Fərid Mansurov: "İdmanımızı şikəst etməyə yönəlmiş halların qarşısını qısa vaxtda alacağıq"

Fərid Mansurov: "İdmanımızı şikəst etməyə yönəlmiş halların qarşısını qısa vaxtda alacağıq"
17:02 14 Noyabr 2016
145 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 14 noyabr. REPORT.AZ/ Yunan-Roma güləşi üzrə olimpiya və ikiqat dünya çempionu Fərid Mansurov Gənclər və İdman Nazirliyində idman şöbəsinin müdiri vəzifəsinə təyin olunduqdan üç ay sonra mətbuat konfransı keçirib.
"Report"un məlumatına görə, ötənlərin məşhur pəhləvanı idmançı kimi çıxış etdiyi vaxtlarda da daim jurnalistlərlə ünsiyyətdə olduğunu xatırladıb.
O, idmançı kimi mərhələlər keçdikdən sonra yeni vəzifədə çalışmağın şərəfli və məsuliyyətli iş olduğunu bildirib. F.Mansurov 9 ay ərzində 121 qızıl, 146 gümüş, 245 bürünc medal qazandıqlarını açıqlayıb. Şöbə müdiri medallardan 18-nin Yay Olimpiya, 11-nin isə Paralimpiya Oyunlarında əldə olunduğunu vurğulayıb.
F.Mansurov il ərzində Formula 1 üzrə Avropa Qran Prisi, Ümumdünya Şahmat Olimpiadası kimi mötəbər yarışların keçirildiyini, 4 nəfərin "Şöhrət" ordeni, 17 nəfərin "Tərəqqi" medalı ilə təltif olunduğunu söyləyib.
O, hədəfinin Uşaq-Gənclər İdman məktəblərinin fəaliyyətlərini gücləndirməkdən ibarət olduğunu söyləyib: "Bu vəzifəyə təyin olunduqdan sonra onların bütün müdirlərini çağırıb söhbət etdim. Əgər hansısa növ üzrə məşqçi öz sahəsi üzrə məşğul olmursa, bunun qarşısı alınmalıdır. Çünki belə hallar idmanımızı şikəst etməyə yönəlib. Çox təəssüf ki, belə hallar var və bunların qarşısını qısa vaxtda alacağıq. Hazırda ən yaralı yerimiz bununla bağlıdır".
F.Mansurov bildirib ki, əvvəllər yalnız öz idmançı karyerası üçün çalışırdısa, indi bütün ölkənin idmanı üçün fəaliyyət göstərməlidir.
Olimpiya çempionu ölkədəki maddi sıxıntılara baxmayaraq, idman sahəsində bunların hiss olunmadığını vurğulayıb. O, yerlərdə rayon icra hakimiyyəti orqanlarının idmanın inkişafı istiqamətində çalışmasının vacibliyinə diqqət çəkib. Federasiya prezidentləri vəzifəsində dəyişikliklərin öz səlahiyyətində olmadığını deyən F.Mansurov etimadı doğrultmayan, problemlər yaşayan federasiyalara yeni prezidentlərin seçilməsinin mümkünlüyünü söyləyib.
Nazirlik rəsmisi ölkə idmanında legionerlərlə bağlı məsələyə də toxunub: "İstər yerli, istərsə də legioner ölkə adını ucaldır. Əlbəttə, həmin idmançı yerli olsaydı, daha yaxşı olardı. Amma bunun üçün Uşaq-Gənclər İdman Məktəblərindən başlamaq lazımdır. Müəyyən proseslər getməlidir ki, buna federasiyalar da təşəbbüs göstərməlidirlər. Komanda növlərində idmançılar bir-birilərini anlamalıdırlar. Bunun üçün müəyyən vaxt lazımdır. Bu da uşaqlardan başlanmalıdır. Cəmi 3 aydır təyin olunmuşam. Bütün problemli məsələləri mərhələli şəkildə həll etmək lazımdır".
F.Mansurov güləş yığmalarının baş məşqçi postunda yerli mütəxəssislərə etimad göstərilməsinə sevindiyini də əlavə edib. Onun fikrincə, yerli idmançıların mentalitet və psixologiyasını yalnız yerli mütəxəssislər bilər. Artıq bir federasiya deyil, bütün federasiyalarla çalışıram. Ona görə Güləş Federasiyasında baş verən proseslərə dərindən bələd deyiləm. Hazırda rəqabətə dözmək üçün legionerlər lazımdır. Onlar öz idmançılarımızın yetişməsində də rol oynayırlar. Paralel olaraq özümüzünküləri yetişdirməliyik. Nailiyyətlərin arxasını yerli idmançılarla davam etdirməliyik. İdmançını rəqabət yetişdirir. Hansı güclüdürsə, o da çıxış etməlidir. Əcnəbi baş məşqçi üçün idmançının yerli və ya legioner olmasının fərqi yoxdur. Yerli mütəxəssis isə azərbaycanlı idmançının yetişməsinə çalışmağı daha çox istərdi".







Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/ferid-mansurov-i-dmanimizi-sikest-etmeye-yonelmis-hallarin-qarsisini-qisa-vaxtda-alacagiq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR