Azərbaycanın iqtisadiyyat naziri Çin iş adamları ilə görüşüb

Azərbaycanın iqtisadiyyat naziri Çin iş adamları ilə görüşüb
12:52 11 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 11 noyabr. REPORT.AZ/ İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan Çin iş adamlarından ibarət nümayəndə heyətini qəbul edib.
"Report"a İqtisadiyyat Nazirliyindən bildirilib ki, görüşdə Ş.Mustafayev Azərbaycan və Çin arasında siyasi-iqtisadi əməkdaşlığın uğurla inkişaf etdiyini, rəsmi və işgüzar səfərlərin, imzalanan sənədlərin iki ölkə arasında əlaqələrin genişlənməsində mühüm rol oynadığını vurğulayıb: "Azərbaycan-Çin iqtisadi əlaqələrinin inkişafında iş adamlarının fəaliyyəti xüsusilə önəmlidir. Hazırda Azərbaycanda Çin kapitalına əsaslanan 77 şirkət fəaliyyət göstərir. Bu şirkətlər neft-qaz sektoru ilə yanaşı, qeyri-neft sahəsində də uğurlu layihələr həyata keçirirlər. Azərbaycanda fəaliyyət göstərən sement zavodları Çin şirkətləri tərəfindən tikilib".
Azərbaycan-Çin ikitərəfli əməkdaşlığının inkişafında ticarət əlaqələrinin əhəmiyyətini qeyd edən nazir bu ilin 9 ayında iki ölkə arasında ticarət dövriyyəsinin 56% artdığını vurğulayıb: "Azərbaycan Çinlə əlaqələrin daha da inkişafında maraqlıdır və energetika, nəqliyyat, tranzit yükdaşımaları, investisiya sahələrində əlaqələrin genişləndirilməsi üçün böyük potensial var. Çin şirkətlərini fəal əməkdaşlığa dəvət edirəm".
Çinin CNPC şirkəti İdarə Heyətinin üzvü Vanq Şihonq Azərbaycan-Çin siyasi-iqtisadi əlaqələrinin yüksək səviyyədə olduğunu qeyd edib, təmsil etdiyi şirkətin fəaliyyəti barədə məlumat verib. V.Şihonq Azərbaycanda Qaz Emalı və Kimya Kompleksinin yaradılması layihəsindən danışıb: "2016-cı ildə CNPC şirkəti ilə SOCAR arasında Anlaşma Memorandumu imzalanıb və əminəm ki, bu layihə uğurla reallaşdırılacaq. CNPC Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır".
Görüşdə Çin şirkətlərinin azərbaycanlı həmkarları ilə əlaqələrinin genişləndirilməsi imkanları barədə müzakirələr aparılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/azerbaycanin-iqtisadiyyat-naziri-cin-is-adamlari-ile-gorusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR