Sarkisyan Trampın prezident olmasını istəmirdi

Sarkisyan Trampın prezident olmasını istəmirdi
16:42 11 Noyabr 2016
184 Ölkə
Ölkə mətbuatı
A- A+

Donald Trampın ABŞ prezidenti seçilməsi Ermənistan rəhbərliyin və erməni lobbisini məyus edib. Seçki marafonunda Klintonu dəstəkləyən erməni lobbisi Trampın qələbəsi ilə çıxılmaz vəziyyətə düşüb. Trampın prezident olması ermənilərə ağır zərbə kimi qiymətləndirilir.

Millət vəkili Elman Nəsirov Donald Trampın erməni lobbisi ilə münasibətini şərh edib. Deputat bildirib ki, Tramp ABŞ-da keçirilən prezident seçkilərində özündən əvvəlki administrasiyanın yeritdiyi səhv daxili və xarici siyasəti tənqid etməklə qalib gəlib:

"O, bir ifadə işlətdi ki, prezident olacağı təqdirdə Obama administrasiyasının buraxdığı səhvləri aradan qaldıracaq və ABŞ-ın əvvəlki gücünü, potensialını bərpa edəcək. Xüsusilə xarici siyasətdə ayrı-ayrı dövlətlərin daxili işlərinə qarışmaq, siyasi rejimləri devirmək siyasətindən imtina edəcək. Məsələyə bu cür yanaşdıqda, hər kəsə bəllidir ki, Obama administrasiyasının Cənubi Qafqaz siyasəti kifayət qədər passivliyi ilə səciyyələnirdi. Eyni zamanda Dağlıq Qarabağ münaqişənin həlli məsələsində rəsmi Vaşinqton bir çox hallarda ermənipərəst mövqedə dayanırdı. Xüsusilə də dövlət katibi Con Kerrinin son bəyanatı qeyd olunan fikirləri bir daha təsdiqləyir. Məsələyə bu məntiqlə yanaşdıqda Trampın hakimiyyətdə olacağı 4 il ərzində, eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı siyasətdə də Obama administrasiyasından fərqli siyasət olacağını güman etmək olar. Yəni, Obama məsələdə passivliyi ilə seçilirdisə, Tramp aktivlik nümayiş etdirə bilər. Ən azından Trampın bəyanatları belə qənaətə gəlməyə əsas verir". 

Millət vəkili qeyd edib ki, ABŞ Konqrensində, Demokratlar partiyası sıralarında ermənilərin dostları qrupunun üzvlərinin sayı xeyli çoxdur: "Amma, eyni fikirləri Respublikaçılar haqqında demək mümkün deyil. Doğrudur, respublikaçılar arasında da ermənilərin dostları var. Amma, müqayisə etsək görərik ki, ermənilərin demokrat dostları respublikaçılardan qat-qat çoxdur. Bu isə belə qənaətə gəlməyə imkan verir ki, Trampın prezidentliyi dövründə münaqişənin həlli ilə bağlı daha obyektiv mövqedə dayanmaq üçün yaxşı imkanlar yarana bilər". 

Elman Nəsirov bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərindən olan Rusiya və ABŞ-ın münasibətlərinin yaxşılaşması münaqişənin həllinə öz töhfəsini verə bilər: "ATƏT-in Minsk qrupunun həmsədrlərindən olan Rusiya və ABŞ-ın münasibətləri kifayət qədər qəliz, qarşıdurma siyasəti idi. Dünyanın mühüm fundamental məsələlərində mövqeləri kəskin şəkildə toqquşan bu iki dövlətin Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində ortaq mövqedən çıxış etməsi çətin idi. Tramp bəyan edir ki, Rusiya ilə münasibətləri yaxşılaşdırma xəttini seçəcək. Hətta, o çıxışlarının birində qeyd etmişdi ki, andiçməni gözləmədən Rusiya prezidenti Vladimir Putinlə görüşə bilər. Bütün bunlar ona gətirib çıxarır ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı iki həmsdər dövlətin münasibətlərinin yaxşılaşması münaqişənin həlli imkanlarına müsbət təsir göstərə bilər. Ona görə də bizdə müəyyən qədər nikbinlik var. Azərbaycan prezidenti İlham Əliyevin Trampa ünvanladığı təbrik məktubunun ruhundan bunu hiss edirik. Ümid bəsləyirik ki, Trampın prezidentliyi dövründə rəsmi Vaşınqtonun Cənuubi Qafqaz, birbaşa isə Azərbaycanla bağlı siyasətində pozitiv dəyişikliklərin şahidi olacağıq. Hesab edirəm ki, bu dəyişikliklər ilk növbədə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində özünü göstərəcək". 

Milli.Az azvision.az-a istinadən bildirir ki, siyasi şərhçi Arzu Nağıyevin fikrincə, ABŞ-da erməni lobbisindən bir oyuncaq kimi istifadə olunur: "Trampın seçki marafonu zamanı erməni lobbisinə müraciət olunmadı. Onun erməni lobbisi vasitəsilə toplanan elektorata ehtiyacı yox idi. Eyni zamanda Tramp daha qlobal məsələlər barədə düşündüyündən qondarma "erməni soyqırımı"nın tanınması və.s bu kimi məsələlər ön plana çıxmadı". 

A.Nağıyev vurğulayıb ki, regionda istənilən böyük iqtisadi layihələrə qoşulmaq üçün Dağlıq Qarabağ münaqişəsinin həlli ön plana çəkilməlidir: "Yəni, bu təhdid aradan götürülməlidir. Ona görə də Trampın siyasətində erməni lobbisinə önəm verilmədiyindən Dağlıq Qarabağ münaqişəsi prioritet məsələlərdən ola bilər". 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/488534.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR