İlham Əliyev: "Ən böyük təbii sərvətimiz olan neft Azərbaycan xalqının maraqlarına xidmət göstərir"

İlham Əliyev: "Ən böyük təbii sərvətimiz olan neft Azərbaycan xalqının maraqlarına xidmət göstərir"
07:47 13 Noyabr 2016
102 Ölkə
Ölkə mətbuatı
A- A+

"Bildiyiniz kimi, Azərbaycan dövləti məcburi köçkünlərin vəziyyətini yaxşılaşdırmaq və məşğulluğunu artırmaq üçün müntəzəm olaraq ciddi tədbirlər görür". Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Füzuli rayon ictimaiyyətinin nümayəndələri və məcburi köçkünlər ilə görüşündə deyib.

Dövlət başçısı bildirib ki, 2004-cü ildə müvafiq proqram qəbul edilmişdir: "2007-ci ildə bu proqrama əlavələr edilmişdir. Bu proqramın icrası uğurla davam edir. Qeyd etdiyim kimi, 95 qəsəbə salınıb, təkcə Füzuli rayonunda 16 qəsəbə salınıb. Bu illər ərzində ancaq tikinti işlərinin aparılması üçün 2 milyard manatdan çox vəsait ayrılmışdır. Bütövlükdə isə məcburi köçkünlərə ayrılmış vəsait 6 milyard manatdan çoxdur. Bu, bir daha onu göstərir ki, Azərbaycan dövləti öz vətəndaşlarına, xüsusilə işğaldan əziyyət çəkən vətəndaşlarına böyük diqqətlə yanaşır, qayğı göstərir. Bu, bir daha Azərbaycan dövlətinin siyasətini əks etdirir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Məcburi köçkünlər uzun illərdir ki, işğaldan əziyyət çəkir. Köçkünlər arasında yoxsulluq hələ 13 il bundan əvvəl 75 faiz səviyyəsində idi. Bu gün köçkünlər arasında yoxsulluq 12 faizə düşübdür, ancaq ölkə üzrə orta göstərici 5 faizdir. Hələ ki, görüləsi işlər çoxdur. Təbii ki, köçkünlər üçün, ilk növbədə, yaşayış yerləri inşa edilməli idi və edilir. Eyni zamanda, onların məşğulluğu ilə bağlı çox ciddi addımlar atılır".

İlham Əliyev deyib ki, bu istiqamətdə bundan sonra da addımlar atılacaq: "Gələn il yeni qəsəbələr salınacaqdır. Dövlət Neft Fondundan maliyyələşən bu qəsəbələrin inşası əlbəttə ki, köçkünlərin vəziyyətini bir qədər yüngülləşdirir. Bu günə qədər Dövlət Neft Fondundan ayrılmış vəsait hesabına 250 min köçkün yeni evlərlə, mənzillərlə təmin edilmişdir. Bu, bir daha onu göstərir ki, bizim ən böyük təbii sərvətimiz olan neft Azərbaycan xalqının sərəncamındadır, Azərbaycan xalqının maraqlarına xidmət göstərir. Əgər bu imkanlar olmasaydı, belə gözəl qəsəbələr salmaq mümkün olmazdı. Ona görə güclü iqtisadi imkanlarımız bu şəraiti yaradır. Biz öz təbii resurslarımızdan səmərəli şəkildə istifadə edirik. İlk növbədə, sosial layihələrə diqqət yetiririk, köçkünlərin problemlərini həll etməyə çalışırıq".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/488908.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR