Prosineçkinin "bombası" əlində "partladı" - DƏYƏRLƏNDİRMƏ

Prosineçkinin "bombası" əlində "partladı" - DƏYƏRLƏNDİRMƏ
14:05 12 Noyabr 2016
86 İdman
Ölkə mətbuatı
A- A+

DÇ-2018-in seçmə mərhələsində Şimali İrlandiyanın qonağı olan Azərbaycan millisi həm ilk dəfə qapısında qol(lar) gördü, həm də ilk məğlubiyyətini aldı.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, komandamız rəqibə yalnız standart vəziyyətlərdə uduzdu.

Britaniyalılar ilk 3 qolu "ikinci mərtəbə"dəki üstünlüklərindən yararlanaraq vurdular. Ümumilikdə hər iki hissənin ilk 20 dəqiqəsi komandamızın üstünlüyü şəraitində keçdi. Ancaq futbolçularımız rəqibin ən təhlükəli nöqtəsi olan standart vəziyyətlər və künc zərbələrini yaratmasına mane ola bilmədilər. Nəticədə də seçmə mərhələdəki birinci məğlubiyyətimiz böyükhesablı oldu.
 
Kamran Ağayev - Rəqib hündürboylu futbolçulardan təşkil olunduğundan, "ikinci mərtəbə"də təhlükəli olacağı bəlli idi. Belə vəziyyətdə isə əsas iş qapıçıya düşür. Kamran komanda yoldaşlarını sığortalamaq üçün standart vəziyyətlər zamanı topa çıxmalı idi. Ancaq matçı aşağı səviyyədə keçirdi. Şimali İrlandiyanın 5 təhlükəli zərbəsinin 4-ü qolla nəticələndi. Ağayev bunun ikisinə reaksiya göstərməkdə gecikdi, ikisində isə, ümumiyyətlə, yerindən tərpənə bilmədi. Yalnız birinci qola görə qolkiperi qınamaq doğru olmaz. Amma digər 3 topda onun da müəyyən səhvləri oldu.
 
Maksim Medvedev - 4 qol buraxan komandanın müdafiəçisinə "yaxşı oynadı" demək doğru olmaz. Amma həmkarları ilə müqayisədə Maksim qanı tökülmək bahasına "döyüşdü". Lakin hava toplarında o da aciz qaldı.
 
Bədavi Hüseynov - Müdafiəçilərimiz arasında ən uzunu olan Bədavi də "ikinci mərtəbə"də rəqib oyunçular qarşısında çarəsiz qaldı. Rəşad Sadıqovun yoxluğunda bu dəfə liderliyi üzərinə götürə bilmədi. Digər müdafiəçilər kimi, o da cinah ötürmələri zamanı mövqe səhvləri ilə seçildi.
 
Arif Daşdəmirov - İlk hissədə heç nə ilə yadda qalmadı. Nə düz-əməlli müdafiə olunurdu, nə də hücuma lazımi dəstəyi verirdi. İkinci hissənin əvvəllərində bir qədər fəallaşdı. Hətta qol vurmaq imkanı da yaxaladı. Ancaq getdikcə yenidən "yoxa çıxdı". Qapımıza ilk 3 qol sol cinahımızdan gələn topla vuruldu.
 
Məhəmməd Mirzəbəyov - Rəqib onun cinahından çox hücum etmədiyi üçün bu baxımdan Məhəmmədə elə böyük iş düşmürdü. Komandamızın hücumları zamanı nisbətən fəal görünsə də, topla bir qədər irəlilədikdən sonra ya onu itirirdi, ya da dönüb arxaya ötürmə verirdi.
 
Qara Qarayev - Boyuna görə hava toplarında aciz görünməsi normaldı. Amma Qara normal ötürmə verməkdə də aciz qalırdı. Orta sahəni Rahid Əmirquliyevlə birlikdə rəqib üçün boş buraxmışdı. Komandanın ən zəiflərindən biri idi.
 
Rahid Əmirquliyev - O da Qaradan geri qalmırdı. Nə müdafiəyə düz-əməlli kömək edə, nə də orta sahədən hücum qura bilirdi. Əksər hallarda ötürmələri ünvana çatmırdı ki, bu da topun rəqibə keçməsinə səbəb olurdu. Bəzi epizodlarda isə topu ayağında çox saxlayaraq, komandamızın sürətli əks-hücum şansını "öldürürdü". 3-cü qolda isə Maklafin məhz Rahidi qabaqlayaraq, topu qapıdan keçirdi.
 
Emin Mahmudov - Robert Prosineçkinin sürpriz "bombası" əlində "partladı". Eminin start heyətində yer alması hamı üçün böyük sürpriz oldu. Amma Mahmudov heç kimi təəccübləndirmədi. Meydanda sadəcə, gəzməklə məşğul oldu.
 
Əfran İsmayılov - Əfran ilk hissəni olduqca aşağı səviyyədə keçirdi, çox top itkisi ilə yadda qaldı. Amma ikinci hissədə yaxşı təsir bağışladı. Meydanın hər yerində görünür, oyunu üzərinə götürməyə çalışırdı. Bir epizodda da gözəl ötürmə ilə Dəniz Yılmazı qapıçı ilə təkbətək çıxardı.
 
Ruslan Qurbanov - Adətən döyüşkənliyi ilə seçilən Qurbanov bu dəfə çox passiv göründü. Hücumlar zamanı komandaya lazımi köməyi dəymədi.
 
Ramil Şeydayev - Oyuna fəal başladı, ön xətdə rəqib müdafiəçilərə təzyiq edirdi. Amma getdikcə meydandakı varlığı ilə yoxluğu bilinmədi. Nəticədə fasilədə əvəzləndi.
 
Dəniz Yılmaz - Fasilədən sonra meydana daxil olan Dəniz debüt matçındaca fərqlənə bilərdi. Ancaq təkbətək epizodda qolkiperə məğlub oldu. Ümumilikdə səviyyəli futbolçu olduğu görünür. Milliləşdirilmiş hücumçu millimizə xeyir verə bilər.
 
Ağabala Ramazanov - Son 15 dəqiqədə meydanda olan Ramazanov heç nə ilə yadda qalmadı.
 
Dmitri Nazarov - Emin Mahmudovla müqayisədə topa hakimiyyəti yaxşı olduğundan, orta sahədə nəsə etməyə çalışırdı. 1-2 dəfə texnikasını nümayiş etdirdi. Amma o da ötürmələrdə səhvləri ilə seçildi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/488815.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR