Aydın Mirzəzadə: "BMT-nin Azərbaycanla bağlı hesabatı subyektiv şəxs tərəfindən hazırlanıb"

Aydın Mirzəzadə: "BMT-nin Azərbaycanla bağlı hesabatı subyektiv şəxs tərəfindən hazırlanıb"
13:22 12 Noyabr 2016
52 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu hesabat subyektiv şəxs tərəfindən hazırlanıb və o, Azərbaycan haqqında qeyri-obyektiv və qərəzli fikir formalaşdırmağa çalışıb.

Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Aydın Mirzəzadə BMT-nin İnsan hüquqları komitəsinin hesabatında qeyd olunan "Azərbaycanda erməni azlığına qarşı ayrıseçkilik və erməni soyadlı insanların Azərbaycana buraxılmaması" məsələsinə münasibət bildirərkən deyib.

A.Mirzəzadə bildirib ki, hesabatdakı yanaşma səhv və qeyri-obyektivdir: "Azərbaycanın işğal olunmuş ərazilərində Azərbaycan vətəndaşı olan təqribən 60-70 min erməni yaşayır və onların hüquqları kobud surətdə Ermənistan tərəfindən pozulur. Azərbaycan bu məsələni dəfələrlə qaldırıb. Digər tərəfdən Azərbaycanda erməni əsilli insanlar yaşayır. Onlar Azərbaycan vətəndaşlarıdır və onlara qarşı hər hansı bir ayrıseçkilik faktı yoxdur. Əgər olsaydı, Ermənistan, o cümlədən beynəlxalq insan hüquqları təşkilatları çoxdan Azərbaycana qarşı böyük bir kampaniyaya başlayardılar".

Erməni soyadlı şəxslərin Azərbaycana buraxılmaması məsələsinə gəlincə isə, deputat vurğulayıb ki, bu da yalan bir iddiadır: "Azərbaycandakı beynəlxalq tədbirlərə, eyni zamanda idman yarışlarına xaricdən çox sayda digər ölkələrin vətəndaşları, o cümlədən ermənilər gəlirlər və bu məsələdə hər hansı bir problem yoxdur. Hesabatı yazan şəxslər Azərbaycanla bağlı qeyri-obyektiv və qərəzli fikir formalaşdırmağa çalışırlar. Bu günlərdə isə erməni millətindən olan 3 nəfərin Azərbaycana gəlməsi, Azərbaycanla bağlı öz fikirlərini bildirməsi də göstərir ki, Azərbaycan demokratik, açıq, dünya standartlarına cavab verən bir ölkədir".

A.Mirzəzadə Ermənistanda azərbaycanlıların yaşamamasına diqqət çəkib: "Görün Ermənistanda azərbaycanlı yaşayır? Ermənistan faktiki olaraq qeyri-ermənilərin yaşamadığı bir ölkədir. Hətta Ermənistanda digər dillərdə orta məktəblərin fəaliyyətinə icazə verilmir. Ermənistan qədim Azərbaycan torpağıdır. 1884-cü ildə orada Azərbaycan dram teatrı açılıb, erməni dram teatrı isə 1931-ci ildə açılıb. Yəni bunun özü göstərir ki, azərbaycanlılar həmin torpaqların qədim sakinləridirlər, amma ermənilərin apardığı siyasət oradan bütün azərbaycanlıların çıxarılmasına səbəb olub. Ancaq beynəlxalq təşkilatlar bu məsələlərə fikir verməməyə çalışırlar. Bu baxımdan da, görünür BMT katibliyində hesabat hazırlayanlar içərisində məqsədli şəkildə Azərbaycanla bağlı qeyri-obyektiv informasiya yaymağa çalışan insanlar var".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/488822.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR