Bakı. 14 noyabr. REPORT.AZ/ "Səyyar ASAN xidmət" noyabrın 14-dən dekabrın 13-dək Astarada, noyabrın 14-28-də isə İmişli, Qazax və Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsində vətəndaşlara səyyar formada xidmət göstərəcək.
Bu barədə "Report"a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən bildirilib.
Bundan başqa, "Səyyar ASAN xidmət" avtobusları oktyabrın 24-dən noyabrın 22-dək Qubada, noyabrın 7-16-da Qaradağ rayonunun Lökbatan qəsəbəsində, noyabrın 7-21-də Naftalanda, noyabrın 7-dən dekabrın 6-dək Şamaxı və Yevlaxda vətəndaşların xidmətində olacaqlar.
Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.
Qeyd edək ki, "Səyyar ASAN xidmət"in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.