Rəşad Sadıqov: "Həkimlərdən iynə vurmalarını istədim"

Rəşad Sadıqov: "Həkimlərdən iynə vurmalarını istədim"
19:02 10 Noyabr 2016
64 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 10 noyabr. REPORT.AZ/ Azərbaycan milli komandasının və "Qarabağ" klubunun müdafiəçisi Rəşad Sadıqov "Report"un Belfasta ezam olunmuş əməkdaşının suallarını cavablandırıb.
- Bir müddətdir zədədən əziyyət çəkirsiz. Bu sizi narahat etmir?
- Sözün düzü, ən zəif cəhətim zədələnəndə müalicə müddətinə heç vaxt riayət etməmişəm. Bu da mənim ən böyük problemimdir. İnsan zədələnəndə, xəstələnəndə bu müalicə müddətinə riayət etməlidir. Ancaq mən 3-5 gündən sonra yaxşı olduğumu demişəm. Belimdən zədələnəndə həkimlər dedi 2 ay dayanmaq lazımdır. Həkimlərdən 10 gündən sonra qaça biləcəyimi soruşdum. Həkimlər qaça biləcəyimi, amma bunun xroniki hal alacağını dedilər. Mən də cavabında problemin olmadığını, iynə vurmalarını istədim. Sonra neçə illər belimdən əziyyət çəkdim, ancaq indi yaxşıyam. İndiki zədəm çox ciddi deyil. Sadəcə Norveçlə oyunu buraxmaq lazım idi. Həkimlərlə danışdım. Mənim oynaya biləcəyimi, ağrıya dözüb-dözməyəcəyimi soruşdular, mən də razılıq verdim. Belə davam etdi. Bir aydır eyni zədə əziyyət verir. Həkimlər sağalmaq üçün 3 həftə oynamamağımı istəyirlər, amma o qədər vaxtım yoxdur. Son zamanlar zədələnmirdim. Ancaq son yoldaşlıq görüşündə yenidən zədə aldım. Təəssüflər olsun ki, belə alındı. Norveçlə oyun olduğu üçün dayana bilmədim. Çexiya ilə oyun, PAOK-la vacib oyun, bunları necə buraxım? Oynadım, yenidən pisləşdim, müalicə olundum. PAOK-la səfər oyunundan sonra pisləşmədi. Hətta Qurban Qurbanovla da söhbət etdik. Qərar qəbul etdik ki, oynamayım, milliyə yaxşı formada çıxım. O da elə alındı ki, məşqdə yenidən eyni yerdən zədə aldım.
- Demək olar, milli komandanın yarısı "Qarabağ"ın futbolçularından ibarətdir. Ümumiyyətlə, komanda sənin yoxluğuna uyğunlaşıb, yoxsa hələ yox?
- Əslində, mən belə hesab etmirəm. Mənsiz də qaydasında oynayırlar. Daim komandanın yanındayam, çox uzaqda olmuram. Həm milli, həm də "Qarabağ"da saf, mehriban kollektiv var. Danışırıq, dərtləşirik. Kiminsə oynayıb-oynamamasının fərqi yoxdur. Çalışıram ki, həmişə komandanın yanında olum. Meydançada da mən yoxam, məni layiqincə əvəz edəcək oyunçular var. Əvvəl heç oyunçu yox idi. Amma indi Maksim, Bədavi, Ruslan var.
- Maksim Medvedev mərkəz müdafiəçisi deyil. Bədavi Hüseynov oynayır, amma Ruslan Abışovu baş məşqçi oynatmır...
- Özünüz də fikir verirsinizsə, son zamanlar millidə Maksim mərkəz müdafiəçisi kimi oynayır. Hətta "Qarabağ"da da oynayır. O, universal futbolçudur. İnanıram ki, heç bir problem olmayacaq.
- Şimali İrlandiya ilə əvvəllər keçirilmiş 4 oyunun 3-də uduzmamışıq. Biz nəyə görə bu komandadan ehtiyat etməliyik?
- Bu, futboldur. Məsələn, "Tottenhem" səfərdə "Monako"ya 3-4 top vurur, amma bu il "Monako" gəlib səfərdə qələbə qazanır. Söhbət bir ildə "Monako"nun inkişafından gedir. Şimali İrlandiya da çox inkişaf edib. Son Avropa çempionatı da onların necə güclü olduqlarını göstərdi. San Marinonu udublar, Çexiya ilə səfərdə heç-heçə ediblər və Almaniyaya uduzublar. Yetərincə baxmışıq. İndi sırf zəif rəqib yoxdur. Ümumiyyətlə, futbolda zəif rəqib yoxdur. Onların üzvü İngiltərə, Şotlandiya, Avropa çempionatında çıxış edirlər.
- Səfərdə Şimali İrlandiya ilə 1:1 oynadığınız oyuna baxmısınız?
- Sözün düzü yox. Həmin oyunu götürsək, rəqibin çoxlu sayda qol epizodları vardı. Bunları da nəzərə almaq lazımdır.
- Qapıda Kamran Ağayev yox idi. Bəlkə Kamran olsa, başqa cür olardı?
- Əslində, o oyunda Səlahət də pis durmadı.
- Bəli, amma həlledici anlar olur...
- Ümid edək ki, Kamran bu oyunda karyerasının ən uğurlu oyunlarından birini keçirəcək. Kamranı, eləcə də digər futbolçuları da yükləmək düzgün deyil. Hər kəs karyerasının ən yaxşı oyunlarını oynamağa çalışır.
- Bizi sadəcə millinin nəticələri düşündürür. Bu gün "Qarabağ"ın 8 futbolçusu milliyə çağırılıb. İki nəfər "Qəbələ"dən, bir də Kamran Ağayevi götürsək 11-lik düzəlir. Necə düşünürsüz, bu uğur sırf beynəlxalq təcrübə ilə bağlıdır?
- Yadımdadır, 3 il bundan əvvəl iki komandamız qrupda idi, amma nəticələr pis idi. Dörd oyunun hamısında məğlub olmuşduq. İndiki nəticədə Robert Prosineçkinin böyük əməyi var və bu, danılmazdır. Təbii ki, klubların təsiri var, amma sırf bununla bağlı demək düzgün deyil. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/resad-sadiqov-hekimlerden-iyne-vurmalarini-istedim

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR