan insan oğlunun fərqində olmadığı həqiqətdir. Çünki olum və ölüm aralığında yaşayan insan oğlu üçün son mənzil anlayışı fərqlidir. Amma böyük İsa Muğanna üçünsə ölümsüzlük anlayışı insanın cisminin deyil, ruhunun yaşamı ilə bağlı idi. Bəli, sevimli ömür-gün yoldaşından cəmi 1 il 8 ay cismani ayrılıq yaşadı İsa Muğanna. Öz yadigarını bizdən qopardıb, ayırıb apardı. Bəlkə də, təklikdən sıxılırdı deyə apardı. Bəlkə də, oradakı hörmət-izzətini sevimli Firuzəsinə göstərmək üçün apardı... Hər nə cür düşündüsə də, apardı... Yaradanın işinə qarışa bilmərik. Çünki "gələn getməlidir" fəlsəfəsi bu dünyanın təməl prinsipində dayanıb... Tək bir şey deyə bilərik. Yeni ölümsüz dünyan mübarək olsun, Firuzə xanım. Türk dünyasının böyük oğlu ilə görüşünüz mübarək olsun, Firuzə xanım.

Böyük İsa Muğanna, Firuzə ana ölümsüzlüyünüz qutlu olsun!!!

Yusif Afşar
Milli.Az 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/488196.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR