SOCAR-ın dəstəyi ilə “Əcnəbilər üçün Azərbaycan dili” dərsliyi nəşr edilib

SOCAR-ın dəstəyi ilə “Əcnəbilər üçün Azərbaycan dili” dərsliyi nəşr edilib
12:57 11 Noyabr 2016
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 11 noyabr.REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) və "Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi” (ABTM) İctimai Birliyinin dəstəyi ilə nəşr edilmiş “Əcnəbilər üçün Azərbaycan dili” dərsliyinin təqdimatı keçirilib.
“Report” SOCAR-a istinadən xəbər verir ki, kitab məşğələlərin vasitəçi dildən istifadə etmədən, öyrənilən dildə kommunikativ yanaşma üsulu ilə keçirilməsinə imkan yaradır. Təqdimat mərasimində dərsliyin müəllifləri, ABTM İctimai Birliyi və “Dərbənd” Xeyriyyə İctimai Birliyinin üzvləri iştirak ediblər. Tədbirdə çıxış edən SOCAR-ın Kadr, Rejim və İnformasiya Texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov qeyd edib ki, dünyanın müxtəlif şəhərlərində açılan Azərbaycan mədəniyyəti mərkəzlərində belə fundamental dərsliklərə böyük ehtiyac var: “SOCAR bu ehtiyacı nəzərə alaraq, digər sosial-mədəni sahələrdə olduğu kimi ana dilimizin təbliği və yayılması işində də öz töhfəsini verib”. Kitabın həmmüəllifi, BDU-nun Xarici tələbələrlə iş üzrə dekanı Gülheyran Rəhimova layihənin ərsəyə gəlməsi üçün göstərdiyi diqqət və dəstəyə görə SOCAR və ABTM İctimai Birliyinin rəhbərliyinə təşəkkürünü bildirib, Azərbaycanda ilk dəfə kommunikativ yanaşma üsülü ilə nəşr olunan dərsliyin təkcə dilin öyrənilməsi üçün deyil, Azərbaycan mədəniyyəti ilə ətraflı tanışlıq üçün də geniş imkan yaratdığını vurğulayıb.
Təqdimatın sonunda “Dərbənd” Xeyriyyə İctimai Birliyinin sədri Nurulla Əliyev rəhbərlik etdiyi təşkilat haqqında qısa məlumat verib, Rusiya Federasiaynın Dərbənd şəhərində kompakt yaşayan azərbaycanlıların doğma dilinin öyrənilməsi və təkmilləşdirilməsi üçün ABTM İctimai Birliyi tərəfindən əvəzsiz olaraq ayrılan dərslikləri qəbul edərək, onların yaxın günlərdə Dərbənd Mərkəzi Kitabxanasına çatdırılacağını bildirib. 









Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/socar-in-desteyi-ile-ecnebiler-ucun-azerbaycan-dili-dersliyi-nesr-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR