Müəllimlərin diaqnostik qiymətləndirilməsinin keçirilmə vaxtı açıqlanıb

Müəllimlərin diaqnostik qiymətləndirilməsinin keçirilmə vaxtı açıqlanıb
12:37 15 Noyabr 2016
565 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 15 noyabr. REPORT.AZ/ Müəllimlərin diaqnostik qiymətləndirilməsinin keçirilmə vaxtı açıqlanıb.
"Report" xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdir müavini Eşqi Bağırov nazirlikdə müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi ilə bağlı keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ilk diaqnostik qiymətləndirmə noyabrın 21-23-də Quba Olimpiya İdman Komleksində təşkil olunacaq: "Üç gün ərzində keçiriləcək imtahanlarda Qusar, Quba, Şabran, Siyəzən və Xızı rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılacaq".
Müdir müavini deyib ki, Qobustan, İsmayıllı, Şamaxı rayonlarında çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi noyabrın 27-28-də Şamaxıda, Şəmkir, Gədəbəy, Samux, Daşkəsən və Göygöl rayonları üzrə dekabrın 2-4-də Göygöldə, Ağsu, Kürdəmir, Ucar, Ağcabədi və Zərdab rayonları üzrə dekabrın 8-10-da Kürdəmirdə, Biləsuvar, Salyan və Neftçala rayonları üzrə dekabrın 14-15-də Salyanda, Lənkəran şəhəri, Astara, Yardımlı və Lerik rayonları üzrə dekabrın 19-24-də Lənkəranda keçiriləcək: "Şuşa rayonunun ümumi təhsil müəssisələrinin müəllimləri dekabrın 25-dən sonra Bakı şəhərində imtahan verəcəklər. Şuşanın digər rayonlarda olan ümumi təhsil müəssisələrinin müəllimləri isə diaqnostik qiymətləndirmənin keçirildiyi yaxın rayonlarda imtahanlara cəlb ediləcəklər. 2015-ci ildə diaqnostik qiymətləndirmənin keçirildiyi rayon və şəhərlərdə çalışan, müxtəlif səbəblərdən qiymətləndirmədə iştirak edə bilməyən və ya işə yeni qəbul edilən müəllimlər üçün də qiymətləndirmədə iştirak etmək məqsədilə şərait yaradılacaq. Xaçmaz rayonu üzrə diaqnostik qiymətləndirmədə iştirak edə bilməyən müəllimlər Qubada, Gəncə şəhəri üzrə müəllimlər Göygöldə, İmişli rayonu üzrə müəllimlər Kürdəmirdə, Sabirabad, Saatlı, Hacıqabul rayonları və Şirvan şəhəri üzrə müəllimlər Salyanda, Masallı və Cəlilabad rayonları üzrə müəllimlər Lənkəranda, Abşeron, Qubadlı rayonları və Sumqayıt şəhəri üzrə müəllimlər isə Bakı şəhərində keçiriləcək imtahanlara cəlb ediləcəklər".
E.Bağırov vurğulayıb ki, diaqnostik qiymətləndirmədə iştirak edəcək müəllimlər dq.edu.az saytına daxil olmaqla bu barədə ətraflı məlumat ala bilərlər: "Hər bir namizədin şəxsi səhifəsində diaqnostik qiymətləndirmənin keçirilmə tarixi və vaxtı ilə bağlı məlumat yerləşdiriləcək. Eyni zamanda, həmin saytda diaqnostik qiymətləndirmənin elektron qaydada kompüter vasitəsilə keçirilməsi və hər bir müəllimin imtahana qədər kompüterdən istifadə verdişlərinin inkişaf etdirilməsi məqsədilə “Simulyativ test” bölməsi yaradılıb. Diaqnostik qiymətləndirmədə qeyd olunan rayonların dövlət ümumi təhsil müəssisələrində müddətsiz və müddətli müqaviləylə çalışan müəllimlərlə yanaşı, gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri iştirak edəcəklər. Diaqnostik qiymətləndirmənin nəticələrinə əsasən, müəllimlərin bilik və bacarıq səviyyələri müəyyənləşdiriləcək, onların dərs yükü norması və əməkhaqqı artırılmaqla maddi rifahı yaxşılaşdırılacaq. Həmçinin həmin müəllimlər inkişafyönümlü təlimlərə cəlb ediləcəklər".

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/muellimlerin-diaqnostik-qiymetlendirilmesinin-kecirilme-vaxti-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR