Noyabrın 8-də Xəzər dənizində itkin düşən neftçinin kimliyi məlum olub.
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı bildirib ki, itkin düşən şəxsin adı Qalib Hacıyevdir.
M. Qəhrəmanlının "Facebook" sosial şəbəkəsindəki paylaşımına
cavab olaraq istifadəçilərdən biri qeyd edib ki, Q. Hacıyev
"KCA-Deutag" şirkətinin əməkdaşıdır.
Qeyd edək ki, noyabrın 8-də Xəzər dənizində Dərinsulu Günəşli (DSG)
platformasındakı qazma podratçısının bir işçisi itkin düşüb.
Azəri-Çıraq-Günəşli yatağının işlənməsi layihəsinin əməliyyatçısı
olan BP-dən verilən məlumata görə, hadisənin təfərrüatları
araşdırılır: "BP qəzalara qarşı cavab tədbirləri qrupunu səfərbər
edib və itkin düşmüş şəxsin tapılması üçün zəruri tədbirlər görür.
Xəzər dənizində axtarış və xilasetmə resursları səfərbər edilib.
Həmin şəxsin ən yaxın ailə üzvləri və müvafiq hökumət orqanları bu
barədə məlumatlandırılıb. BP hadisə ilə bağlı cavab tədbirləri
görmək üçün hökumət orqanları ilə sıx işləyir".
BP-nin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı nə itkin düşən işçinin, nə də ki podratçının adını açıqlamayıb. (apa)