Təhlükəsizliyimiz üçün AZAL təhlükəsi - DİQQƏT

Təhlükəsizliyimiz üçün AZAL təhlükəsi -   DİQQƏT
12:07 15 Noyabr 2016
56 İdman
Ölkə mətbuatı
A- A+


"Niyə də yox?" şüarı ilə yola çıxıb Şimali İrlandiyaya 0:4 hesabı ilə yenilən millimizin ümidlərimizi puç edən məğlubiyyətinin şokundan ayılmamış xəbər aldıq ki, yığma üzvləri Bakıya qayıda bilmir. Səbəb isə çox sadədir: komandanı Belfasta aparan Azərbaycan Hava Yollarının (AZAL, “Azerbaijan Airlines” ) bahalı təyyarəsində texniki nasazlıq var. Yəni, xarab olub və havaya qalxa bilmir.


Həyəcanlı anlar təxminən bir gün davam etdi. Hətta Bakıdan Belfasta yeni təyyarənin göndərilməsi də gündəmə gəldi. Lakin sonradan məlum təyyarədəki texniki problemlər aradan qaldırıldı və komanda noyabrın 12-si, saat 19:30 radələrində Bakıya çatdı.


Bu, milli komandanın başına təyyarə ilə bağlı gələn ilk əhvalat deyil. Ötən ay Çexiya ilə baş tutan səfər oyununa yollanan yığmanın üzvləri Bakıdan havaya qalxan kimi qorxulu anlar yaşamalı olmuşdu. Havada sərnişinlərə məlumat verilib ki, təyyarədə texniki nasazlıq var və bu səbəbdən Bakıya qayıtmalı olacaqlar. Lakin sonradan məlum olub ki, təyyarə dolu yanacaqla eniş edə bilməz və buna görə də ən azı 2 saat havada dövrə vurulmalıdır. Nasazlıq deyilən problem isə təyyarənin arxa şassinin tam qapanmaması kimi ciddi bir problem olub. Lakin nasazlıq havada həll olunub və təyyarə yoluna davam edib. Xoşbəxtlikdən təyyarənin arxa şassi eniş edərkən tam açılıb və heç bir faciə baş verməyib. 


Yəqin ki, uzun müddət Xəzər dənizinin üzərində dövrə vuran təyyarədəki insanların bu müddətdə hansı hissləri keçirdiyini təsəvvür etmək heç birimiz üçün çətin olmaz. Ucsuz-bucaqsız dənizin üzərində hər an ölümü düşünmək dəhşətli bir hiss olmalı. 


Bunlar sadəcə futbol təsərrüfatında təyyarə ilə bağlı yaranan son iki hadisədir. Bundan əvvəl də bənzər hadisələr ölkə xaricinə yollanan klublarımızın başına gəlib. Həmçinin futboldan kənar uçuşlarda da təhlükəli anların yaşanması barədə ictimai-siyasi mətbuatdan tez-tez oxuyuruq. Bir sözlə, bu xəbərləri eşitməyə artıq alışmışıq.


Son iki hadisə AZAL-ın həyata keçirdiyi çarter reyslərində baş verib. Çarter reysi ən bahalı və ən təhlükəsiz uçuş hesab olunur. Amma bir ay ərzində iki dəfə problemin ortaya çıxması AZAL-ın təhlükəsizliyə hansı formada önəm verməsinin göstəricisidir. 


Bir ay ərzində iki fərqli təyyarədə nasazlığın ortaya çıxması göstərir ki, şirkət üçün insan həyatının heç bir əhəmiyyəti qalmayıb. Hər zaman pilotlarının peşəkarlığı ilə öyündüyümüz şirkət indi sadəcə qiymətləri dağın başına qaldırmaqla işini bitmiş hesab edir. Sadəcə, pulu alıb bileti satmaqla iş bitmir. Pulunu aldığı sərnişini mənzil başına sağ-salamat çatdırmaq hər bir aviaşirkət kimi AZAL-ın da borcudur. Təəssüf ki, bu amil şirkət rəhbərliyinin yadına düşmür. Dünyanın ən bahalı bilet satışı həyata keçirən aviaşirkətlərindən biri olan AZAL sadəcə öz büdcəsini, kimlərinsə qazancını düşünür, insanların mənzil başına çatıb-çatmayacağı isə onları az maraqlandırır.


Son hadisələr göstərir ki, bundan sonra xaricə çıxmaq istəyənlər bilet almaq üçün AZAL-a müraciət edəndə iki dəfə düşünməli olacaq. Təbii ki, bu sözləri yazmaq, bir Azərbaycan şirkətini tənqid etmək bizim üçün də xoş deyil. Bir halda bu şirkətin qazancları hesabına dövlət büdcəsinin bir hissəsi formalaşırsa, onun fəaliyyətinə dəstək olmaq hər birimizin borcudur. Amma insan həyatı hər şeydən - puldan da, işdən də daha dəyərlidir. Hər kəs bunu bilməli və işini ona uyğun qurmalıdır. 


Təyyarə qəzaları bu günədək milyonlarla insanın həyatına son qoyub. Bu dəhşəti yaşamamaq üçün hər birimiz işimizi ehtiyatlı tutmalı, insan həyatına, təhlükəsizliyə önəm verməyən aviaşirkətlərdən uzaq durmalıyıq. Həyatımız üçün heç bir məsuliyyət hissi keçirməyənlər, yalnız cibimizi güdənlər də bir az daha məsuliyyətli olmalıdırlar.


AZAL rəhbərliyi isə anternativsiz olmadıqlarını unutmamalıdır. Azərbaycandan uçuş həyata keçirən kifayət qədər xarici aviaşirkət var. Daha rahat, daha təhlükəsiz, həm də daha ucuz... Məşədi İbad demişkən, "o olmasın, bu olsun!".


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-thluksizliyimiz-ucun-azal-thluksi-t54157.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR