Rəşad Sadıqov: "Bazar ertəsindən müalicəyə başlayacağıq"

Rəşad Sadıqov: "Bazar ertəsindən müalicəyə başlayacağıq"
01:12 11 Noyabr 2016
66 İdman
Ölkə mətbuatı
A- A+

Şimali İrlandiya, Belfast. 11 noyabr. REPORT.AZ/ "Artıq bir aydan çox idi ki, "Fiorentina" ilə oyundan sonra, Norveçlə matçdan öncə zədələnmişdim. Sadəcə, elə görüşlər idi ki, buraxa bilmirdim. Mütləq iştirak etməli idim".
"Report"un məlumatına görə, bunu Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov Şimali İrlandiya yığması ilə oyunda nə üçün iştirak edə bilməyəcəyinin səbəbini açıqlayarkən deyib.
O, bildirib ki, Almaniyadan olan həkiminin yanında müayinədən keçdikdən sonra dizindən əməliyyata ehtiyacın olmadığı, sadəcə, 1,5 ayadək sıradan çıxdığı müəyyənləşib:
"Həkimlərlə oynayıb-oynamayacağım barədə məsləhətləşəndə bildirirdilər ki, risk var. Amma mən həmin oyunları kənardan izləyə bilmirdim. Həm Norveç, həm də PAOK-la matçlara zədəli çıxdım. Gözlənilirdi, təhlükə var idi. Bakıdakı son məşqdə zədəmi təzələdim. Dünən Londonda müayinədən keçdim. Almaniyalı bacarıqlı diz həkimi var. Qismətdən o da Londonda idi. Əlaqə saxladıq və müayinədən keçdim. Bazar ertəsindən müalicəyə başlayacağıq. Sonra isə gedişata baxacağıq. Proqnozlara əsasən, ən azı 6-7 həftəyədək yaşıl meydanlardan kənarda qalacağam".
Şimali İrlandiya ilə oyuna çıxmamağının ona çox çətin olacağını deyən təcrübəli müdafiəçi futbol həyatında belə halların mövcudluğunu təbii sayıb:
"Bayaqdan məşqi kənardan izləyirəm. Ürəyim partlayır. Amma futbol həyatında belə hallar olur. Həkimlər mənə xəbərdarlıq etmişdilər. Buna baxmayaraq, dediyim oyunlarda iştirak etmək istəyirdim. Həm milli, həm də "Qarabağ" üçün çox vacib, bəlkə də tarixi oyunlar idi. Heç birini kənardan izləmək istəmirdim. Başıma belə iş gəldiyi üçün peşman deyiləm. Müalicəmlə məşğul olub tam sağaldıqdan sonra digər qarşılaşmalarda komandama kömək etməyə çalışacağam".
Sadıqov "Boavişta"da (Portuqaliya) bir dəfə də olsun oynamayan Emin Mahmudovun ilk dəfə start heyətində meydana çıxmasının problem olmadığını vurğulayıb:
"Baş məşqçimiz həmişə ədalətli heyət qurub. O, daim formada olanlara şans verib. Məşq proseslərini də, futbolçuların klublarındakı oyunlarını da izləyib. Fikrimcə, Şimali İrlandiya üçün açıqlanan heyət ən ideal "11-lik"dir. Heyətdə futbolçular var ki, hamısı oynamağa layiqdir. Sadəcə, baş məşqçimizin öz taktiki gedişləri var. Mənə elə gəlir ki, bu heyətlə bugünkü oyunda uğur qazanacağıq".

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/resad-sadiqov-bazar-ertesinden-mualiceye-baslayacagiq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR