Prezident İlham Əliyev: "Biz o torpaqlara qayıdacağıq, necə ki, buraya - Horadizə, Lələtəpəyə qayıtdıq"

Prezident İlham Əliyev: "Biz o torpaqlara qayıdacağıq, necə ki, buraya - Horadizə, Lələtəpəyə qayıtdıq"
07:47 13 Noyabr 2016
133 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu, bizim dədə-baba torpağımızdır. Biz o torpaqlara qayıdacağıq, necə ki, buraya - Horadizə qayıtdıq, Lələtəpəyə qayıtdıq. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Füzuli rayon ictimaiyyətinin nümayəndələri və məcburi köçkünlərlə görüşündə deyib.

Dövlətimizin başçısı bildirib: "Bu gün Füzuli rayonu ərazisində 71 min insan yaşayır. Rayon əhalisinin ümumi sayı isə 128 mindir. Yeni salınmış 16 qəsəbədə vətəndaşlar məskunlaşıblar. Eyni zamanda, 1994-cü ildə işğaldan azad edilmiş ərazilərdə yeni qəsəbələr salınıb, o cümlədən bu qəsəbə. Horadiz şəhəri vaxtilə qəsəbə idi, biz ona şəhər statusu verdik. İşğaldan 1994-cü ildə azad edilmiş torpaqlarda bax belə gözəl şərait yaradılıbdır. Bu, bizim gücümüzü göstərir. Ermənistana bəlkə də ən böyük zərbə elə budur. İşğal edilmiş Dağlıq Qarabağda və digər torpaqlarımızda məskunlaşan ermənilər bu gün səfalət içində yaşayırlar. O görüntülər bəzən televiziya və internet vasitəsilə yayımlanır - səfalət, yoxsulluq, işsizlik, ümidsizlik. Bizim torpağımızı zəbt ediblər, ancaq o torpaqlarda normal həyat qura bilməyiblər və bilməyəcəklər. Çünki o torpaq onlara məxsus deyil. Bu, bizim dədə-baba torpağımızdır. Biz o torpaqlara qayıdacağıq, necə ki, buraya - Horadizə qayıtdıq, Lələtəpəyə qayıtdıq. Digər torpaqlara da qayıdacağıq. Ona görə işğaldan azad edilmiş ərazilərdə ən müasir şəraiti yaratmaq bizim siyasətimizi əks etdirir və gücümüzü göstərir".

Daha sonra Azərbaycan Prezidenti deyib: "Bu gün Horadiz abad, inkişafda olan şəhərdir. Horadizdə bir çox sosial obyektlər inşa edilmişdir - Olimpiya İdman Kompleksi, Muğam Mərkəzi, Rəsm Qalereyası, Diaqnostika Mərkəzi, Gənclər Mərkəzi, Heydər Əliyev Mərkəzi, digər obyektlər. Füzuli rayonunun bütün infrastruktur məsələləri öz həllini tapıbdır. İçməli su, elektrik enerjisi məsələləri həll olunub. Bir neçə il bundan əvvəl mənim iştirakımla 25 meqavat gücündə Su Elektrik Stansiyası açılmışdır ki, bu, nəinki Füzuli rayonuna, ətraf bölgələrə də enerji verir. Qazlaşdırma Füzuli rayonunda 100 faizdir. Biz heç Azərbaycanda hələ 100 faizə çatmamışıq, təqribən 90-95 faizə yaxınlaşırıq, Füzulidə bu, 100 faizdir. Kəndlərarası üç böyük yol layihəsi icra edilmişdir. Kəndlərin demək olar ki, hamısı yollarla təmin edilib. Bu gün daha bir yolun açılışını etdik. Bax, budur bizim dövlətimizin gücü və bizim siyasətimiz".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/488907.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR