"Uşağı özüm böyüdürəm, köməyi lazım deyil..." - FOTO

"Uşağı özüm böyüdürəm, köməyi lazım deyil..." - FOTO
13:47 14 Noyabr 2016
134 Şou
Ölkə mətbuatı
A- A+

Milli.Az Müğənni Ayan Babaşikiyevanın qafqazinfoya müsahibəsini təqdim edir:

- Yeni foto-layihə üzərində çalışırsız. Elə biz çəkilişə hazırlıq prosesində sizinlə görüşürük...

- Foto-layihəmə 1 aydır ki, hazırlaşıram. Libasları kataloqlardan seçdik, modelyer Aida Məmmədova hazırlayıb. Fotoları Ruslan Nəbiyev çəkir, stilist Roma isə komandamın daha bir üzvüdür. Paltarlar hazır olandan sonra Bakıya gəldim. Bu gün çəkilişləri edirik. İnanıram ki, uğurlu bir iş ortaya çıxacaq.

- Türkiyəyə yaşamaq üçün köçən ilk müğənnilərdənsən. Orada yaşamaq necədi?

- Düşünürəm ki, ilk addımı atan sənətçiyəm. Çünki İradə İbrahimova ailə qurub Türkiyəyə köçdü. Digərləri də həmçinin... Məndə isə fərqli oldu. Həyatımı dəyişmək üçün, qızım üçün ölkədən getdim. İstədim ki, onun həyatı rahat və gözəl olsun. Qoy, sağlam böyüsün.

Getdim, bir anda hər şeyin üstündən xətt çəkdim. Zamanla alışırsan. Oraya ailəmlə birgə köçmüşəm. Azərbaycana da tez-tez gəlirəm. Türkiyə vətəndaşı olmaq istəmirəm. Azərbaycan vətəndaşıyam, azərbaycanlı olmağımla da fəxr edirəm.

- Əslində, ciddi bir qərar vermisiz. Çətin olmadı?

- Çox düşündüm. Selenanın 3 yaşına az qalıb. Qızım doğulandan köçmək barədə düşünürəm. Sadəcə olaraq, çox fikirləşirdim, doğru addım atdığımı düşünürəm. Azərbaycanlı olaraq rahat həyat yaşamağa alışmışıq. Belə deyək, orta və aşağı təbəqənin insanları ömür boyu yaxşı yaşamaq üçün çalışır. Biz də vaxtı ilə çox əziyyət çəkmişik.

Ancaq əziyyətimizin bəhrəsini görmüşük. İnsanların çox çətinliyi olur, nə qədər çətin yaşasaq da həyat tərzimizi yaxşılaşdırmaq istəyirik. Türkiyə xalqı isə bizim kimi deyil. Düşünürlər ki, işləyirlər, müəyyən məbləğdə pul qazanırlar. Evləri olmasa belə kirayə yaşayırlar, çox rahat olurlar, nəsə işlərini artırmaq, daha çox pul qazanmaq barəsində düşünmürlər. Çalışmırlar ki, evləri və maşınları olsun. Bizim sənətçilərimiz gözəl həyata alışıb.

Onlar bunun üçün çox şeydən keçiblər. Mən Azərbaycanda hər şeyin ən yaxşısına alışmışdım. Demirəm ki, Türkiyədə hər şeyə sıfırdan başladım. Evlər aldıq, maşınımız var, şirkətimizi də qurduq. Ona görə çox rahatam.

- Sadə insanlardan fərqiniz odur ki, müğənnisiz. Sənətçilər isə diqqəti xüsusi sevirlər. Türkiyədə tamaşaçı diqqətindən uzaqsız. Yolda adi vətəndaşlar kimi gəzirsiz və heç kəs sizi tanımır. Bu sizi depressiyaya salmır ki?

- İstər müğənni, istərsə də həkim ol, fərqi yoxdur. Başqa ölkəyə gedəndə səni heç kəs tanımır. Mənim Bakıda xüsusi çevrəm var, dostlarıma zəng vuraraq müəyyən məsələlərdə xahiş edib kömək istəyirəm. Türkiyədə isə heç kəs yoxdur, həyatını sıfırdan başlayırsan.

Çox çətin bir məsələdir. Depressiyanın astanasında idim. Anam, qardaşım və qızım yanımda idi. Onlar mənə imkan vermədilər. Dedilər ki, depressiyaya düşməyə ixtiyarın yoxdur. Vətən həsrəti bir başqadır. Adamın sənəti heç yada düşmür. İstəyirsən ki, Bakının havasını canına çəkəsən. Dost və yaxınlarını istəyirsən. 

- Mətbuatda xəbərlər dərc olundu ki, siz restoranlar şəbəkəsi qurmusuz. Doğrudur?

- Xeyr, "Uluslararası yatırım danışmanı- ihracat-ithalat" ilə məşğulam. Əvvəl restoran işi qurmaq istəyirdim. Gördüm ki, bələd olduğum sahə deyil. Restoran biznesi çox çətindir. Azərbaycanda açsa idim asan olardı. Bəlli dostlarımız, əhatəmiz var. Ancaq burada başqa şirkət açdım. Xarici vətəndaşlar üçün şans yaradıblar. Qanunlar da çox yaxşıdır. Şirkəti rahatlıqla qurdum, aktiv hala gətirmək üçün müəyyən vaxt lazım idi. Əgər xarici bir vətəndaş özünə şirkət açırsa, komandası olmalı idi. Komandanı yığmaq üçün xeyli vaxtım getdi.

- Türkiyədə biznes qurmaq üçün bağ evinizi satmısız?

- Satdım, utanmadan deyirəm. Nəinki, bağ evi, avtomobillərimi də satmışam. Şəhərdəki evimin birini də sataraq maliyyəmi ora yatırdım. Özümü ağıllı qadın hesab edirəm. Hər sənətçinin bir xüsusiyyəti var. Kimisi sənətinə, kimisi də geyimlərə çox pul xərcləyir. Fikir verin, sənətimə maliyyə ayırsam da, ətrafımda heç vaxt tanınmış prodüser olmayıb. İstəməmişəm, onlara söz atmaq fikrində də deyiləm. Onlar mənə deyəcəklər ki, maliyyə ayır, layihə reallaşdıraq. Həmin layihələri mən də edə bilərəm. Heç vaxt bu səbəbdən toy və layihə üçün prodüserlərlə əməkdaşlıq etməmişəm. Hamıdan da gözəl ağlım var.

Durub bədxərclik etməmişəm. Günümüzün tələbatına uyğun layihələr reallaşdırmışam. İnanın, mənim çəkildiyim bir fotosessiya, Heydər Əliyev adına Sarayada konsert verən bəzi müğənnilərdən daha çox effekt verir. Ağıllı davranmaq lazımdır. Vaxt var idi, brend arxasıyca qaçırdım. İndi isə tamam fərqlidir. Heç kim deməsin ki, filankəsin "şotuna" hər şeyi etmisən. Mən öz gücümün sayəsində bu yerlərə gəlmişəm.

Bu söhbətləri eşitmək istəmirəm. Deyirlər ki, filankəs mənə köməklik edir. Mənə heç kim köməklik etmir. Övladımı tək böyüdürəm. Doğulandan tək böyütmüşəm, indən belə də heç kim lazım deyil. Burada bəzi şayiələr eşidirəm. Onun pisliyi dəyməsin, köməyi özünə qalsın, məndən uzaq dursun.

- Belə başa düşdüm ki, siz sənəti birdəfəlik atmamısız...

- Xeyr, sənət fəaliyyətimi dondurmamışam. Mən müğənni olmaq üçün çox şeylərdən keçmişəm, əziyyət çəkmişəm. Düzdü, deyə bilmərəm ki, çox şeyləri qurban vermişəm. Belə deməkdən xoşum gəlmir. Nə qurban verdimsə, özüm üçün etdim. Mənim şəraitim gözəl oldu, istədiyim həyatı qurdum. Ona görə də heç kimə qurban verdiklərimin aidiyyatı yoxdu. Rahat bir şəkildə başqa ölkədə işimi qurmuşamsa, əziyyətlərimə dəyər.

- Türkiyədə iş xanımısız, bəs müğənni olduğunuzu deyəndə necə bir reaksiya göstərirlər?

- İlk vaxtlar iş üçün dövlət dairələrinə gedirdim. Sənədləri toplamaq lazım idi. Mənə sual verirdilər ki, orada nə işlə məşğul idiz? Mən də müğənni olduğumu deyirdim. Onlar da təəccüblənirdilər. Deyirdilər ki, biz sizi yutubda tapıb izləyərik. İşimin ciddiliyi müğənnilik fəaliyyətimə təsir göstərməyəcək. Bizim ciddi iclaslarımız olur. İclasdan çıxandan sonra nəfəs alıram. İki Ayan həyatı yaşayıram. Mən zarafatı sevən bir xanımam, iclasda isə zafatları edə bilmirsən.

- Azərbaycana tez-tez gəlmə səbəbin nədir?

-Mənim burada həyatım, işlərim var. Onların üzərindən xətt çəkə bilmərəm. Müğənniyəm, sənətçiyəm. Yeni mahnılar yazdırıram, efirlərə çıxıram. Ehtiyatda mahnılarımın olmağını istəyirəm.

- Röya müsahibəsində demişdi ki, Türkiyədə olanda dostlarını uzaqdan yaxşı görür. Sizdə necədi?

- Bbu sözü həmişə demişəm. Məndən sonra görmüşəm ki, sənətçilər sırf belə cümlələrimi işlədiblər. Dostlarım barmaqla sayılacaq qədərdi. Heç biri məni tək qoymadı. Sevinirəm ki, yanımda oldular. Nə qədər çox dostun oldusa, o qədərdə düşmənlərin çoxalır.

- Belə bir deyim var ki, uzaqda olanda daha qiymətli olursan...

- Düzdü, razıyam. Uzaqda olanda hər şey dəyişir.

- Toy qiymətlərində də dəyişiklik oldu?

- Təbii ki, dəyişiklik oldu. Mən toylardan ötrü Azərbaycana gəlirəm, vaxt ayırıram. Qiymətlərdə dəyişiklik oldu, artım çox oldu.

- Bakıya gələndə oteldə qalırsız? Bütün evlərinizi satmısız?

- Bakıda aldığım ev tam hazır deyil. Özəl əşyalarımı ora yığmışam. Tək gəlmişəm, anam yanımda yoxdu, özüm özümə qulluq edə bilmirəm. Bu səbəbdən oteldə qalmışam.

- Ötən gün yenə sosial şəbəkədə avtomobil fotosu paylaşdız, özünüz-özünüzə hədiyyə etdiyinizi qeyd etdiz...

- Hə, paylaşdım. Söhbət köhnəlməmiş təzələyirsiz. Maşın məndən keçmək istəyirdi, geri qaytardım (gülür). Satmaq istəyirdim, sonra bu fikirdən danşındım.

- Gənc bir xanımsız. Yəqin ki, ailə qurmaq barədə düşnürsüz. Siz də türkiyəli bir bəylə evlənmək barədə düşünmürsüz?

- Mən Türkiyədə yaşayıramsa, qadınlar və kişilər də mənə maraqlı gəlir. Ümumiyyətlə, şəxsi həyat barədə çox da danışmaq istəmirəm. Gözəl qadın hər zaman diqqət mərkəzində olur. Mən də özümü gözəl qadın hesab edirəm.

- Özünü iş qadını, yoxsa müğənni kimi daha çox xoşbəxt hiss edisən?

- Hər ikisində... Yeni sahədə özümü təsdiqləmək üçün vaxt lazımdır. Təcrübə yığmalıyam. Məsələn, mənim qardaşım 7 dil bilir, 7 il də orada yaşayır. Türkiyənin qanunlarını öz millətlərindən yaxşı bilir. Xaricə idxalla məşğuldu. Bu səbbədən özümü tək hiss etmədim, işini bilən biri ilə çalışmağa başladım.

- Bizdə belə bir fikir formalaşıb ki, kimsə özünə iş quranda dost və qohumlarını öz ətrafına toplayır.

- Mən qohumlarımı öz ətrafımdan uzaq tuturam. Səbəbini sizə danışım. Yad insana istədiyini deyə bilərsən. Maaşını verib işini tələb edirsən. Qohum olduqda isə tamam fərqli olur. İşə çox pul qoysan da, biznesin getməyəcək, bir müddət sonra çökəcək. Yad bir şəxsi gətir, işini də tələb et.

Milli.Az








Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/489224.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR