Niyə də yox?! Ona görə “yox” ki...

Niyə də yox?!  Ona görə “yox” ki...
15:17 12 Noyabr 2016
141 İdman
Ölkə mətbuatı
A- A+



Niyə indi? Ona görə ki, dünənki məğlubiyyətdən sonra sabun köpüyü  partladı. Azarkeşlərimizin təbilincə desək, millimiz Şimali İrlandiyadan 4 qol “yeyib”, özünə gəldi.


Məsələyə “dördünü irlandlar vurub, bir-ikisin də biz ilişdirək” prizmasından baxmırıq. Eyni ilə bu başlıqlı yazıyla daha öncə də mövqeyimizi ortaya qoya bilərdik. Lakin bu, birmənalı qarşılanmaya bilərdi. Çünki sadə azarkeşi yalnız nəticə maraqlandırır, vəssalam! Bu qədər bəsit...


AFFA-nın seçmə mərhələyə şüar seçməsi yaxşı haldır. Ancaq həmin şüarın ciddi bir məntiqi əsası olmalıdır. “Niyə də yox?!”u ön plana çıxarıb, reallıqları ört-basdır etməklə, dünya çempionatına vəsiqə qazanmaq mümkünsüzdür.



Niyə də yox?! Ona görə yox ki...


... Bu şüar hansısa planlı işin nəticəsi deyil. Yəni, AFFA 10 il qabaq qarşısına məqsədə qoysaydı ki, filan işləri ardıcıllıqla görməklə, 2016-cı ildə qarşımıza ciddi məqsəd qoyacağıq, bu, başqa məsələ.


... Robert Prosineçki tanınmış futbolçu olub, lakin məşqçi kimi özünü təsdiqləyən biri deyil. Digər tərəfdən, onun yerinə lap Fabio Kapello olsun, nə dəyişəcək?  Son 5 ildə stabil çıxış edən 11 futbolçu düşünün. Rəşad Sadıqov, Maksim Medvedev, Bədavi Hüseynov, Rahid Əmirquliyev,  Rəşad Sadiqov... Biz davam etməkdə çətinlik çəkirik. Üstəlik, 5 oyunçundan 3-ü müdafiəçidir, Sadiqovu isə Prosineçki bəyənmir. 11 nəfər belə stabil çıxış edə bilməyən futbolçusu olmayan komanda niyə mundialda oynasın ki?


... İlk 3 oyundan əldə edilən 7 xal o dərəcədə şişirdildi ki, sanki qeyri-adi bir iş olub. San-Marino ilə səfər matçını xatırlayın – həvəskar bir komandanı çətinliklə 1:0 hesabı ilə məğlub etdik. Norveç üzərində əldə edilən qələbə həqiqətən çox xoş oldu – nəticə baxımından. Amma rəqib 90 dəqiqə təkqapı  oynadı, bəxt bizdən yana oldu. Eyni şey Çexiyada da yaşandı, lakin Ostravada qol vuracaq qədər şansımız yavər getmədi. Bəxt 1 dəfə gətirər, 2 dəfə gətirər, 3-də tutub 4-ün vurdular.


... Bayaq da qeyd etdik – azarkeşi yalnız nəticə maraqlandırır. Ancaq bəlli bir oyun anlayışı olmadan uzağı 1-2 oyun nəticə əldə etmək olar. 


... “Prosineçki klubunda oynamaynaları niyə millidə oynadır?” – fikir bir qədər mübahisəldir.  Deyək ki, bu gün Arif  Daşdəmirov “Qarabağ”da ehtiyatda  qalırsa, bu o demək deyil ki, milliyə layiq deyil. Kim nə deyir-desin, maksimum 1-2 nəfər istisna olmaqla, milliyə layiq olanlar dəvət alır. Yəni, bu gün klubunda ehtiyatda qalan futbolçulara möhtac qalan yığmamız “Niyə də yox?!”la dünya çempionatına gedir.


... Şimali İrlandiya ilə görüş göstərdi ki, Prosineçkii heyəti müəyyənləşdirməkdə, “11-liy”i tərtib etməkdə müstəqil hərəkət etmir. Əks halda, məsələyə futbol prizmasından baxan adam Emin Mahmudovla Əfran İsmayılovu start heyətinə daxil etməzdi...


“Niyə də yox?!”  şüarının sabun köpüyü olduğunu dəlalət edən səbəblər sadalamaqda davam edə bilərik. Fikrimizcə, bu qədər yetər. Əsas olan məsələyə yanaşmaq mövqeyidir. 


Deyək ki, millimiz bizə aidiyyəti olmayan futbolçularla DÇ-2018-ə vəsiqə qazandı. Nə olsun? Əksər vətəndaşımıza belə uğur lazım deyil. Məhz millinin əsas heyətinin əsasən əcnəbi futbolçulardan təşkil olunduğu üçün azarkeşlər komandadan üz döndərib, stadionlara gələnlərin sayı ciddi şəkildə azalıb. Bədavi Hüseynov, Arif  Daşdəmirov, Ruslan Qurbanov, Məhəmməd Mirzəbəyov dağıstanlı, Dmitri Nazarov, qazaxıstanlı, Dəniz Yılmza türkdür. Emin Mahmudov nəyin ki Rusiya millisinə, klubsuz qalandan sonra yığmamızda oynamağa razılıq verdi.  Ramil Şeydayev də oxşar marşrutla AFFA-ya pənah gətirib. Gəl ki, Elxan bəyin onlar üçün tapdığı klublarında papaqlarını günə verirlər. Eddi İsrafilovdan isə heç danışmağa dəyməz...


Fanat.Az




Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-niy-d-yox-t54098.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR