"Robert Prosineçki özünün düşməni deyil ki..."

"Robert Prosineçki özünün düşməni deyil ki..."
16:18 13 Noyabr 2016
48 İdman
Ölkə mətbuatı
A- A+

Publika.az AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadovun azerisport-a müsahibəsini təqdim edir:

- Milli komandamızın Şimali İrlandiyaya qarşı seçmə mərhələ oyununu (0:4) necə şərh edə bilərsiniz?

- Belə oyundan sonra nəsə danışmaq çətindir. Rəqibin bizim üçün böyük problemlər yaratdığını deməzdim. Biz elementar top saxlaya bilmədik. Ötürmələrdə səhvlər çox idi. Çexiyadakı oyunu görmədim.

- Deməli, rəqibin ustalıq səviyyəsini qabartmamalıyıq?

- Meydan sahibləri sadəcə, bizim səhvlərimizdən yararlanıb 4 qol vurdular. Oyundan öncə də məhz standart vəziyyətlərdən ehtiyatlanırdıq. Elə də oldu. Maksimlə Bədavi "ikinci mərtəbə"də yaxşıdır. Amma bu da kömək etmədi.

- Robert Prosineçki Belfastda meydana buraxdığı start heyətinə görə tənqid olunur...

- Məşqçilərin işinə heç vaxt qarışmamışam. Onun da meydana səhv və ya düzgün heyət buraxdığını şərh etməyəcəyəm. O, komanda ilə birgədir və kimi meydana buraxmaq lazım olduğunu daha yaxşı bilir. Kənardan danışmaq asandır. O da bu oyundan xalla ayrılmaq istəyirdi. Hər halda Prosineçki özünün düşməni deyil ki, meydana güclü heyətlə çıxmaq istəməsin.

- Bəs siz oyun təcrübəsi olmayan futbolçunu meydana buraxardınız?

- Mən orada deyiləm (gülür). Mən bu barədə danışmasam, yaxşıdır. Başqa məşqçilərin taktiki işlərinə qarışmaq istəmirəm. Hər məşqçinin oyuna öz yanaşması var. Çexiyada uşaqların gözləri yanırdı. Belfastda isə bunu görmədim.

- İlk üç oyunda qol buraxmayan komandanın belə böyük hesabla uduzmasını necə qarşıladınız?

- Nəticə oyuna görə olmadı. Rəqibin elə də çox qol epizodu olmadı. Onlar ələ düşən şanslardan maksimum yararlandılar. Rəqibin üçüncü qolu məni təəccübləndirdi. Belə asan qollar buraxmamalıydıq.

- Üç qolu standart vəziyyətdən buraxmağımız bu oyuna tam hazır olmamağımızdan xəbər vermir?

- Belə deməzdim. Komanda kifayət qədər vaxtında bir araya gəlmişdi. Məşqlərdən birində mən də iştirak etmişdim. Oyundan üç gün əvvəl Belfasta yollandılar. Yaxşı hazırlıq üçün daha nə lazımdır ki?

- Bəlkə bizim yığmamızdan gözləntilərimiz həddən artıq çoxalıb?

- Bu, normaldır. Biz həmişə yığmamızdan ən yaxşısını gözləyirik. Mən daha çox Çexiyaya qarşı oyunu bəyəndim. Uşaqlar həmin matçda hər şeyi doğru etdilər. Elə oyundan sonra bu dəfə daha yaxşısını gözləyirdim.

- Bu məğlubiyyət bizə nə verdi?

- Çoxlu suallar. Hansı ki, həmin suallara çox qısa zamanda cavab tapmaq lazımdır. Vaxt var. Problemləri həll etmək lazımdır. Yeddi xalımız var. Bir məğlubiyyət hər şeyin sonu demək deyil. Qalan oyunlara hazırlaşmaq lazımdır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/175765.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR