Polkovnik Ramaldanov: Sonra deməsinlər ki, niyə belə oldu...

Polkovnik Ramaldanov: Sonra deməsinlər ki, niyə belə oldu...
15:12 15 Noyabr 2016
268 Ölkə
Ölkə mətbuatı
A- A+

Son zamanlar ali baş komandan İlham Əliyevin leksikonunda müəyyən dəyişikliklər var. Belə ki, onun düşmənə ünvanladığı ismarıclarının sayı çoxalır, onların arasındakı vaxt intervalı isə azalır. Ermənistana ünvanlanan əsas ismarıc isə budur ki, əgər siz işğal etdiyiniz torpaqlardan öz xoşunuzla çıxmasanız, biz məcbur olacağıq ki, sizi oradan silah gücünə qovaq. Özü də bu ismarıclar təkcə Ermənistan rəhbərliyinə yox, erməni xalqına, erməni analarına da ünvanlanıb. Yəni oğullarınızın ölümünü istəmirsizsə, işğal olunmuş torpaqlara göndərməyin. Xatırlayırsızsa, prezident demişdi ki, axı erməni əsgərinin Azərbaycan ərazisində nə işi var ki, gəlib burada həlak olsun?!

Bunu Milli.Az-a açıqlamasında hərbi-siyasi məsələlər üzrə ekspert, ehtiyatda olan tanınmış polkovnik Şair Ramaldanov prezident İlham Əliyevin cəbhə bölgəsinə son səfəri zamanı səsləndirdiyi fikirlərin əhəmiyyətini şərh edərkən bildirib.

Onun sözlərinə görə, artıq Azərbaycan Ordusunun öz sözünü demək vaxtı gəlib çatıb:

"Dövlət başçısının Lələtəpədə səsləndirdiyi ismarıclar erməni tərəfinə həmişə istər danışıqlarda, istər onun digər çıxışlarında, istər əhali və hərbçilərlə görüşlərdə ünvanlanıb. Mən də inanıram ki, lələtəpələr hələ çox olacaq. Çünki ötən müddətdə aparılan bütün danışıqlar və gözləntilər göstərir ki, erməni tərəfi torpaqlarımızı öz xoşuna nə azad edəcək, nə də edə biləcək, çünki onların havadarları buna imkan verməyəcəklər. Ermənistan başqa dövlətlərdən asılı vəziyyətdədir. O, Azərbaycan kimi sərbəst qərarlar qəbul edə bilmir. Məhz buna görədir ki, danışıqlar hansısa mərhələyə çatan kimi ermənilər dərhal bir addım irəli, sonra iki addım geri atırlar.

Mən inanmıram ki, Ermənistan ictimaiyyəti başa düşməsin ki, onlar Azərbaycan torpaqlarının bir hissəsini işğal ediblər. Onlar çox gözəl anlayırlar ki, ikinci erməni dövləti yarada bilməyəcəklər. Bilirlər ki, Azərbaycan torpaqlarını yad əllərdə saxlamayacaq. Artıq vaxt gəlib çatıb ki, Azərbaycan sözdən fəaliyyətə keçsin. Hərbi oyunlar və ali baş komandanın ismarıcları da onu göstərir ki, artıq səbrimiz tükənmək üzrədir. Ya Ermənistan dövləti müdrik qərar qəbul edərək ordusunu Azərbaycan torpaqlarından geri çəkib öz xalqını, gənc əsgərlərini məhv olmaqdan xilas edəcək, ondan sonra o da müəyyən iqtisadi layihələrdə iştirak edəcək, bir dövlət kimi inkişaf edəcək və xalqının rifahını yüksəldəcək. Ya da ki, ordusunu, xalqını, dövlətini məhvə düçar edəcək. Prezidentin ismarıcının daha bir mənası odur ki, Ermənistan dövləti, xalqı, cəmiyyəti Azərbaycandan gələn bu səsə bir daha diqqətli olsunlar və onları hansı fəlakət gözlədiklərini, qazılan səngərlərin onlara məzar olacağını anlasınlar. Sonra deməsinlər ki, niyə belə oldu?"

Polkovnikin fikrincə, qısa müddətdə böyük inkişaf yolu keçmiş Azərbaycan Ordusu artıq yeni bir mərhələyə qədəm qoyur: "Biz ali baş komandanı cəbhə bölgəsində hərbi geyimdə ilk dəfə deyil, görürük. Prezident İlham Əliyev Qarabağ probleminin həlli üçün bütün mümkün vasitələrdən istifadə edir, eyni zamanda getdikcə Silahlı Qüvvələrə daha çox diqqət yetirir. Bir müddət əvvəl əsas diqqət silah, sursat və s. ilə təminata yönəldilmişdisə, indi isə ordunun şəxsi heyəti yüksək döyüş hazırlığı keçərək peşəkarlıq səviyyəsinə yüksəlib. Təsadüfi deyil ki, artıq Azərbaycan Ordusu ən güclülərdən biri hesab edilir.

Bilirsiz ki, Azərbaycanda peşəkar ordunun təşkilinə doğru addımlar atılır, əsas diqqət müddətdən artıq xidmət edən hərbi qulluqçulara yönəlib. Əgər Sovet dövründən bəri orduda əsas ixtisasçılar - tankçılar, artilleriyaçılar, rabitəçilər və s. adi əsgərlər idisə, indi artıq müddətdən artıq xidmət edən peşəkar hərbçilərdir. Silahlandırma sahəsində də ali baş komandanın birbaşa diqqəti nəticəsində Azərbaycan Ordusu ən müasir hərbi texnika, silah-sursatla, məsələn, artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri və s. ilə təmin olunub.

Hazırda isə ali baş komandanın rəhbərliyi ilə Azərbaycanda Silahlı Qüvvələrin irimiqyaslı təlimləri, başqa sözlə, hərbi oyunlar keçirilir. Onlar ilk növbədə Azərbaycan torpaqlarının işğaldan azad edilməsi məqsədilə təşkil edilir. Burada müəyyən variantlar, ssenarilər oynanılır, bəzi məsələlər uzlaşdırılır, əlaqələndirilir və s. tədbirlər görülür. Bu, artıq yeni bir mərhələdir".

İlkin İzzət

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/489616.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR