Əbülfəs Qarayev: "Zamanla mədəniyyət və turizm sahəsində Azərbaycan-Rusiya layihələri artacaq"

Əbülfəs Qarayev: "Zamanla mədəniyyət və turizm sahəsində Azərbaycan-Rusiya layihələri artacaq"
10:27 15 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 15 noyabr. REPORT.AZ/ "Belə irimiqyaslı sərgi həm Azərbaycan, həm də Rusiya üçün böyük hadisədir. Oxşar birgə layihələr davam edəcək".
"Report" xəbər verir ki, bunu Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Moskvadakı Tretyakov Qalereyasında Azərbaycan rəssamların sərgisinin açılışında jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, hər iki ölkənin teatr, sərgi, konsert sahələrində birgə layihələrin həyata keçirilməsi üçün yaxşı bazası var.
"Birmənalı şəkildə deyə bilərəm ki, bu gün Azərbaycan teatrlarının repertuarlarını rusiyalı yazıçıların, klassiklərin əsərləri olmadan təsəvvür etmək mümkün deyil. Təkcə Moskvanın yox, həm də Rusiya regionlarının müxtəlif teatrlarının nümayəndələri tez-tez bizim teatrların quruluşunda iştirak etmək üçün dəvət olunur. Birgə kinolayihələr hazırlanır. Məsələn, bu yaxınlarda beynəlxalq səhnəyə çıxacaq iki layihəni başa vurmuşuq. Azərbaycan özünü Rusiya və rusiyalı incəsənət ustalarının yaşadığı mədəni mühitdən kənarda görmür", - deyə nazir vurğulayıb.
Ə.Qarayev belə əməkdaşlığın davam etdiriləcəyinə ümidvar olduğunu qeyd edərək gələn ilə bir sıra birgə tədbirlərin planlaşdırıldığını bildirib.
"Mədəniyyət nazirlikləri arasında artıq müvafiq saziş imzalanıb", - deyə nazir deyib.
Respublikada turizmin inkişafı məsələsinə toxunan Ə.Qarayev Azərbaycanın rusiyalılar üçün turizm cəlbediciliyinin artdığını qeyd edib.
"Hazırda turizm sahəsində kifayət qədər ciddi əməkdaşlıq edirik. Azərbaycan rusiyalılar üçün böyük maraq kəsb etməyə başlayıb. Rusiyadan gələn turist axınının artdığını görürük. Rusiyalılar asudə vaxtını Azərbaycanda keçirməyi xoşlayır", - deyə nazir bildirib.
O, bu prosesdə mədəni komponentlərin böyük yer tutduğunu da əlavə edib.
"Rusiyalıların xalqımızın mədəniyyəti, tarixi və ənənələri ilə necə maraqlandığını görürük. Bir-birimizi asanlıqla başa düşürük. Hesab edirəm ki, zamanla turizm sahəsində birgə layihələrimiz artacaq", - nazir bildirib.
Qeyd edək ki, noyabrın 14-də Moskvadakı Tretyakov Qalereyasında Azərbaycan rəssamlarının əl işlərindən ibarət  "Abşeron ulduzları" sərgisinin açılışı olub. Açılışda bir çox məşhurlar və rəsmilər, o cümlədən Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iştirak edib.







Xəbərin orijinal ünvanı: https://report.az/medeniyyet-siyaseti/ebulfes-qarayev-zamanla-medeniyyet-ve-turizm-sahesinde-azerbaycan-rusiya-layiheleri-artacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR