Madlen Olbrayt Trampa dedi: "Yaddan çıxarma ki, Amerikanın prezidentisən..."

Madlen Olbrayt Trampa dedi: "Yaddan çıxarma ki, Amerikanın prezidentisən..."
14:12 11 Noyabr 2016
105 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya rəsmiləri seçki kampaniyası dövründə ABŞ-da prezident seçkilərinin qalibi Donald Trampın çevrəsiylə kontaktda olublar.

Milli.Az azadliq.org-a istinadən bildirir ki, bu barədə "The Independent" qəzeti yazır. Qəzetin yazdığına görə, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bu barədə "Interfax" xəbər agentliyinə danışıb, Trampın ətrafındakı nüfuzlu şəxslərlə əlaqələrinin olduğunu təsdiqləyib.

"Hamısını demirəm, amma onların çoxu Rusiya təmsilçiləriylə əlaqəyə tərəfdar idilər", - deyə S.Ryabkov əlavə edib.

ABŞ-ın ilk qadın dövlət katibi Madlen Olbrayt isə  noyabrın 10-da "Radio 4"ə müsahibəsində Trampı Rusiya prezidenti Vladimir Putinə qoşularaq Avropadan uzaqlaşmamağa çağırıb. 

D.Trampın seçki kampaniyası zamanı Rusiya prezidentini dəfələrlə təriflədiyi hamıya məlumdur. Buna görə Olbrayt Trampı bir dəfə hətta Putinin "yararlı səfehi" adlandırmışdı.

"Radio 4"ə müsahibəsində Madlen Olbrayt deyib: "O, hər şeydən öncə Birləşmiş Ştatların prezidenti olduğunu və bizim Rusiya qarşısındakı maraqlarımızın vacibliyini unutmamalıdır. Mərkəzi və Şərqi Avropadakı müttəfiqlərimizin və dostlarımızın bizimlə çoxdan müttəfiq və dost olduqlarını yaddan çıxarmamalıdır".

Xanım Olbrayt Trampın seçki kampaniyası zamanı səsləndirdiyi bəzi fikirlərin ABŞ-a təhlükə yaratdığını bildirərək, onu məsləhətlərə qulaq asmağa çağırıb: "Ümid edirəm ki, kəşfiyyat məlumatlarını alandan, ya da xarici siyasətdən başı çıxan diplomatları dinləyəndən sonra Tramp həmin bəyanatlarının Birləşmiş Ştatlardan ötrü nə qədər təhlükəli olduğunu anlayacaq".

Rusiya liderlərinin Trampın gözlənilməz qələbəsini sevinclə qarşılaması, hətta Rusiya parlamentinin seçkinin nəticələrini uzun-uzadı alqışlaması diqqətlərdən yayınmayıb. Rusiya prezidenti Vladimir Putin isə Trampa "isti" təbrik teleqramı göndərib. Kremlin bəyanatında deyilir ki, Putin Trampa Rusiya-Amerika əlaqələrini birlikdə və yeni istiqamətdə inkişaf etdirməyə ümidli olduğunu bildirib.

Trampın prezident seçildiyi gün çıxış edən Putin korlanmış münasibətləri bərpa edəcəklərinə inandığını, Moskvayla Vaşinqton arasında konstruktiv dialoqun baş tutacağına əminliyini vurğulayıb.

Putin Trampı hələ dekabrda "parlaq və istedadlı şəxsiyyət" adlandırıb, D.Tramp isə bu tərifin onun üçün böyük şərəf olduğunu bildirmişdi.

Seçki kampaniyası zamanı Tramp Putini "güclü lider" adlandırmış, çıxışlarının birində "məncə, onunla yola gedərəm" demişdi. Putini təriflərinə görə rəqibi Hillari Klinton Rusiyanın onu Ağ Evdəki marionetinə çevirmək niyyətində olduğunu söyləmişdi.

Tramp həm də ABŞ rəsmilərinin Rusiyanın seçki sənədlərinə müdaxiləsiylə bağlı ittihamlarına qoşulmurdu.

H.Klintonu isə Rusiya mətbuatında ölkənin əleyhinə sərt və aqressiv mövqeli, Rusiyaya qarşı hərbi planları olan şəxs kimi təsvir edirdilər. Dövlət katibi olanda Klinton həqiqətən də Rusiyaya qarşı sərt mövqeyi ilə yadda qalmışdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/488482.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR