Ayaqqabı satanlar ziyalını necə aldatdı?

Ayaqqabı satanlar ziyalını necə aldatdı?
10:44 15 Noyabr 2016
91 Digər
Ölkə mətbuatı
A- A+

 

Bu gün  Sədərək ticarət mərkəzində olan dramaturgiya - dünya ədəbiyyatını deyə bilmərəm - Azərbaycan ədəbiyyatında  heç vaxt olmayıb, olmayacaq da.  Burada konfliktlər, satıcı və müştəri dialoqları o qədər  təbii  və dərindi ki, elə kənarda  bir stol qoy, otur yaz, bir-iki günə  əla bir dram əsəri alınacaq, AzDrama ilə dil tapa bilsən,  əsərin  bir-iki  günə səhnənin bəzəyi olacaq.

 

Məsələn, bir gün Sədərək ticarət mərkəzində  bir  dostuma  rast gəldim. Vaxtı ilə  bir məktəbdə işləmişik, o nəğmədən dərs deyib, mən ədəbiyyatdan. Mətn və musiqi bir-birini tamamladığından bizim də dostluğumuz  çox möhkəm olub. Dostum istilik qurğusu olan kombi satırdı. Əvvəl öpüşmək zad, bir iki xatirə-filan, hal-xoş beş–on beş, sonra keçdik alış-verişə. Kombinin qiymətindən bir az düşdü. Qaldı şübhə məsələsi, hansı ölkənin istehsalıdır, Türkiyənin, yoxsa   Almaniyanın?  Burada bir balaca mübahisə oldu. Dedim, filan  sırada, filan dükanda  kombi var, üstünə  “Germaniya” yazılıb. Dedi, o saxtadır, onu özümüz yazırıq. Dedim,  nə danışırsan?  O, zavod malıdır. Müəllim dostum dedi ki,  istəyirsən, sabah gəl, bu malın  üstə sənin adını yazım verim sənə.  Eynən zavod malı kimi. Müəllimlik vaxtından  bir az da aramızda zarafat var. Nə isə,  razılaşdıq.

 

Sabah tülkü durmazdan gəldim Sədərəyə. Dostum  dükanı açdı, gözlərimə inanmadım, adım  Kombinin üstünə yazılmışdı, guya mənim adıma olan zavodda istehsal olunub. Zavod da Berlində yerləşir. Matım–qutum qurudu. Dedi, Sədərəkdə olan kombilərin hamısı bu cürdür. Ancaq mənim  malım  bir az babatdı. Səni heç vaxt  aldatmaram.  Razılaşdıq. Düşündüm ki,  nə olsa belə, müəllim yoldaşımdı, kombidə  problem olsa,  qaytarmasa da dəyişmək  məsələsi 99 faizdir.

 

Keçdim ayaqqabı sırasına. Qonorarı təzə almışam. Televiziyalara çağırırlar, verilişdə yoldaşımın, xüsusən  qohumlarımın hamısının baxdığı ən çox  ayaqqabılarım olur, parlayır, yoxsa  parlamır, təmizdi, yoxsa çirkli,  ayaqlarımı cüt qoymuşam, yoxsa köndələn? Bir sozlə, ayaqqabı məsələsi bizdə ən çox müzakirə olunan məsələdir. Ona görə də yoldaşımın təkidi ilə  təzə bir ayaqqabı  da almalıyam.

 

Dükanların birində gözüm bir ayaqqabıya sataşır. Satıcı cavan uşaqdır. Kənarda  bir kişi oturub çay içir. Ancaq gözü bizdədir. Oğlana deyirəm, yaxşı ayaqqabı olsun. Oğlan deyir, yeni gəlib, təzə modeldir, dəridir, altı qopmur, üstü cızılmır, nə bilim, daha nələr. Sədərək dili ilə bütün gözəllikləri tökdü  ayaqqabının üstə. Yoldaşım da deyir, ekranda “super” görünəcək.  Qiymətini soruşuram, 30-a  satmışıq, 25-dən  götürün – deyir.  Razılaşıram. Elə bu zaman  çay içən kişi yerindən sıçrayır, oğlana  ağzından çıxanı deyir: Utanmırsan,  niyə müəllimə yaxşı ayaqqabı vermirsən, görmürsən, bizim  gözəl ziyalımızdı - yoldaşım ürəklənir, amma bilirəm ki,  kişi məni tanımır -  sən nə vaxt başa düşəcəksən, görmürsən müəllim bizim dükana təşrif buyurub -  arada üzünü mənə çevirir - narahat olmayın, öz oğlumdur. Mən ona qandıra bilmirəm ki, adi insanlarla ziyalıları fərqləndirmək lazımdır.

 

Kişi  getdikcə  hirslənir, lap oğlunu vurmaq dərəcəsinə çatır.   Kişini güclə sakitləşdirirəm.

 

Sonra kişi  əyilib  aşağıdakı sıradan bir  ayaqqabı götürüb qoyur stolın üstə.  Deyir, müəllim, təmiz İtaliya malıdır,  sənə 45 manata verərəm, indiyə kimi 65-ə satmışıq.

Sonra üzrxahlıq eləyir ki, bağışlayın, uşaq sizi tanımayıb.

 

Tər məni basır. Kişinin məni “tanıması”, oğlunu bu qədər danlaması, istər–istəməz əllərimi cibimə aparır. Pulu verib dükandan çıxıram. Bir az gedəndən sonra yoldaşım deyir, gəl  ayaqqabını  başqa  bir  dükanda yoxlatdıraq, görək dəridir, yoxsa dermantin? Razı olmuram. Topladığım inam hissimi korlamaq istəmirəm.  Amma yoldaşım ayaqqabını satıcıya artıq verib. Satıcı ayaqqabını  bir–iki dəfə qatladıqdan sonra deyir: dermantindir, bizdə də  var, 12 manata.

Yoldaşım  ayaqqabın qaytarmaq istəyir, qoymuram.

 

Aradan 5 ay keçib.  Hələ də o balaca ayaqqabı dükanında yazılan  dramı unuda bilmirəm. Ata və oğul gözəl bir əsər oynadılar və məni  yamanca aldatdılar.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259502

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR