"Şimali İrlandiya "hədiyyə komanda" deyil"

"Şimali İrlandiya "hədiyyə komanda" deyil"
11:42 11 Noyabr 2016
58 İdman
Ölkə mətbuatı
A- A+

Milli.Az Azərbaycan yığmasının futbolçusu Qara Qarayevin apasport.az-a müsahibəsini təqdim edir:

- Dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün Şimali İrlandiya ilə qarşılaşacaqsız. Oyundan öncə komandadaxili ab-hava necədir?
- İlk oyunlara baxanda, həqiqətən, bu gün üzərimizdə böyük təzyiq var. Artıq hər kəs Rusiyaya, Moskvaya getməkdən danışır. Düşünürəm ki, bu, bizim ziyanımıza ola bilər. Çünki daha rahat şəkildə oynamalıyıq. Təzyiqi üzərimizdən atmalı və Norveç, Çexiya ilə matçlara hazırlaşdığımız motivasiya ilə bu görüşə köklənməliyik. Həqiqətən, ağır səfər qarşılaşması olacaq.
 
- Norveç və Çexiya ilə oyunlardakı uğurlu nəticələri unudub, tam olaraq bugünkü matça köklənə bilmisiz?
- Əlbəttə. Eyforiyadan söhbət gedə bilməz. Ən çox sevindiyim məqamlardan biri də budur. "Qarabağ" və "Qəbələ"nin futbolçuları daha çətin vəziyyətdədirlər. O mənada ki, klubda da, millidə də son vaxtlar uğurlu nəticələrə imza atırıq. Çətin dönəmdir. Amma sağ olsunlar, istər məşqçilərimiz, istər dostlarımız, istərsə də özümüz eyforiyaya qapılmamağa, hər şeyin ən yaxşısını etməyə çalışırıq. Hələ ki, heç bir nəticə qazanmamışıq. İnşallah, nəticələrimiz qabaqdadır.
 
- Şimali İrlandiya ilə oyuna hazırlıq prosesində baş məşqçi Robert Prosineçkinin əsas göstərişləri nə oldu?
- Əslində, Bakıda elə də çox yığıla bilmədik. Çünki biz "Zirə" ilə oyundan sonra milliyə qoşulduq. Hazırlıq prosesimizin ən böyük mərhələsini Şimali İrlandiyada keçirdik. Baş məşqçi rəqibin güclü və zəif cəhətlərini bizə başa saldı, tapşırıqlarını verdi.  
 
- DÇ-2014-ün seçmə mərhələsində Şimali İrlandiya ilə Belfastdakı oyunun (1:1) iştirakçısı olmasanız da, Bakıda (2:0) meydana çıxmışdız. Hazırkı Şimali İrlandiya yığması həmin komandadan nə ilə fərqlənir?
- Sözsüz ki, hazırkı komanda daha güclüdür. Norveç və Çexiyaya baxanda daha atletik futbol oynayırlar. Əsasən də, kənardan edilən hava ötürmələrinə üstünlük verirlər. Başla yaxşı oynayan, çox təhlükəli futbolçuları var. Avropa çempionatında da göründü ki, Şimali İrlandiya "hədiyyə komanda" deyil. Onlara qarşı daha diqqətli oynamalıyıq. Sözsüz ki, şansımızın gətirməsi də önəmlidir.
 
- Bugünkü qarşılaşmanı bizim üçün həlledici hesab etmək olarmı?
- Xeyr, düşünmürəm ki, bu görüş həlledicidir. Çünki qarşıda oyunlarımız var. Hələ ilk dövrə bitməyib, Almaniya ilə də matç olacaq. Amma yaxşı nəticə mənasında, Şimali İrlandiya ilə qarşılaşma da vacibdir. Fikrimcə, 1 xal da bizim üçün böyük uğur sayılacaq. Şimali İrlandiya bizimlə oyuna əvvəlki Azərbaycan yığmasına qarşı hazırlaşdığı kimi yanaşmır. İndi daha ciddi və məsuliyyətli hazırlaşırlar. Çünki son aylarda qazandığımız nəticələri bilirlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/488399.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR