Müəllimlərin maaşı 40% artacaq

Müəllimlərin maaşı 40% artacaq
14:08 15 Noyabr 2016
2188 Ölkə
Ölkə mətbuatı
A- A+

Müəllimlərin ilk diaqnostik qiymətləndirmə imtahanı noyabrın 21-23–də Quba Olimpiya İdman Komleksində təşkil olunacaq.

3 gün ərzində keçiriləcək imtahanlarda Qusar, Quba, Şabran, Siyəzən və Xızı rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılacaq.

Təhsil Nazirliyindən Publika.az-a verilən məlumata görə, Qobustan, İsmayıllı, Şamaxı rayonlarında çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi 27-28 noyabr tarixlərində Şamaxıda, Şəmkir, Gədəbəy, Samux, Daşkəsən və Göygöl rayonları üzrə 2-4 dekabr tarixlərində Göygöldə, Ağsu, Kürdəmir, Ucar, Ağcabədi və Zərdab rayonları üzrə 8-10 dekabr tarixlərində Kürdəmirdə, Biləsuvar, Salyan və Neftçala rayonları üzrə 14-15 dekabr tarixlərində Salyanda, Lənkəran şəhəri, Astara, Yardımlı və Lerik rayonları üzrə 19-24 dekabr tarixlərində Lənkəranda keçiriləcək. Şuşa rayonunun ümumi təhsil müəssisələrinin müəllimləri dekabr ayının 25-dən sonra Bakı şəhərində imtahan verəcəklər. Şuşanın digər rayonlarda olan ümumi təhsil müəssisələrinin müəllimləri isə diaqnostik qiymətləndirmənin keçirildiyi yaxın rayonlarda imtahanlara cəlb ediləcəklər.

2015-ci ildə diaqnostik qiymətləndirmənin keçirildiyi rayon və şəhərlərdə çalışan, müxtəlif səbəblərdən qiymətləndirmədə iştirak edə bilməyən və ya işə yeni qəbul edilən müəllimlər üçün də qiymətləndirmədə iştirak etmək məqsədilə şərait yaradılacaq. Xaçmaz rayonu üzrə diaqnostik qiymətləndirmədə iştirak edə bilməyən müəllimlər Qubada, Gəncə şəhəri üzrə müəllimlər Göygöldə, İmişli rayonu üzrə müəllimlər Kürdəmirdə, Sabirabad, Saatlı, Hacıqabul rayonları və Şirvan şəhəri üzrə müəllimlər Salyanda, Masallı və Cəlilabad rayonları üzrə müəllimlər Lənkəranda, Abşeron, Qubadlı rayonları və Sumqayıt şəhəri üzrə müəllimlər Bakı şəhərində keçiriləcək imtahanlara cəlb ediləcəklər.

Diaqnostik qiymətləndirmədə iştirak edəcək müəllimlər dq.edu.az saytına daxil olmaqla bu barədə ətraflı məlumat ala bilərlər. Dövlət ümumtəhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilən müəllimlərin ümumi əmək haqqında 40 faizə yaxın artım müşahidə olunacaq. Yanvarın birindən etibarən imtahandan keçən müəllimlərin maaşı artım ilə hesablanacaq. Diaqnostik qiymətləndirmədə qeyd olunan rayonların dövlət ümumi təhsil müəssisələrində müddətsiz və müddətli müqavilə ilə çalışan müəllimlərlə yanaşı, gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri iştirak edəcəklər.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/176012.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR