"Bu, ermənilərə və onların havadarlarına müharibə mesajı idi"

"Bu, ermənilərə və onların havadarlarına müharibə mesajı idi"
11:57 14 Noyabr 2016
64 Ölkə
Ölkə mətbuatı
A- A+

Ölkə prezidenti, Ali Baş Komandan İlham Əliyevin Lələtəpədə səsləndirdiyi fikirlər həm simvolikdir,  həm də Ermənistana sonuncu xəbərdarlıqlardan biridir ki, artıq Dağlıq Qarabağ məsələsinin həllini yekunlaşdırmağın vaxtıdır. Bu, əslində, ermənilərə və onların havadarlarına müharibə mesajı idi. Azərbaycan Silahlı Qüvvələrinin 60 minlik şəxsi heyətlə irimiqyaslı təlimləri isə, sanki, cəbhədə keçiriləcək ən böyük əməliyyat öncəsi bir məşqdir. Bu, resursların cəlb edilməsi, onların istifadəsi baxımından çox gözəl hazırlıqdır. İnanıram ki, bu hazırlıq uğurla başa çatacaq.  

Bunu Milli.Az-a açıqlamasında hərbi-siyasi məsələlər üzrə ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov prezident İlham Əliyevin cəbhə bölgəsinə son səfəri zamanı səslədirdiyi mesajları və Azərbaycan Silahlı Qüvvələrinin irimiqyaslı təlimlərinin əhəmiyyətini şərh edərkən bildirib.

Ekspertin fikrincə, vasitəçilər - ATƏT-in Minsk qrupunun həmsədrləri münaqişənin həlli ilə bağlı guya hansısa mexanizmlər üzərində baş sındırırlar, amma onların heç bir perspektivi yoxdur:

"Çünki onlar absurd mexanizmlərdir. İnsidentlərin araşdırılması, Anjey Kaspşikin səlahiyyətlərinin genişləndirilməsi göstərir ki, bunların məqsədi və məramı yenə də məsələni "pat" vəziyyətində saxlamaqdır. ABŞ-ın indi səlahiyyətlərini təhvil verməyə hazırlaşan prezidenti və dövlət katibi bu məsələni o qədər uzatdılar ki, onun həllini yeni prezidentə ötürməli oldular. Rusiya da münaqişənin dondurulması tərəfdarı kimi görünür. Çünki Rusiya ATƏT-dəki nümayəndəski Aleksanr Lukaşeviç ötən həftə belə bir bəyanat verdi ki, status-kvonun dəyişdirilməsi gərginliyə səbəb ola bilər. Ardınca ABŞ-ın ATƏT-dakı nümayəndəsi də demək olar ki, Rusiyanın mövqeyini təkrarladı. Bir sözlər prezident İlham Əliyev bütün bu məsələləri cəmləşdirərək təmkinli şəkildə, diplomatik formada fikir bildirib ki, danışıqlarda konkret nəticə olmalıdır. Nəticə olmasa, Azərbaycan Silahlı Qüvvələri qüısa müddətdə bu məsələnin çözülməsi üçün lazım olan addımı atacaq".

Ü.Cəfərov hesab edir ki, prezidentin bu fikirləri çox ciddi mesaj kimi qəbul edilməlidir: "Azərbaycan prezidentinin bu fikirləri artıq Ermənistanda narahatlıq yaradıb. Dağlıq Qarabağdakı qondarma qurumun nümayəndəsi David Babayan bu ritorikanın nəyə hesablandığı barədə açıqlama verib. Amma ermənilər başa düşmürlər ki, Azərbaycan dediyi sözü dəfələrlə təkrarlamayacaq. Yəni Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaranmasına heç bir halda razı olmayacaq. Ona görə prezident İlham Əliyevin hərbi geyimdə çıxması və bu fikirləri məhz apreldə düşmən işğalından azad olunmuş Lələtəpədə səsləndirməsi çox ciddi mesaj kimi qəbul edilməlidir. Bu gün Azərbaycan cəmiyyəti və mətbuatı beynəlxalq ictimaiyyətin diqqətinə məhz bu konktekstdən çatdırmalıdır ki, Azərbaycanın mövqeyi qətidir, öz torpaqlarını nəyin bahasına olursa-olsun işğaldan azad edəcək, ona görə də bütün resurslar buna hesablanmalıdır".

Xatırladaq ki, noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Füzuli rayonu ərazisində ön xətdə yerləşən komanda idarəetmə məntəqəsində əməliyyat şəraiti ilə tanış olarkən deyib: "Lələtəpə əməliyyatı bizim qəhrəmanlıq rəmzimizdir. Lələtəpə tarixə düşdü. Əgər erməni silahlı qüvvələri aprel döyüşlərindən düzgün nəticə çıxarmasalar, gələcəkdə Lələtəpə əməliyyatı kimi bir çox uğurlu əməliyyatlar olacaqdır. Ermənistanın siyasi rəhbərliyi, nəhayət, dərk etməlidir ki, işğalçılıq hərəkətləri onları uçuruma aparır. Azərbaycan gündən-günə güclənir, möhkəmlənir. Bizim güclü potensialımız və güclü Ordumuz var. Biz Ordumuzla, əsgər və zabitlərimizlə, sizinlə - bax, burada düşmənlə üz-üzə dayanan oğullarımızla fəxr edirik. Sizə eşq olsun! Azərbaycan inkişaf edəcək və biz ərazi bütövlüyümüzü bərpa edəcəyik!"

Qeyd edək ki, elə həmin gün Azərbaycan Silahlı Qüvvələri irimiqyaslı təlimlərə başlayıb. Noyabrın 18-dək davam edəcək təlimlərə 60 minədək şəxsi heyət, 50-dən çox təyyarə və helikopter, 150-dən artıq tank və zirehli texnika, eləcə də raket və artilleriya qoşunlarının 700-dək qurğu və sistemi cəlb olunub.

İlkin İzzət
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/489169.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR