Feysbukda necəsən?

Feysbukda necəsən?
10:39 11 Noyabr 2016
57 Digər
Ölkə mətbuatı
A- A+

 

Feysbukun özünə  uyğun məcaraları, dil üslubu, yazı tərzi var. Burada nə istəsən, tapa bilərsən. Küsüşmə, atıma, dartışma, sevgi serialları, şeir bazarı və əldəqayırma saytlarrın  “3-cü Dünya Müharibəsi başladı” nidasından tutmuş, Baladadaşın toy hamamına qədər bütün məsələlər  səninlə üz-üzə dayanır. 

 

Paylaşılan  şeirlərə fikir bildirməyə baltalı da yüyürür, baltasız da. Şeirə bildirilən  fikirlər əsasən  belə olur: əla, şair, qəşəng, gözəl, əhsən, var ol, yüz yaşa, göz dəyməsin, nə gözəl, sağ ol, var ol, sənətkar, allah ömür versin və s. Hər şərhə də müəllif minnətdarlıq eləsə, filan qədər şərh eləyir.

Sən gəl sabah bu adamla küçədə qabaqlaş, dağarlığının qabağında duruş gətir.

 

Yeni paylaşdığım 10 min işarəlik yazıya heç bir saniyə keçməmiş onlarla  “bəyənmə”lər  gəlir və o saat şübhələnirəm  ki,  yazını oxumadan  “layk” edirlər. Feysbukda bəyənmə sindromu toy kimidir. Yəni “toyuna getmişəm, toyuma gəl” prinsipi “səni bəyənmişəm, sən də məni  bəyən” layihəsi üzrə həyata keçirilir. Məşədi İbad demiş, mən dəfələrlə bunu sınaqdan keçirmişəm. Kimin  şeirlərini bəyənmişəm, o da məni bəyənir.

 

Amma feysbukda yaxşı oxucular da çoxdur. Bir ucdan hamısına pis demək olmaz.  Hərdən belə də olur:  həftədə bir- iki dəfə feysbuka daxil olan  yoldaşımız bir dəqiqənin içində  ay ərzində nə varsa, hamsını bəyənib borcundan çıxır.

 

Nə isə,  bu feysbuk məsələsi  günümüzün ən qəliz məsələlərindən  biridir. Ailə - məişət  problemlərinə də  burnunu uzadır.  Kefi istəyəndə mətbəxə də  daxil olur, lap qazana girir, yeməyin duzlu və duzsuz olması onun əməllərindən biridir.

 

Bu yaxınlarda oxudum ki, bir  qadının  feysbukda  başı yazışmaya necə qarışıbsa,  övladı eyvandan yıxılıb. Qadın statusunu bitirməyincə, baş verən hadisəyə reaksiya bildirməyib.  Feysbuk bir az da narkomaniyadır.

 

Mənim   qohumlarımdan  bir qadın  bu  o gün bacısına telefon açıb ki, bəs mən ərimin feysbuk parolunu tapmışam. Bacısı da deyir  ki, de görüm nədir? O da  cavabında  deyir ki,  10 nöqtədən ibarətdir. Feysbuq həm də qısqanclıq mənbəyidir.

 

Feysbukun gizli  tərəfləri  də çoxdur. Çünki sosial  cəmiyyət ən çox özünü burda ifadə edir. Həqiqəti deyə bilməyənlər  saxta profillər açıb  ağızlarına gələni yazırlar. Deyəsən, feysbuk rəhbərliyi  saxta profillərin qarşısını almaq üçün  istifadəçilərdən  şəxsiyyət vəsiqəsinin surətini istəyir. Bununla saxta profillər aradan yığışdırılacaq. Nə gözəl.

 

Feysbukun ən maraqlı səhifələrindən biri  də  gözəl qızların  şəkil paylaşmasıdır. O saat  yaşlı, bığlı-saqqalı kişilərin arvad kimi xeyir-duası başlayır. Maşallah, allah qorusun, allah köməyiniz olsun, tanrı bu gözəlliyi sizə çox görməsin, xoşbəxt olasınız, yaman gün görməyəsiniz və s. dualar  feysbuku başına götürür. İnboksa da  daha nələr yazırlar,  onu bir allah bilir, bir də qızın özü. Elə bil, qızın nişanıdır, bunlar da  nişana dəvət olunublar.

 

Bəzən  görürsən ki, biri  də bahalı araqları düzüb qarşısına, kababı da çəkib dişinə. Şəkil çəkdirib qoyub feysbuka.  O qalır ki, altına bir söz yazasan: görməmişin  oğlu, görməmiş.

 

Şeir paylaşanlar  feysbukda olduqlarını unudub özlərini ədəbiyyatda çox arxayın hiss eləyirlər, ləngərləri  bütün səhifələrə yayılır.

Ən maraqlı səhifələrdən biri də  feysbuk “vətəndaşlarının” vəzifəli adamlarla, xüsusən deputatlarla şəkil çəkdirmələridir.  Qollardan nə qədər sallaşmaq olar.  Qoluna girdiyin və şəkil çəkdirdiyin  adam ən azı səni tanımalıdır. Məmməd Araz demiş:

 

Bir ağılın budağında sallanıb,

Neçə - neçə ağlı dayaz yaşayır.

 

Bəs bu  feysbuk mənim üçün nədir? Bura qarışıq bir cəmiyyədir.  Amma gərək dostlarını seçə biləsən. Təsadüfi dostları yaxına buraxmayasan. Maraqlı xəbərlər paylaşasan.  Lazım olanları mütaliə edə biləsən. Sosial şəbəkəni müsbət auraya yönəldəsən.  Daha qeybət mənbəyinə yox.  Kim bunu bacarmırsa, sosial şəbəkə onun üçün uçurumdur.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259161

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR