Gömrük qaydalarına dair yeni kitab nəşr olunub

Gömrük qaydalarına dair yeni kitab nəşr olunub
16:59 11 Noyabr 2016
56 Digər
Ölkə mətbuatı
A- A+

Dövlət Gömrük Komitəsi və Komitənin Akademiyası tərəfindən “Gömrük qaydaları (prosedurları) və məsuliyyət” adlı kitab nəşr edilib. Lent.az-ın Dövlət Gömrük Komitəsinin saytına istinadən verdiyi məlumata görə, Gömrük Xidmətinin yaradılmasının 25 illiyi ərəfəsində işıq üzü görən bu nəşrə ön sözü Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev yazıb.

 

Ön sözdə bildirilir ki, müstəqil Azərbaycan Respublikasının gömrük sistemi ümummilli lider Heydər Əliyev tərəfındən müəyyən edilən siyasətə uyğun olaraq formalaşmış və onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü dövlət siyasəti nəticəsində inkişaf edib. Gömrük sisteminin yenidən qurulması istiqamətində mühüm işlər görülüb, onun maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmlənib, ölkədə sahibkarlığın inkişafında və biznes mühitinin formalaşmasında, iqtisadi təhlükəsizliyin möhkəmləndirilməsində rolu daha da artırılıb, ticari-iqtisadi münasibətlərdə idxal-ixrac əməliyyatlarının rəsmiləşdirilməsi sadələşdirilib, bütün istiqamətlərdə gömrük işi beynəlxalq standartlara uyğun aparılıb və gömrük qanunvericiliyi təkmilləşdirilərək mükəmməl hüquqi baza yaradılıb. 

 

Azərbaycanın beynəlxalq iqtisadi sistemə inteqrasiyasının güclənməsi gömrük əməliyyatlarını tənzimləyən normativ-hüquqi aktların təkmilləşdirilməsini, inkişaf etmiş ölkələrin gömrük işi sahəsində qabaqcıl təcrübəsi və bu sahədə qəbul olunmuş beynəlxalq konvensiyaların müddəaları nəzərə alınmaqla, yeni Gömrük Məcəlləsinin də qəbul edilməsini zəruri edib. Bununla əlaqədar, Dövlət Gömrük Komitəsində Avropa İttifaqı və Birləşmiş Millətlər Təşkilatınm İnkişaf Proqramının birgə həyata keçirdiyi “Azərbaycan Respublikasında Gömrük Xidmətinin Təkmilləşdirilməsi” layihəsi çərçivəsində Azərbaycan Respublikasının yeni Gömrük Məcəlləsinin layihəsi hazırlaıb və Milli Məclis tərəfindən qəbul olunub. 

“Gömrük qaydaları (prosedurları) və məsuliyyət” adlı kitabda məhz sözügedən qaydaların (prosedurların) müddəalarının pozulmasına görə daha çox tətbiq olunan Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələri ilə müəyyən edilmiş inzibati və cinayət məsuliyyətini nəzərdə tutan normalar öz əksini tapıb.

Qeyd edək ki, gömrük orqanlarının əsas vəzifələrindən biri də gömrük qanunvericiliyini təşkil edən və gömrük işinin hüquqi, iqtisadi və təşkilati əsaslarını nizama salan normativ-hüquqi sənədlər barədə xarici ticarət iştirakçılarını məlumatlandırmaq, eləcə də onları izah etməkdən ibarətdir.

Bu baxımdan, “Gömrük qaydaları (prosedurları) və məsuliyyət” adlı kitab bilavasitə gömrük işini həyata keçirən gömrük əməkdaşları, eləcə də idarə, müəssisə və təşkilatların əməkdaşları, xarici ticarət iştirakçıları, hüquqşünaslar, iqtisadçılar, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasında, digər ali təhsil müəssisələrində gömrük işi ixtisası üzrə təhsil alan tələbələr və həmçinin bu sahənin tədrisi, tədqiqi ilə məşğul olan mütəxəssislər və elmi işçilər tərəfindən istifadə üçün faydalı ola bilər.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259210

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR